Almaniya polisində qalmaqal: Cinsi təcavüz və ağır iş şəraiti
Almaniya Federal Polisində cinsi qısnama halları və əməkdaşların ağır iş şəraiti ilə bağlı ciddi sistemli problemlər aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bundestaqın polis üzrə müvəkkili Uli Qreçin hesabatında bildirilib.
Hesabata görə, Federal Polisdə çalışan qadın əməkdaşlar mütəmadi olaraq həmkarları və rəhbərləri tərəfindən cinsi qısnamaya məruz qalırlar.
Bildirilir ki, zərərçəkənlərin şikayətlərinə çox vaxt təzyiqlə cavab verilir. Belə ki, bəzi hallarda qadın əməkdaşlara qarşı intizam icraatları başlanır, onların digər bölmələrə köçürülməsi ilə bağlı müraciətləri isə rədd edilir.
Uli Qreç qurbanların müdafiəsi üçün sadələşdirilmiş mexanizmin tətbiqini təklif edib. Onun fikrincə, araşdırmanın başlanması üçün zərərçəkənin ərizəsi kifayət etməlidir.
Hesabatda sərhəd məntəqələrində xidmət edən minlərlə polis əməkdaşının iş şəraitinin də qənaətbəxş olmadığı vurğulanır. Qeyd edilir ki, bir sıra postlarda hələ də müvəqqəti tualetlərdən istifadə olunur, əməkdaşlar ekstremal hava şəraitindən kifayət qədər qorunmur, növbə qrafikləri isə son anda dəyişdirilir.
Hesabat müəllifi mövcud vəziyyəti qəbuledilməz adlandıraraq, Federal Polisdə real islahatların aparılmasının zəruri olduğunu bildirib.
15:46 09.07.2026
Oxunuş sayı: 57