1991-ci il 3 sentyabr: Naxçıvandan başlanan Qurtuluş yolu
Bu gün Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən birinin 35-ci ildönümüdür. 1991-ci il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. Bu hadisə təkcə Naxçıvan üçün deyil, bütövlükdə müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoyan, milli qurtuluşa gedən yolun başlanğıcı olmuşdur.
Ağır vəziyyət və xalqın tələbi
1990-cı illərin əvvəlləri Azərbaycan və Naxçıvan üçün son dərəcə mürəkkəb dövr idi. Sovet İttifaqı dağılmaq ərəfəsində idi, Qarabağ müharibəsi davam edirdi, Ermənistanın blokadası Naxçıvanı demək olar ki, tam təcrid etmişdi. Dəmir yolu işləmirdi, elektrik enerjisi və qaz təchizatı kəsilmişdi, sənaye müəssisələri dayanmışdı, kənd təsərrüfatı məhsulları kəskin azalmışdı. 1989-1991-ci illərdə sənaye istehsalı təxminən 26,6 faiz, kənd təsərrüfatı məhsulu 25,5 faiz, heyvandarlıq isə 34 faiz azalmışdı. Əhali ağır sosial çətinliklərlə üzləşirdi: yanacaq çatışmazlığı, ərzaq qıtlığı, qış aylarında soyuq. Meşələrin böyük hissəsi yanacaq üçün kəsilirdi. Eyni zamanda, erməni silahlı qüvvələrinin hücum təhlükəsi real idi.
Belə şəraitdə xalq yeganə çıxış yolunu təcrübəli dövlət xadimi Heydər Əliyevdə görürdü. 1990-cı il iyulun 22-də Naxçıvana qayıdan Heydər Əliyev artıq həmin ilin sentyabrında həm Azərbaycan, həm də Naxçıvan parlamentinə deputat seçilmişdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ilk sessiyası onun sədrliyi ilə açılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edilmişdi. Bu, milli dövlətçilik rəmzlərinin bərpası istiqamətində mühüm addım idi.
1991-ci il avqustunda Moskvadakı “QKÇP” çevrilişindən sonra vəziyyət daha da kəskinləşdi. Sentyabrın 2-də Naxçıvanda on minlərlə insanın iştirak etdiyi mitinqlər keçirildi. Xalq Heydər Əliyevin Ali Məclisin sədri seçilməsini tələb edirdi. Sentyabrın 3-də keçirilən fövqəladə sessiyada deputatların və binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə məsələ gündəliyə daxil edildi. Heydər Əliyev bir neçə dəfə namizədliyini geri götürsə də, sessiya iştirakçıları (75 deputatdan 70-i lehinə səs verməklə) onu yekdilliklə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçdi.
Naxçıvanın xilası və islahatlar
Heydər Əliyevin rəhbərliyi dövründə Naxçıvan ağır blokada şəraitində sabitlik və həmrəylik əldə etdi. Kommunist Partiyasının və komsomolun fəaliyyəti dayandırıldı, strukturlar ləğv edildi. Sosial-iqtisadi böhranın aradan qaldırılması üçün konkret tədbirlər görüldü. Ali Məclisin sessiyalarında iqtisadi vəziyyət müzakirə olundu, azad iqtisadi zonaların yaradılması, sərhədboyu ticarətin inkişafı, zərərlə işləyən kolxoz və sovxozlarla bağlı qərarlar qəbul edildi. 1992-ci il aprelin 6-da qəbul edilən qərarlarla Azərbaycanda torpaq islahatına ilk dəfə məhz Naxçıvandan başlanıldı. Rentabelli təsərrüfatların mal-qarasının özəlləşdirilməsi istiqamətində addımlar atıldı.
Xarici əlaqələr bərpa olundu. 1992-ci ildə Türkiyə və İrana səfərlər həyata keçirildi, iqtisadi əməkdaşlıq protokolları imzalandı. Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Bu, blokadanın yumşaldılmasına və əhalinin həyat şəraitinin nisbətən yaxşılaşmasına şərait yaratdı. Diplomatiya vasitəsilə erməni silahlı qüvvələrinin Naxçıvana hücumlarının qarşısı alındı. Naxçıvan erməni təcavüzündən qorundu və muxtar respublika öz mövcudluğunu qoruyub saxladı.
Siyasi sahədə isə Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin sınaq meydanına çevrildi. Müstəqillik ideyaları burada daha qətiyyətlə irəli sürülür, milli rəmzlər bərpa olunur, demokratik idarəetmə prinsipləri tətbiq edilirdi. Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti onun siyasi nüfuzunu bütün Azərbaycan miqyasında daha da artırdı.
Qurtuluşa gedən yol Naxçıvandan başladı
Naxçıvandakı uğurlu idarəçilik Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıdışına zəmin yaratdı. 1993-cü ilin əvvəllərində ölkədə hakimiyyət böhranı dərinləşmişdi. Gəncə hadisələri, torpaq itkisi, daxili qarşıdurma Azərbaycanı parçalanma və müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq və siyasi dairələr yeganə ümid kimi Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdu. 1993-cü il iyunun 9-da o, Bakıya qayıtdı, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix Milli Qurtuluş Günü kimi tariximizə düşdü.
Beləliklə, 1991-ci il 3 sentyabr hadisəsi sadəcə bir vəzifəyə seçilmə deyildi. Bu, xalqın öz liderinə bəslədiyi etimadın, milli dövlətçilik iradəsinin və qurtuluş missiyasının başlanğıcı idi. Naxçıvan blokada və müharibə şəraitində yaşamağa məcbur qalsa da, Heydər Əliyevin rəhbərliyi ilə sabitlik, islahat və milli həmrəylik nümunəsi göstərdi. Məhz bu təcrübə və nüfuz 1993-cü ildə bütün Azərbaycanı xaosdan, anarxiyadan və məhv olmaq təhlükəsindən xilas etməyə imkan verdi.
Bu gün 35 il sonra bir daha təsdiqlənir ki, müstəqil Azərbaycanın qurtuluş yolu Naxçıvandan başlamışdır. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti dövlətçilik tariximizin şərəfli səhifəsidir və gələcək nəsillər üçün dərs olaraq qalır.
13:30 03.09.2026
Oxunuş sayı: 59