RENAC AG: Azərbaycan Almaniyanın enerji şirkətləri üçün prioritet bazara çevriləcək
Azərbaycan Almaniyanın Enerji Həlləri Təşəbbüsünün prioritet bazarları siyahısına daxil edilib.
Crossmedia.az xəbər verir ki, bunu Bərpa Olunan Enerji Akademiyasının (RENAC AG) beynəlxalq ticarətə dəstək şöbəsinin direktoru Lora Şarlax "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması həlləri" mövzusunda keçirilən vebinarda deyib.
Onun sözlərinə görə, təşkilat bu təşəbbüslə 20 ildən artıqdır ki, əməkdaşlıq edir və əsas məqsəd qabaqcıl enerji texnologiyaları vasitəsilə yeni bazarların öyrənilməsində Almaniyanın kiçik və orta müəssisələrinə dəstək göstərməkdir:
"Fəaliyyətimiz Kanadadan Sakit okeanda yerləşən adalara qədər geniş coğrafiyanı əhatə edir. Əsas missiyamız bir tərəfdən Almaniyanın kiçik və orta müəssisələrini dəstəkləmək, digər tərəfdən isə qlobal iqlim mühafizəsinə töhfə verməkdir. Layihə işə salındığı andan etibarən Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi tərəfindən maliyyələşdirilir. Fəaliyyət sahələrimiz enerji istehsalından "yaşıl hidrogen", geotermal texnologiyalar, enerji infrastrukturu və enerji səmərəliliyinin artırılmasına qədər geniş istiqamət diapazonunu əhatə edir. 2026-2027-ci illər üçün hədəf bazarları siyahısına həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri daxil edilib".
L.Şarlax əlavə edib ki, təşkilat 80-dən çox dövlətdə fəaliyyət göstərir və dünyanın müxtəlif regionlarında 150-yə yaxın layihə həyata keçirir:
"Biz həmçinin Şərqi Avropa, Mərkəzi Asiya və şübhəsiz ki, Azərbaycanda fəaliyyətə böyük əhəmiyyət veririk. Əvvəlki illərdə ticarət palatası ilə birlikdə Azərbaycana işgüzar səfərlər təşkil etmişik".
O xatırladıb ki, bu ilin dekabrında Almaniya infrastrukturun inkişafı, elektrik nəqliyyatı və bərpa olunan mənbələrdən enerjinin saxlanılması texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını öyrənmək üçün Bakıya biznes nümayəndə heyəti göndərməyi planlaşdırır.
12:42 03.09.2026
Oxunuş sayı: 40