Laçın Günü əbədi olaraq şərəfli tariximizə qızıl hərflərlə yazılıb
Bu gün Laçın Şəhəri Günüdür. 26 avqust 2022-ci ildə Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisələrdən biri kimi yadda qalıb. İşğaldan azad edildikdən sonra Laçında genişmiqyaslı quruculuq işlərinin aparılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı bu tarixi günün əhəmiyyətini daha da artırır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Laçın şəhərinin işğaldan azad edilməsi düşmənin onurğa sütununun qırıldığı gün kimi tarixə düşüb:
“Bu gün xalqımız fəxrlə Laçın Şəhəri Gününü qeyd edir. Laçın şəhərinin işğaldan azad edilməsi düşmənin onurğa sütununun qırıldığı gün kimi tarixə düşdü. Laçının coğrafiyasına, strateji mövqeyinə nəzər salsaq, bir daha ona görə önəmli idi ki, Laçının işğaldan azad olunması ilə demək olar ki, artıq düşmən qüvvələrin Ermənistandan təcavüz edərək Qarabağa müdaxilə etməsi və məhz Laçın üzərindən bu işğalın həyata keçirilməsi kimi ümidləri puça çıxdı. Beləliklə də Laçın şəhəri öz doğma evinə qayıtdı, Azərbaycan bütövləşdi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqləndi. Laçın işğaldan azad edildikdən sonra həm “Böyük Qayıdış” proqramı çərçivəsində laçınlıların öz doğma torpaqlarına geri dönməsi, həm də nəinki Azərbaycanın hesab edirəm ki, dünyanın ən gözəl, ən qısa bir zamanda tikilmiş, mükəmməl bir şəhərsalma nümunəsi kimi dünyanı heyrətləndirdi”.

T.Gəncəliyev qeyd edib ki, Laçını bu gün İsveçrə ilə, Avropanın gözəl şəhərləri ilə müqayisə edənlər var:
“Həqiqətən də bu məsələlərdə, Laçına şəxsən bir neçə dəfə səfər edən şəxs kimi qeyd etməliyəm ki, Avropada, dünyada bir çox gözəl təbiəti, mənzərəsi olan və gözəl şəhərsalma nümunəsi olan şəhərlər var ki, Laçın şəhəri hətta onlardan da gözəl görünür. Nəzərə alsaq ki, Laçın qısa bir zaman ərzində müharibənin tamamilə böyük fəsadları, nəticələri ilə üz-üzə qalan, işğalın ən qəddar formasını öz üzərində yaşayan bir şəhər olaraq, indi necə bir gözəl səviyyədə bərpa edilmişdir, qurulmuşdur və insanlar artıq qayıtmışdır. Bu, bir tarixin möcüzəsi kimi nəzərə alına bilər. Laçın həmçinin coğrafi cəhətdən çox önəmli sərhədyanı bölgədir. Sərhədyanı bölgə ona görə önəmlidir ki, Ermənistan vaxtilə istər Laçın yolu üzərindən, istər Laçın şəhəri və onun ətrafının işğalını başlatmaqla öz mənfur planlarını həyata keçirməyə cəhdlər etmişdi. Bu gün – Laçın Şəhəri Gününü biz cənab Prezidentin liderliyi altında güclü Azərbaycan, güclü Azərbaycan Ordusu olaraq qeyd edirik. Laçın bir daha sübut elədi ki, Azərbaycan Ordusu həm Şuşanı öz böyükçaplı silahlardan istifadə etmədən, əsgərlərimizin canı hesabına, qanı hesabına necə işğaldan azad etdisə, Laçını da məhz diplomatik, geosiyasi, mükəmməl hesablanmış addımlarla – şahmat termini ilə desək, çox gözəl siyasi gedişlər etməklə düşməni və bütün düşmənin həvəskarlarını mat qoymaqla həyata keçirdi. Laçın Günü əbədi olaraq şərəfli tariximizə qızıl hərflərlə yazılıb".
Zərnigar Hüseynli
18:00 26.08.2026
Oxunuş sayı: 50