ÜST: Sudanda vəba epidemiyası daha da ağırlaşa bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda vəba epidemiyasının müharibə, əhalinin kütləvi köçü və yağış mövsümünün başlaması fonunda daha da ağırlaşa biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ÜST-ün məlumatına görə, iyunun 27-də elan edilən vəba epidemiyası nəticəsində indiyədək azı 114 nəfər ölüb, 1300-dən çox insan isə xəstəliyə yoluxub. Epidemiya xüsusilə Darfur və Kordofan bölgələrində sürətlə yayılır. Həmin ərazilərdə humanitar təşkilatların və tibb işçilərinin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb.
Sudanda ÜST nümayəndəsi Şible Sahbani bildirib ki, vəba yenidən yayılmağa başlayıb və ölüm göstəricisi 13,7 faizə çatıb. Onun sözlərinə görə, yağış mövsümünün başlaması vəziyyəti daha da ağırlaşdıra bilər.
ÜST vəbanın təmizlənməmiş içməli su və kanalizasiya sistemləri vasitəsilə sürətlə yayılan, ağır və potensial ölümcül bağırsaq infeksiyası olduğunu vurğulayıb.
Təşkilatın məlumatına əsasən, Sudan hazırda dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir. Ölkədə 33 milyondan çox insan humanitar yardıma, 21 milyon nəfər isə tibbi xidmətə ehtiyac duyur.
16:47 10.07.2026
Oxunuş sayı: 50