İranda qərarları kim verir? - TƏHLİL
İran İslam Respublikasında verilən bütün qərarlar Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. İran Konstitusiyasının 176-cı maddəsinə əsasən, bu şuranın vəzifələri aşağıdakılardır:
• İranın Ali Lideri tərəfindən müəyyən edilmiş ümumi siyasət çərçivəsində ölkənin müdafiə və təhlükəsizlik siyasətinin müəyyən edilməsi.
• Ümumi müdafiə və təhlükəsizlik tədbirləri kontekstində siyasi, informasiya, sosial, mədəni və iqtisadi fəaliyyətlərin əlaqələndirilməsi.
• Daxili və xarici təhdidlərə qarşı mübarizə aparmaq üçün ölkənin maddi və mənəvi resurslarından istifadə edilməsi.
Bu, son dərəcə ümumiləşdirilmiş üç bənd İranın sosial, siyasi və mədəni həyatının bütün sferalarını əhatə edir. Bir vətəndaşın ayağına geyindiyi başmaqdan tutmuş, oxuyacağı kitaba qədər, mollaların başına qoyacağı əmmaməyə qədər bütün mövzular bu üç bənddə ifadə olunur.

Formal olaraq Şuranın sədri Prezidentdir. Şuranın katibi prezidentin fərmanı ilə təyin olunur və Katibliyin idarə olunmasına, Şuranın qərar və qətnamələrinin düzgün icrasına, eləcə də Şuranın inzibati və icra işlərinə nəzarət etməyə cavabdehdir. Katibin səsvermə hüququ olmasa da, əksər hallarda, İran İslam Respublikasının lideri (rəhbər) onu eyni zamanda Şurada özünün nümayəndəsi olaraq təyin edir və beləliklə, o, səsvermə hüququna malik olur.
Ali Milli Təhlükəsizlik Şurası, müharibə zamanı prezident və baş nazirin, yüksək rütbəli hərbi komandirlərin və dövlətin müdafiə məsələləri üzrə mühüm hökumət qərarları qəbul etmək üçün iki rəhbərlik müşavirinin iştirakı ilə yaradılmış Ali Müdafiə Şurasının davamı hesab edilə bilər. 1989-cu ildə 176-cı maddəyə düzəliş daxil olmaqla konstitusiya düzəlişi ilə Ali Müdafiə Şurası yerini Ali Milli Təhlükəsizlik Şurasına verdi.
Şuranın tərkibi müxtəlif zamanlarda dəyişikliklərə uğradı. 1989-cu ilin avqustunda Seyid Ruhullah Xomeyninin ölümündən və Seyid Əli Xameneyinin İran İslam Respublikasının lideri seçilməsindən sonra yenidən işlənmiş konstitusiya ilə bağlı referendumdan üç ay sonra Şura, Ruhullah Xomeyninin hakimiyyəti dövründə dövlət başçılarının görüşlərində həmişə iştirak edən Seyid Əhməd Xomeyni ilə birlikdə Üçüncü Parlamentin Müdafiə Komissiyasının o vaxtkı rəhbəri Həsən Ruhanini üç illik müddətə Ali Milli Təhlükəsizlik Şurasında nümayəndələri seçdi. Eyni zamanda, o vaxtkı prezident Əkbər Haşimi Rəfsəncani Həsən Ruhanini Şuranın katibi, inzibati və icra işlərindən məsul təyin etdi. 2 iyun 2017-ci ildə, yeddinci prezident seçkilərindən sonra Seyid Məhəmməd Hatəmi bu vəzifəyə seçildi və səkkiz il əvvəl etdiyi kimi, o vaxtkı Nateq Nurinin Beşinci Məclisdəki müavini Həsən Ruhanini Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin etdi. Bu dövrdə Ruhani və Laricani şurada rəhbərliyi təmsil etməyə davam etdilər.
Doqquzuncu prezident seçkilərinin nəticələrinin elan edilməsindən və Mahmud Əhmədinejadın hakimiyyətə gəlməsindən sonra aşkar və proqnozlaşdırıla bilən dəyişikliklərdən biri Ali Milli Təhlükəsizlik Şurasının katibi üçün vəzifə bölgüsü idi. Son iki ildə Ruhaniyə də həvalə edilmiş bu vəzifələr nüvə danışıqlarındakı roluna görə əsasən tənqid olunmuşdu. Əhmədinejadın 20 avqust 2005-ci il tarixli prezident fərmanından, Ruhaninin vida mərasimindən və Əli Laricaninin Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilməsindən bir neçə gün sonra Ruhani yalnız İran İslam Respublikası liderinin şuradakı nümayəndəsi oldu, Laricani isə onun nümayəndəliyini öz üzərinə götürməklə yanaşı, nüvə danışıqlarına rəhbərlik etməli olan katibin vəzifələrini də öz üzərinə götürdü.
Bundan əlavə, bu dövrdə İranın nüvə məsəlləri üzrə danışıqları İdarə Heyətindən alaraq Təhlükəsizlik Şurasına verilməsindən sonra ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Fransa və Almaniyadan ibarət "P5+1" qrupu yaradıldı və bu sahədə yeni bir səhifə başladı. Bu müddət ərzində Laricani ilə Əhmədinejad arasında fikir ayrılıqları o dərəcədə kəskinləşdi ki, o vaxtkı prezident onun istefasını qəbul etdi və bir müddət Xarici İşlər Nazirliyində də çalışmış Səid Cəlilini 2007-ci ilin oktyabrında Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin etdi.
Cəlilinin vəzifədə olduğu dövrdə İranın P5+1 qrupu ilə nüvə danışıqları başladı və 19 iyul 2008-ci ildə o, ilk dəfə Cenevrə Konfransında Xavyer Solana və altı ölkənin nümayəndələri ilə görüşdü. Digər tərəfdən, 2007-ci ildə 8-ci Məclisə seçkilər zamanı Qum seçki dairəsindən qalib gələn Əli Laricani növbəti ilin iyun ayında Məclisin sədri vəzifəsini icra etməyə başladı. Laricani faktiki olaraq həm qanunvericilik orqanının rəhbəri, həm də hüquqi şəxs kimi Ali Milli Təhlükəsizlik Şurasına qoşuldu və bununla da Rəhbərin şuradakı nümayəndələri üçün iki yerdən birini boş qoydu. 28 iyul 2008-ci ildə Rəhbər Şuranın katibi vəzifəsində doqquz ay işlədikdən sonra Səid Cəlilini Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi təyin etdi. 2009-cu il prezident seçkilərindən sonra Cəlili Əhmədinejadın təsdiqi ilə 11-ci prezident seçkilərinə qədər şuranın katibliyinə rəhbərlik etdi və bu müddət ərzində Səid Cəlili 11-ci hökumətin prezidenti kimi şansını sınamağı düşünməyə başladı.

