Ağ Ev ABŞ kosmik şirkətlərinə təzyiq edir
Ağ Ev ABŞ kosmik şirkətlərinə sentyabrın 9-10-da Parisdə keçiriləcək kosmos sammitində iştirak etməmələri ilə bağlı təzyiq göstərir.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə ABŞ kosmik sənayesi və Konqresdəki nümayəndələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev nümayəndəsi “SpaceX”, “Stoke Space”, “K2 Space” və “Astra” şirkətləri ilə əlaqə saxlayaraq onların Parisdə keçiriləcək iki günlük sammitdə iştirakının Avropa İttifaqının siyasi mövqelərinə dolayı dəstək kimi qiymətləndirilə biləcəyini bildirib.
Fransanın paytaxtında keçiriləcək tədbirdə 120-dən çox ölkənin nümayəndəsinin iştirakı gözlənilir.
Mənbələrin sözlərinə görə, Ağ Ev nümayəndəsi Fransanı “rəqabətə zidd təcrübələrdə” ittiham edib. O, həmçinin sammitin hazırlanması prosesində Vaşinqtonla lazımi koordinasiyanın aparılmadığını bildirib.
Ağ Ev rəsmisi Çinin sammitdə iştirakından da narahatlığını ifadə edib.
Məlumat ABŞ administrasiyası ilə Avropa arasında kosmik sənaye və texnologiya sahəsində artan fikir ayrılıqları fonunda yayılıb. ABŞ Ağ Evi avqust ayında ölkənin kosmik nəqliyyat imkanlarının genişləndirilməsini nəzərdə tutan yeni siyasət sənədi də açıqlayıb.
12:45 03.09.2026
Oxunuş sayı: 48