Erməni dilində tariximizin mühüm mənbələri var
Bakı Slavyan Universitetində 2026-2027-ci tədris ilindən erməni dilinin tədrisinə başlanılması planlaşdırılır. Bu addım həm erməni dilini bilən mütəxəssislərin hazırlanması, həm də tarixi mənbələrin araşdırılması baxımından əhəmiyyət daşıyır. Xüsusilə dilin sistemli şəkildə tədrisi gələcəkdə bu sahə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına imkan yarada bilər.
Mövzu ilə bağlı Azərbaycan Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas Qafar Çaxmaqlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Bakı Slavyan Universitetində erməni dilinin tədrisi ilə bağlı xəbərin olması məmnunluq doğurur: “Çünki bu, Azərbaycan dövlətinin strateji istiqamətlərindən biri olmalıdır. İndiyədək Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində də erməni dilinin tədrisi həyata keçirilib. Lakin əgər Bakı Slavyan Universitetində də yalnız ənənəvi şəkildə dil dərslərinin keçirilməsi nəzərdə tutulursa, bunun əhəmiyyəti o qədər də böyük olmayacaq. Əgər universitetdə erməni dili üzrə ayrıca kafedra yaradılarsa və burada tələbələr birinci kursdan sonuncu kursa qədər erməni dilini, onun qrammatikasını, fonetikasını, eləcə də ümumilikdə erməni dili və mədəniyyəti ilə bağlı məsələləri sistemli şəkildə öyrənərlərsə, bu, daha əhəmiyyətli addım olar. Çünki digər ölkələrdə də, o cümlədən mənim çalışdığım Türkiyədə, bu istiqamətdə kafedralar fəaliyyət göstərir və həmin bölmələrə qəbul olunan tələbələr dörd il ərzində bu sahəni geniş şəkildə öyrənirlər. Bu, iki baxımdan əhəmiyyətlidir. Erməni dilini bilmək, ilk növbədə, Azərbaycan dövləti üçün gələcəkdə bu sahədə çalışacaq peşəkar mütəxəssislərin hazırlanması baxımından vacibdir. İkincisi isə araşdırma aparacaq mütəxəssislərin yetişdirilməsidir”.

Q.Çaxmaqlı qeyd edib ki, bu istiqamət elmi tədqiqatlar baxımından da əhəmiyyətlidir: “Erməni dilində tariximiz üçün mühüm çoxsaylı mənbələr mövcuddur. Tarix boyunca Azərbaycan və regionla bağlı yazılmış mənbələrə birbaşa çıxış əldə etmək baxımından bu dili bilmək böyük əhəmiyyət daşıyır. Söhbət yalnız müasir erməni dilindən getmir. Qrabar dilindən başlayaraq, orta əsrlərdə yazılmış əsərlərin və digər tarixi mənbələrin araşdırılması yeni elmi yanaşmalar tələb edir.
Bu baxımdan, Bakı Slavyan Universitetində belə bir istiqamətin yaradılmasını və sistemli şəkildə təşkil olunmasını əhəmiyyətli hesab edirəm”.
Nuray Mehtiyeva
19:00 26.08.2026
Oxunuş sayı: 55