Ali Milli Təhlükəsizlik Şurasının sədri formal olaraq prezidentdir. Şuranın tərkibinə İslam Şurası Məclisinin sədri M.Qalibaf də daxildir və beynəlxalq əməkdaşlıqda etdiyi canfəşanlıq bununla əlaqədardır.
İslam Şurası Məclisinin sədri birbaşa İslam Şurası Məclisinin nümayəndələri tərəfindən bir illik müddətə seçilir və İslam Şurası Məclisinin daxili qaydalarına əsasən, yenidən seçilməyə heç bir qanuni qadağa yoxdur. Nümayəndələr Palatasının sədri həmçinin Palatanın Rəyasət Heyətinin sədri vəzifəsini də yerinə yetirir. Nümayəndələr Palatasının sədri Palatanın inzibati idarəçiliyinə cavabdehdir və onun olmadığı müddətdə bu vəzifəni müvafiq olaraq Birinci Sədr müavini və İkinci Sədr müavini tutur. İslam Şurası Məclisinin ilk sədri Əkbər Haşimi Rəfsəncani idi və ondan sonra Mehdi Kərrubi, Əli Əkbər Nateq Nuri, Mehdi Kərrubi, Qulam Əli Həddad Adel, Əli Laricani və Məhəmməd Bağır Qalibaf bu vəzifəyə seçildilər.

Şuranın tərkibinə Məhkəmə Hakimiyyətinin rəhbəri Gholamhossein Mohseni Edjei də daxildir. Bu şəxs molladır və adi başkəsən cəlladdır. İran ictimai fikrində daima rəhbərdən edamların sayının artırılmasını xahiş edən şəxs olaraq yer alıb. Şuranın üzvü olsa da böyük qərarlar almaqda heç bir səlahiyyəti yoxdur.

Şuranın tərkibinə Daxili İşlər Naziri daxildir və bu əsas güc nazirliklərindən biridir. Otuz il əvvəl daxili işlər naziri ölkə siyasətində əhəmiyyətli rol oynaya bilməzdi. Keçən illər ərzində SEPAH-ın zabitləri tədricən daxili işlər nazirliyinə transfer olmağa başladılar və nazirliyin strukturlarında mühüm yerləri tutdular. Bu proses Müdafiə Nazirliyi strukturlarında da baş verdi. Nəticədə Müdafiə Nazirliyi və DİN SEPAH-ın alt qurumları olaraq fəaliyyət göstərməyə başladılar.

