Küçədə satılan rəngli sular zəhərdir
Yay aylarında paytaxt küçələrində və yol kənarlarında açıq şəkildə satılan, rəngbərəng görünüşü ilə xüsusilə uşaqların diqqətini çəkən sərin içkilər, kvaslar və limonadlar sağlamlıq üçün ciddi siqnaldır. İsti havalarda susuzluğu yatırmaq üçün müraciət edilən bu ucuz alternativlər, əksər hallarda birbaşa günəş şüalarının altında, toz-torpağın içində və heç bir gigiyenik norma gözlənilmədən istehlakçılara təklif olunur. Bu məhsulların hansı şəraitdə hazırlandığı, tərkibinə qatılan maddələrin mənşəyi və ən əsası, onları sərin saxlamaq üçün istifadə edilən buzların hansı sudan hazırlandığı böyük bir sual altındadır.
Məhz bu cür nəzarətsiz qidalanmanın yarada biləcəyi kütləvi zəhərlənmələr və infeksion təhlükələrlə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərov xəbərdarlıq edib:
"Yay aylarında küçələrdə, xüsusilə birbaşa günəş şüalarının altında və gigiyenik şəraitə əməl olunmadan satılan rəngli sular, limonadlar və digər sərinləşdirici içkilər qida təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər. Belə məhsulların necə hazırlandığı, hansı sudan istifadə edildiyi, tərkibindəki rəngləndirici və digər əlavələrin mənşəyi, eləcə də saxlanma temperaturu əksər hallarda məlum olmur. Yüksək temperatur içkilərin keyfiyyətinə mənfi təsir göstərir və mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Əgər içkinin hazırlanmasında istifadə olunan su və ya buz gigiyenik tələblərə uyğun deyilsə, bu, bağırsaq infeksiyaları, qida zəhərlənmələri və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Naməlum mənşəli buzlar da eyni riski daşıyır, çünki buz hazırlanarkən istifadə olunan suyun təhlükəsizliyi əsas şərtdir".

F.Səfərov həmçinin içkilərin tərkibindəki kimyəvi qatqılara və istehlakçıların diqqət etməli olduğu məqamlara toxunub: "Digər vacib məqam isə rəngləndirici maddələrdir. Qida məhsullarında yalnız istifadəsinə icazə verilmiş və normaya uyğun miqdarda tətbiq olunan qida boyalarından istifadə edilməlidir. Mənşəyi məlum olmayan və ya normadan artıq istifadə edilən rəngləndiricilər, xüsusilə həssas insanlarda və uşaqlarda allergik reaksiyalar, həzm sistemi pozğunluqları yaradır. İstehlakçılara tövsiyə olunur ki, mənşəyi məlum olmayan, açıq şəraitdə satılan və günəş altında uzun müddət saxlanılan içkilərdən uzaq dursunlar. Sərinləşdirici içki alarkən etiket məlumatlarına, istehsal və son istifadə tarixinə, qablaşdırmanın bütövlüyünə və məhsulun saxlanma şəraitinə diqqət yetirmək vacibdir. İsti havalarda susuzluğu etibarlı və təhlükəsiz şəkildə aradan qaldırmaq üçün ən düzgün seçim gigiyenik şəraitdə saxlanılan qablaşdırılmış sənaye içkiləri və adi içməli sudur".
Fatimə Cabbarlı
19:30 10.07.2026
Oxunuş sayı: 53