Bakı ekoloji risklə üz-üzə - Ekoloq
Azərbaycanın paytaxtı və digər böyük şəhərləri sürətli tikinti bumu yaşayır. Bir tərəfdən yeni binalar, yollar və infrastruktur layihələri iqtisadi inkişafı stimullaşdırır, digər tərəfdən isə kütləvi ağac kəsilməsi, yaşıllıq sahələrinin azalması və betonlaşma şəhərləri getdikcə “boz şəhər”ə çevirir. Bu proses uzunmüddətli ekoloji problemlərə — hava çirklənməsinin artmasına, istilik adalarının yaranmasına, bioloji müxtəlifliyin itirilməsinə və sakinlərin sağlamlığına ciddi təsir göstərə bilər. Şəhərlərdə yaşıllıq miqdarı yetərli deyil. Beynəlxalq standartlara (Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlar) görə, hər bir şəhər sakini üçün minimum 9-10 kvadrat metr yaşıl sahə tövsiyə olunur. Bir çox inkişaf etmiş şəhərlərdə bu göstərici 20-50 kv.m-ə çatır. Bakı və digər iri şəhərlərimizdə isə sürətli urbanizasiya fonunda bu rəqəm xeyli aşağıdır və tendensiya mənfi istiqamətdə davam edir. Şəhərləşmə zəruridir, amma ekoloji tarazlıq olmadan davamlı inkişaf mümkün deyil. Ağacların kütləvi kəsilməsi və yaşıllıq zonalarının daralması yalnız estetik problem deyil, bu, iqlim dəyişikliyinə qarşı müqaviməti zəiflədir və şəhər sakinlərinin həyat keyfiyyətini aşağı salır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Bakı tarixən yaşıllıq baxımından əlverişli şəhər olmayıb: "1900-cü ildə bir alman səyyah yazırdı ki, üç ay Bakıda qaldığı müddətdə nə yağış yağıb, nə də şəhərdə yaşıllıq görüb. Ətraf əsasən qumsallıqdan ibarət idi və əsən külək hər yeri toz-dumana bürüyürdü. Bakıda yaşıllıq sahələri sonradan salınıb. Hətta bəzi hallarda digər bölgələrdən torpaq gətirilərək ağaclar əkilib, bağlar və parklar yaradılıb. Şəhərin coğrafi xüsusiyyətlərini nəzərə alsaq, burada yaşıllıq yaratmaq həmişə çətin olub. Hələ Çar Rusiyası dövründə də şəhər mərkəzində xüsusi olaraq yaşıllıq zolaqları salınırdı. Hazırda da Bakıda yaşıllıq sahələrinin payı yüksək deyil. Ümumi şəhər ərazisinin təxminən 5–6 faizi yaşıllıqla örtülüb. Bununla belə, əvvəlki dövrlərlə müqayisədə müəyyən artım müşahidə olunur".

Ekoloq qeyd edib ki, şəhərdə yaşıllıq sahələrinin daha çox olmasını və insanların rahatlığı üçün yeni parklar yaradılmasını əlbəttə ki istəyirik: "Lakin urbanizasiya prosesi nəticəsində son illərdə bəzi ərazilərdə ağaclar kəsilərək onların yerində binalar tikilib. Bu da mövcud yaşıllıq sahələrinin azalmasına səbəb olub. Düşünürəm ki, yaşıllıq ərazilərinin artırılması üçün yeni parkların salınmasına ehtiyac var və son dövrlərdə bu istiqamətdə müəyyən addımlar atılır. Eyni zamanda, sakinlər də yaşadıqları ərazilərdə ağacəkmə və yaşıllaşdırma işlərində fəal iştirak etməlidirlər. Mövcud göstəricilər kifayət deyil. Müqayisə üçün qeyd edim ki, Moskvada yaşıllıq sahələrinin payı təxminən 52 faiz, Skandinaviya ölkələrinin bəzi şəhərlərində isə 70–75 faiz təşkil edir. Avropanın bir çox şəhərlərində bu göstərici 40–50 faiz arasındadır. Bu onu göstərir ki, şəhərlərin yaşıllaşdırılması planlı şəkildə həyata keçirilməlidir. Bu istiqamətdə həm dövlət, həm də şəhər sakinləri birgə fəaliyyət göstərməlidirlər".
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş Planında yaşıllıq ərazilərinin mərhələli şəkildə artırılması, parkların, bağların və ictimai məkanların inkişaf etdirilməsi nəzərdə tutulur: "Son illərdə paytaxtda yeni yaşıllıq zonalarının salınması, mövcud park və bağların abadlaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir və bu işlər davam etdirilir. Baş Plana əsasən, yaşıllıq ərazilərinin təxminən 9 762 hektar artırılması, nəticədə şəhərin yaşıllıq səviyyəsinin 2040-cı ilədək təxminən 10%-ə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, sakinlərin ümumi istifadədə olan yaşıllıq sahələri ilə təminatının adambaşına 8 m²-ə çatdırılması qarşıya qoyulan əsas hədəflərdən biridir və bu, ekoloji cəhətdən dayanıqlı, rahat və sağlam şəhər mühitinin formalaşdırılmasına xidmət edir. Bakı şəhərinin yaşıllıq səviyyəsinə dair aktual rəsmi statistik göstəricilərlə bağlı məlumat üçün aidiyyəti səlahiyyətli dövlət qurumlarına müraciət etməyiniz tövsiyə olunur".
16:00 09.07.2026
Oxunuş sayı: 68