Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaniyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən orta əsrlər Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş biblioqrafik göstərici nəşr olunub.
Crossmedia.az xəbər verir ki, "Elm" nəşriyyatında çap olunan vəsaitə Möminə xatun türbəsinin bərpası və konservasiyası, görkəmli memarın abidəsinin ucaldılması, həmçinin yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamları, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı daxil edilib.
Vəsaitdə Əcəmi Naxçıvani haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, dövri mətbuatda və elmi məcmuələrdə dərc edilmiş məqalələr, dissertasiya və avtoreferatlar, həmçinin elektron resurslar toplanılıb. Bununla yanaşı, görkəmli şəxsiyyətlərin Əcəmi Naxçıvani haqqında söylədikləri fikirlər də nəşrdə öz əksini tapıb.
Kitabda vəsaitin elmi məsləhətçisi, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin "Azərbaycan memarlıq məktəbinin banisi və universal zəka sahibi" adlı məqaləsi də yer alıb.
Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığında yeni istiqamət formalaşdırmış, dövrün memarlıq üslubuna zəriflik və dinamiklik gətirmiş görkəmli sənətkardır. Onun fəaliyyəti dövlətçilik tariximizdə xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mühüm mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri olmuş Naxçıvan şəhəri ilə bağlıdır. Memarın yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin parlaq təzahürlərindən biri hesab olunur. Naxçıvandakı Möminə xatun türbəsi və Yusif ibn Küseyir türbəsi Əcəmi Naxçıvani dühasının məhsulu olmaqla İslam memarlığının şah əsərləri sırasında layiqli yer tutur.
Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi kitabxana əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır.
Biblioqrafik göstəricinin elektron versiyası ilə MEK-in rəsmi saytının "Elektron kitabxana" bölməsində tanış olmaq mümkündür.
15:46 09.07.2026
Oxunuş sayı: 63