Tənzilə Rüstəmxanlı: TDT-də əməkdaşlığın əsas istiqamətlərindən biri yaradıcı şəxslərin hüquqlarının təmin edilməsidir
Türk Dövlətləri Təşkilatı çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ortaq mədəni irsin qorunması, müəllif və ixtiraçı hüquqlarının müdafiəsi, eləcə də innovasiya potensialının inkişafı baxımından aktuallıq qazanır. Prezident İlham Əliyev 12 oktyabr 2026-cı ildə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşünün iştirakçılarına müraciətində ortaq mədəni irsin qorunmasının və onun mənimsənilməsi, təhrif olunması hallarının qarşısının alınmasının birgə səylərin əsas istiqamətlərindən biri olmalı olduğunu vurğulayıb. Süni intellekt və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə əqli mülkiyyət hüquqlarının etibarlı müdafiəsi həm yaradıcı fəaliyyətin təşviqi, həm də elmi-texnoloji tərəqqi üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Türk dövlətləri arasında hüquqi və institusional əməkdaşlığın gücləndirilməsi ortaq irsin qorunması ilə yanaşı, bilik və innovasiya əsaslı iqtisadi əlaqələrin inkişafına da yeni imkanlar aça bilər.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda əqli mülkiyyətin və qeyri-maddi mədəni irsin qorunması istiqamətində mühüm işlər görülür:
“Son illərdə dövlətimizin əqli mülkiyyət siyasəti Prezident İlham Əliyevin səyləri nəticəsində zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır. Əqli mülkiyyətin, eləcə də qeyri-maddi mədəni irsin qorunması sahəsində mühüm işlər görülür”, - deyə deputat qeyd edib.
Tənzilə Rüstəmxanlının sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri ortaq mədəni irsin qorunması və yaradıcı şəxslərin hüquqlarının təmin edilməsidir:
“TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlıq türk xalqlarının ortaq mədəni irsinin qorunması, müəllif və ixtiraçıların hüquqlarının təmin edilməsi, həmçinin innovasiyaların və texnoloji inkişafın təşviqinə yönəlib. Təşkilatın bu sahədə əsas məqsədi üzv dövlətlər arasında uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan texniki əməkdaşlığın və məlumat mübadiləsinin inkişafını dəstəkləmək, əqli mülkiyyət siyasətləri və hüquqi çərçivələr üzrə milli yanaşmaların uyğunlaşdırılmasına nail olmaqdır”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, təcrübə və patent məlumatlarının mübadiləsi, birgə tədqiqatlar, mütəxəssislərin potensialının artırılması və maarifləndirmə tədbirləri bu əməkdaşlığın mühüm istiqamətləridir:
“Xüsusilə təhsil, potensialın inkişafı və texniki tərəqqi sahələrində elmi-tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Bu məqsədlər çərçivəsində TDT türk dövlətləri üzrə daha ardıcıl, səmərəli və innovasiyanı təşviq edən əqli mülkiyyət mühitinin formalaşdırılmasını hədəfləyir”, - deyə Tənzilə Rüstəmxanlı fikirlərini yekunlaşdırıb.
Nigar Xəlilli
18:00 12.10.2026
Oxunuş sayı: 52