Azərbaycan Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olunub
Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan” adlı qısametrajlı bədii filminin nümayişi keçirilib.
Crossmedia.az xəbər verir ki, ittifaqdan bildirilib ki, nümayişdən sonra filmin yaradıcı heyəti – rejissor Samir Kərimoğlu, operator İman İmanov, quruluşçu rəssam Səbuhi Atababayev və baş rolun ifaçısı Ramail Bayram moderatorun və tamaşaçıların suallarını cavablandırıblar.
Samir Kərimoğlu filmin yaranma tarixçəsindən, ideyanın formalaşmasından, aktyor seçimi prosesindən və ekran əsərinin vizual həlli ilə bağlı yaradıcı yanaşmadan danışıb. Quruluşçu rəssam Səbuhi Atababayev dekorasiyaların hazırlanması, detallara yanaşma, mistik janrın estetik imkanları və bu üslubun müharibə mövzusu ilə vəhdəti barədə fikirlərini bölüşüb. Operator İman İmanov filmdə atmosferin yaradılmasında operator işinin, xüsusilə işıq və kadr həllinin rolundan bəhs edib. Ramail Bayram isə obraza hazırlıq prosesi, qəhrəmanın psixoloji xüsusiyyətlərinin açılması və rejissorla yaradıcılıq əməkdaşlığı haqqında danışıb.
Qeyd edək ki, mistik janrda çəkilən “Torpağı sanı yaşayasan” filmi Birinci Qarabağ müharibəsi zamanı tibb işçisi Kamilin komandirini xilas etməsi və bu hadisənin 30 il sonra müasir dövrlə mistik əlaqə yaratması üzərində qurulan süjetdən bəhs edir. Film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə “Mozg Media Group” tərəfindən istehsal olunub. Ekran əsərinin prodüseri Zaur Mirzəzadədir.
Samir Kərimoğlu “Qanadlarıma sığal çək”, “Sirat körpüsü”, “Niyyət”, “Xoxan”, “Mən evə qayıdıram” və digər filmlərin rejissorudur. Hazırda o, ARKA-nın maliyyə dəstəyi ilə ərsəyə gələn “Sözün varsa, de” tammetrajlı bədii filmi üzərində çalışır.
18:45 10.07.2026
Oxunuş sayı: 49