Aydın Mirzəzadə: Azərbaycan artıq dünyanın müxtəlif regionları üçün cəlbedici tərəfdaşdır
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Kambocanın Baş naziri Hun Manet ilə mətbuat üçün birgə bəyanatla çıxış edərkən Azərbaycan və Kambocanın yaxşı tərəfdaşlar olduğunu bəyan edib. Dövlət başçısı ölkələrimizin BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət (AQEM) çərçivəsində fəal əməkdaşlıq etdiyini və bir-birini dəstəklədiyini vurğulayıb. Tərəflər ikitərəfli ticarətin genişləndirilməsi, qarşılıqlı investisiyaların cəlb edilməsi imkanlarını ətraflı müzakirə ediblər və ticarət-iqtisadi, eləcə də investisiya əməkdaşlığının praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Bu tarixi səfər və əldə olunan razılaşmalar Azərbaycanın xarici siyasət coğrafiyasının təkcə yaxın regionla məhdudlaşmadığını, Cənub-Şərqi Asiya istiqamətində də sürətlə genişləndiyini bir daha nümayiş etdirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın xarici siyasətinin coğrafi sərhədləri günü-gündən genişlənir və ölkəmiz artıq daha böyük dairə ilə sıx əməkdaşlıq qurur.
Deputat qeyd edib ki, əgər vaxtilə Azərbaycan daha çox qonşuları və yaxın ətrafı ilə əməkdaşlıq edirdisə, hazırda dünyanın müxtəlif regionlarından ölkəmizə çoxsaylı əməkdaşlıq təklifləri gəlir: "Vaxtaşırı ayrı-ayrı qitələrdən dövlət və hökumət başçılarının Azərbaycana səfər etməsi onların ölkəmizin beynəlxalq birlikdə artan nüfuzuna şahidlik etdiklərini və fəal əlaqələr qurmağa çalışdıqlarını göstərir. Siyasi münasibətlərdən başlayan bu əməkdaşlıq digər strateji sahələri də əhatə edir. Kamboca Baş nazirinin Azərbaycana ilk səfəri isə bu Asiya ölkəsinin də Azərbaycanı daha yaxından tanımağa və birgə fəaliyyət göstərməyə böyük maraq göstərdiyinin sübutudur".
Aydın Mirzəzadənin sözlərinə görə, yaradılan işçi qrupu çərçivəsində əlaqələrin bütün istiqamətləri – qarşılıqlı investisiyalar, birgə istehsalat, yeni bazarların açılması, mədəniyyət, incəsənət və təhsil sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçiriləcək: "Asiyanın mərkəzində yerləşən və dinamik inkişaf edən iqtisadiyyata malik olan Kamboca üçün Azərbaycanla əməkdaşlıq böyük maraq kəsb edir. Eyni zamanda Azərbaycan da Kamboca bazarını öyrənməyə, yerli məhsulların ölkəmiz üçün nə dərəcədə maraqlı olduğunu dərindən təhlil etməyə hazırdır".
Kambocanın Azərbaycan üçün yeni, lakin gələcəyi parlaq bir tərəfdaş olduğunu vurğulayan deputat, bu hərtərəfli əməkdaşlığın hər iki ölkəyə mühüm töhfələr verəcəyini bildirib.
Zeynəb Həsən
15:15 12.10.2026
Oxunuş sayı: 62