Azərbaycan futbolu tarix yazır - "Sabah" Avropa çempionatında
“Qarabağ”ın son illərdə Avropada qazandığı uğurlara bu mövsüm “Sabah”ın da qoşulması Azərbaycan futbolunda yeni ümidlər yaradıb. “Sabah”ın “Hapoel”i 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi ölkə futbolu üçün əlamətdar hadisədir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a açıqlamasında “Sabah”ın qələbəsindən sevindiyini bildirib:

“Sevindim “Sabah”ın qələbəsinə və geri dönüşünə çox sevindim. Amma müəyyən mənada komandamız da Avropa çempionatından çıxmağa getdi. Çempion olmadıq. Arzu edirəm ki, gələcəkdə digər komandalarımız da “Sabah”ın göstərdiyini göstərə bilsin. Mən də sevinim, təbrik edim”.
Futbolçu, idman eksperti Aslan Kərimov isə bildirib ki, klub səviyyəsində uğurların artması Azərbaycan futbolu üçün müsbət göstəricidir: “Təbii ki, klub səviyyəsində uğurlarımız artır. Bu artıq ikinci komandamızdır ki, Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməyi bacarıb. Bu, elə-belə bir uğur deyil. Təbii ki, bu, illərlə qət edilən yolun nəticəsidir. Səhv etmirəmsə, 9 ildir. Düzdür, 9 il ümumilikdə uzun bir müddət olsa da, futbol üçün o qədər də böyük müddət deyil. 9 ildə bu nəticələri əldə etmək vacib göstəricidir. Məsələn, “Qarabağ” bu nəticəyə gəlib çıxmaq üçün daha uzun bir yol qət etmişdi. Amma bunun milli komandamıza təsirinə gəlincə, əlbəttə, həm “Qarabağ”da, həm də “Sabah”da oynayan futbolçularımız üçün bu, yaxşı təcrübədir və milli komandaya da təsir göstərəcək. Lakin bu məsələyə bir qədər daha qlobal baxmalıyıq. Açığı, daxili çempionatda iştirak edən futbolçularımızın sayından da çox şey asılı olacaq. Bunun Azərbaycan milli komandasının uğurlarına necə təsir edəcəyini demək çox çətindir. Çünki klub səviyyəsində, məsələn, Azərbaycan futbolçularının olmadığı mövqelərə legioner oyunçu dəvət edib həmin boşluğu bağlaya bilərsən. Futbolda bir mövqenin güclü olması və ya 2-3 mövqenin güclü olması hələ qələbə qazanmaq demək deyil. Bütün mövqelər, qapıçıdan tutmuş hücumçuya qədər, ən azı balanslı şəkildə olmalıdır. Hər hansı bir mövqedə boşluq buraxsan, həmin mövqedə zəif oyunçu olsa, rəqiblər bundan istifadə edib qol vura bilərlər”.

A.Kərimov qeyd edib ki, milli komandanın bütün mövqelərini gücləndirmək asan olmayacaq:
“Bu baxımdan bütün mövqeləri yaxşılaşdırmaq milli komanda olaraq bizim üçün asan olmayacaq. Yenə deyirəm, “Sabah”ın heyətində oynayan Daşdəmirov olsun, o da əsas milli komandamız üçün yaxşı inkişaf yoludur. Yaxud “Qarabağ”ın heyətində oynayan Elvin Cəfərquliyev, Bədavi və digər futbolçular olsun. Amma bunlar ümumi işin içində 2-3 mövqedir. Qalan mövqelərdə yenə də boşluqlar qalır. Həmin mövqelərdəki futbolçular bu səviyyədə oyunlar keçirmirlər. Ona görə nəsə demək çətindir.
Ümid edək ki, bu qələbələr pozitiv təsir göstərəcək. Amma böyük nəticələr əldə etmək üçün bunun kifayət edib-etməyəcəyini demək mənim üçün çətindir. Məncə, bunun üçün bir qədər daha böyük və daha çox vaxt lazım gələcək”.
Zərnigar Hüseynli
20:50 26.08.2026
Oxunuş sayı: 56