Xarici işlər naziri Şuranın tərkibinə daxil olsa da heç bir qərar vermək gücünə malik deyil. Vəzifəsi ancaq Şura üzvlərinə hesabat vermək və Şura üzvlərinin “yekə-yekə” iddialarına cavab vermək, tənqidlərinə qulaq asmaqdır. Qeyd edək ki, hazırki xarici işlər naziri Seyid Abbas Araqçı da SEPAH-ın zabiti olmuş və polkovnik dərəcəsinə qədər çatmışdı.

Milli Planlaşdırma və Büdcə Təşkilatının rəhbəri ölkənin böyük maliyyə resurslarına rəhbərlik etdiyi üçün Şuranın tərkibinə daxidir və yalnız icraçı olaraq Şura iclaslarında iştirak edir. Hal-hazırda Seyid Həmid Purməhəmmədi bu vəzifəni tutur. Diqqəti cəlb edir ki, İran aristokratiyası başdan-başa seyid olduğu halda bu Məsud Pezeşkiyanın nə cür prezident ola bilməsi çox sayda suallar yaradır.

Ordunun Baş Komandanı Şuraya əsas qüvvənin təmsilçisi kimi daxil olur və Şurada vəzifəsi rəhbərin mövqeyini dəstəkləmək, hakimiyyətin kimin əlində olduğunu ifadə etməkdir. Bu vəzifəni əsasən SEPAH-da özünü doğrultmuş yüksək dərəcəli zabitlər yalnız rəhbər tərəfindən təyin edilir.

Şuranın tərkibində Ali Rəhbərin nümayəndəsi Səid Cəlili əsas şəxsdir. Əyər bu şəxs desə "yox", deməli "yox"dur. Müzakirə və müxalifət etməyin bir mənası yoxdur. Lakin rəhbərin ölümündən sonra özünün əsas şəxs olmaq rolunu yaxşı oynaya bilmir. Kim də olmasa Şura üzvləri rəhbərin sağ olmadığını bilirlər. Əgər rol oynamaq lazım gələrsə bu rolu birlikdə oymanaq lazım gələcək.

Məhəmməd Bağır Zulqədr (1955) İslam İnqilabı Keşikçiləri Korpusunun fundamentalist siyasətçisi və briqada generalıdır və 2026-cı ildən Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. O, həmçinin məhkəmə başçısının müşaviri, katib və Məqsədyönlülük Şurasının fəal üzvü vəzifələrində də çalışıb. İranda daxili və xarici terror əməliyyatlarına rəhbərlik edən bu şəxs də rəhbərin mövqeyini dəstəkləməlidir. O zaman ki, “rəhbər sağdır və bir başa tapşırıqlar verir”. Hal-hazırda sələfləri kimi ABŞ təyyarələri və uçan raketlərin bir nömrəli hədəfidir.
O, 1979-cu il inqilabından əvvəlki illərdə İranın cənubunda, xüsusən də Xuzistan əyalətində Pəhləvi hökumətinə qarşı silahlı əməliyyatlar həyata keçirən "Mənsurun" silahlı qrupunun erkən yaşlarında üzvü idi. Zülqədr bu qrup tərəfindən həyata keçirilən bir neçə sui-qəsd əməliyyatında özünün iştirakından bəhs etmişdir. Məsələn, Kəşfiyyat Nazirliyinin Siyasət Araşdırmaları və Elmi Tədqiqatlar İnstitutunun Rüblük Tarixi Araşdırmalar Jurnalında dərc olunmuş "Mənsurun: Quruluşdan Koalisiyaya" adlı məqalədə Mənsurun qrupu tərəfindən həyata keçirilən sui-qəsd əməliyyatı üçün dini icazənin alınması barədə danışmışdır: "Dini icazə aldıqdan sonra iki qardaşımla birlikdə Behbəhana getdim və Behbəhan polis bölməsinin qarşısında onlara [iki polisə] 15 dəfə atəş açdım və hər ikisini cəhənnəmə göndərdim."
İranın Yayım Təşkilatının rəhbəri də zəruri koordinasiya üçün Şura iclaslarında iştirak edir, lakin Şuranın əsas üzvü deyil və səsvermə hüququ yoxdur. Diqqəti cəlb edir ki, bu qurum Prezidentə də tabe deyil, rəhbər də ölüb və tapşırıqları özü-özünə verir. Təşkilatın özünə xas dövlətçilik və təhlükəsislik anlayışına malikdir.
İranda Ali Milli Təhlükəsizlik Şurası, Müdafiə Şurası və Milli Təhlükəsizlik Şurası kimi bir sıra alt şuraları yaradılır və fəaliyyət göstərir. Bu alt şuralar və komissiyalar da müstəqil heç bir səlahiyyətə malik deyillər.
19:00 13.07.2026
Oxunuş sayı: 119