Gürcüstan Azərbaycanla sərhədə qədər yeni dördzolaqlı magistral yol tikəcək
Gürcüstan Azərbaycan və Ermənistanla sərhədləri birləşdirən avtomobil yollarını yeni dördzolaqlı magistrallarla əvəz etmək üçün beynəlxalq tender elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Məlumata görə, Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti layihə üzrə beynəlxalq tenderə start verib.
Ümumi dəyəri 250 milyon avro olan layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək.
Yeni magistrallar Rustavi şəhərindən başlayaraq Azərbaycan istiqamətində Qırmızı Körpü, Ermənistan istiqamətində isə Sadaxlı sərhəd-keçid məntəqələrinə qədər uzanacaq.
Hazırda Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirən yollar iki zolaqlıdır və əsasən sıx məskunlaşmış ərazilərdən keçir. Yeni magistralların daha yüksək buraxılış qabiliyyətinə malik olacağı və yaşayış məntəqələrini kənardan keçəcəyi bildirilir.
16:03 09.07.2026
Oxunuş sayı: 56