600 yaşı olsa da bir heçdir - antik əşyalarla bağlı bilmədikləriniz
Bəzən illərlə köhnə bir sandıqda saxlanılan saat, nənədən yadigar qalan mis qab, üzərində zamanın izlərini daşıyan xalça və ya köhnə bir fotoşəkil sadəcə keçmişdən qalan əşya deyil. Onların hər biri bir dövrün həyat tərzini, insanların zövqünü, adət-ənənələrini və tarixini özündə yaşada bilər. Bu gün kiminsə lazımsız hesab etdiyi bir əşya başqa biri üçün nadir tapıntı, kolleksiya dəyəri və hətta böyük maddi sərvət ola bilər. Bəs bir əşyanı həqiqətən antik edən nədir: onun yaşı, tarixi, nadirliyi, yoxsa daşıdığı xatirələr?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən əntiq əşya salonu sahibi Zakir Qəhrəmanov bildirib ki, bir əşyanın antik hesab olunmasının əsas səbəblərindən biri onun yaşının çox olmasıdır:
"Bununla yanaşı, əşyanın kimə məxsus olması da mühüm əhəmiyyət daşıyır. Həmin əşyanın kimə məxsus olmasıdır. Məsələn, elə antik əşyalar var ki, 200 yaşı olsa da, bu gün antik əşya kimi heç bir əhəmiyyət kəsb etmir. Antik əşyanın dəyərli olması, vaxtilə harada olması, nəyə əsasən hazırlanması, kimə məxsus olması və onun özünəməxsusluğu da mühüm amillərdir. Ən əsası isə onun yaşının çox olması və orijinal olmasıdır.
Bu gün Azərbaycanda elə əşyalar var ki, məsələn, torpaqdan çıxarılmış küpələr və digər tapıntılar 500-600 il, hətta eramızdan əvvəlki dövrlərə aid ola bilər. Lakin onların bu gün antik əşya kimi heç bir dəyəri yoxdur. Bununla belə, elə antik əşyalar da var ki, 100 yaşı olsa belə, müəyyən əhəmiyyət kəsb edir, kiməsə məxsus olur. 100 yaşı olmayan əşya isə məhz antik əşya hesab edilmir.
Bizə tez-tez müraciət edirlər, zəng edirlər ki, qədim, antik əşyaları var. Baxırsan ki, həmin əşyaların arxasında 1930-1940-cı illər qeyd olunub. Belə əşyalar heç vaxt antik əşya kimi təqdim oluna bilməz".
Nuray Oqtayqızı
15:30 12.10.2026
Oxunuş sayı: 51