Nyu Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qala-konserti keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nyu Yorkun dünyaca məşhur Linkoln Mərkəzində baş tutub.
Gecədə Azərbaycanın və Türkiyənin BMT yanında daimi nümayəndəliklərinin təmsilçiləri, diplomatlar, sənətsevərlər və yerli icmanın üzvləri iştirak ediblər.
Müxtəlif ölkələrdən bəstəkarların qatıldığı müsabiqənin yekun konsertində türk xalqlarının musiqi irsindən ilhamlanaraq yazılmış yeni əsərlər səsləndirilib. Proqramda ənənəvi musiqilərin müasir bəstəkarlıq yanaşmaları ilə təqdim olunması dinləyicilərin zövqünü oxşayıb.
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, Əməkdar artist, tanınmış pianoçu Nərgiz Əlyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri Qara Qarayev və Fikrət Əmirovun əsərlərindən parçalar ifa edib. Onun çıxışı böyük maraq və alqışlarla qarşılanıb.
Nərgiz Əlyarova çıxışında müsabiqənin əvvəlcə Azərbaycan musiqisinin dünyada tanıdılması və təbliği məqsədilə yaradıldığını bildirib. Zaman keçdikcə layihənin əhatə dairəsinin genişləndiyini və digər türk xalqlarının musiqi irsini də əhatə etdiyini qeyd edib. O, müsabiqənin müxtəlif ölkələrdən olan bəstəkarları bu musiqi irsinə müraciət etməyə təşviq etdiyini, yeni əsərlər vasitəsilə onun beynəlxalq auditoriyaya çatdırılmasına imkan yaratdığını vurğulayıb.
Münsiflər heyətinin qərarına əsasən, Türkiyədən Şafak Alıcıoğlu birinci, Argentinadan Federico Beilinson ikinci, Çindən Xun Vang isə üçüncü yerə layiq görülüb. Qaliblər diplom və pul mükafatları ilə təltif olunublar.
Müsabiqənin qaliblərindən Federico Beilinson və Xun Vang çıxış edərək tədbir və müsabiqə ilə bağlı təəssüratlarını bölüşüblər.
Qala-konsert çərçivəsində “Itzhak Mavashev” Fondunun təsis etdiyi “Tənqidçilərin seçimi” (Critics’ Choice Award) xüsusi mükafatı da təqdim olunub. Milli və mədəni kimliyi parlaq şəkildə əks etdirən müasir bəstəkarlıq nümunələrinə görə verilən mükafata Türkmənistandan olan bəstəkar Rovşen Nepesov layiq görülüb. 500 ABŞ dolları məbləğində pul mükafatını Fondun icraçı direktoru, musiqi tənqidçisi və “The Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov təqdim edib.
17:28 12.10.2026
Oxunuş sayı: 41