Robert Köçəryan dərhal həbs edilməlidir
Ermənistanda keçirilən son seçkilərdən sonra ölkənin siyasi gündəmində ciddi dəyişikliklər baş verir. Hakim “Mülki Müqavilə” Partiyasının islahatlara başlaması fonunda parlamentdə müxalifətin də fəallaşması siyasi mübarizəni daha da kəskinləşdirib. Xüsusilə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın mövqeyi, onların Paşinyan hakimiyyətinə qarşı fəaliyyəti və mümkün məsuliyyət məsələsi ölkədə əsas müzakirə mövzularından birinə çevrilib.
Politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanda yeni siyasi mərhələnin formalaşması fonunda keçmiş hakimiyyət nümayəndələri ilə Paşinyan administrasiyası arasında qarşıdurmanın daha da dərinləşməsi mümkündür:
İndi Ermənistanda çox böyük dəyişikliklər baş verir. 20 iyun seçkilərində qələbə qazanmış “Mülki Müqavilə” Partiyası artıq islahatlara başlayıb. Parlamentin daxilində də mübarizəli bir şərait formalaşıb. Çünki müxalifətin qazandığı səslər hesabına artıq mütləq çoxluq “Mülki Müqavilə”yə verilmir. Buna baxmayaraq, orada bəzi məsələlərdə konsensus tapılacaq. Hər halda, bir çox şeylərin müqəddəratı və həlli hakim partiyanın qərarlarından, onların yanaşmasından asılı olacaq.
Amma bu bir həqiqətdir ki, burada adını çəkdiyiniz keçmiş siyasətçilər — daha doğrusu, keçmiş prezidentlər və indiki siyasətçilər — sözün əsl mənasında sabotajla məşğuldurlar. Onları narahat edən odur ki, Nikol Paşinyan “Real Ermənistan”ı qurmaqla həm də IV Respublikanın yaranmasını konseptual şəkildə gündəmə gətirib. Bu proseslərin hamısında həm Robert Köçəryan, həm də Serj Sarkisyan əl-ayağa dolaşmağa, maneçilik törətməyə və sabotaj elementlərindən istifadə edərək indiki hakimiyyətin işini çətinləşdirməyə çalışacaqlar.

Hər halda, onlar, birincisi, hakimiyyətdə olduqları dövrdə saysız-hesabsız cinayətlərə qol qoyublar. Hələ Azərbaycan xalqına, Azərbaycan millətinə etdikləri cinayətlər və hərbi cinayətlər bir yana qalsın, burada ermənilərin özlərinə, öz soydaşlarına qarşı da cinayətlər törədiblər. Halbuki nə Köçəryan, nə də Sarkisyan Ermənistan vətəndaşı deyillər; onlar Azərbaycan vətəndaşlarıdırlar. Buna baxmayaraq, qondarma da olsa, özlərini erməni hesab edib Ermənistan vətəndaşlığına iddia irəli sürdülər və bu vətəndaşlığı aldılar. Buna baxmayaraq, onlar məsuliyyət daşıyırlar.
Paşinyan həqiqətən də bildirir ki, onun demokratik inqilabının son mərhələsi hələ reallaşmayıb, həyata keçməyib. Ona görə də bu istiqamətdə görüləsi çoxsaylı işlər var. Burada təşkilati, texniki işlər, antiböhran mahiyyətli proseslər və, nəhayət, hüquqi işlər yer alır. Hüquqi zəmində keçmiş hakimiyyətlər dövründə cinayətlərə və qanunsuz işlərə yol açmış, bunlarla bilavasitə əlaqəsi olan insanlar məsuliyyətə cəlb olunmalıdırlar. Burada sirr deyil ki, həm Robert Köçəryan öz ailə üzvləri ilə, həm də Serj Sarkisyan öz ailə üzvləri ilə külli miqdarda xalqın malını mənimsəyiblər, qanunsuz yollarla qazanc əldə ediblər. Xaricdə hesabları, daşınmaz əmlakları və s. var. Yəni bunların hamısının qanunsuz yollarla əldə olunduğu üçün onların ittiham olunmasında böyük bir məntiq var".
Politoloq qeyd edib ki, onlar, birincisi, qanun qarşısında cavab verməlidirlər: "Digər tərəfdən, qanunsuz yolla əldə etdikləri vəsaitləri və imkanların hamısını ya könüllü şəkildə təhvil verməli, ya da bunun müqabilində gedib cəzaçəkmə müəssisələrində tətbiq olunan bütün cəzaları çəkməlidirlər. Əlbəttə ki, buna çox böyük ehtiyac var. Çünki onlar özlərini çox qeyri-adekvat tərzdə aparırlar. Xüsusilə də Robert Köçəryan və onun əlaltıları. “Ermənistan” bloku parlamentdə artıq bir neçə yer qazanıb. İndi “Güclü Ermənistan”la bərabər burada bir cəbhə yaradıb Paşinyan üçün problem formalaşdırmağa və onun qanunvericilik sahəsində nəzərdə tutduğu yeni islahatların reallaşmasına mane olmağa çalışırlar. Amma bu, düzgün yanaşma deyil. Mənə elə gəlir ki, Paşinyan qətiyyətlə bu iki şəxsi məsuliyyətə cəlb etsə, bu, digərləri üçün də bir örnək olacaq. Biləcəklər ki, hakimiyyət heç kimlə zarafat etmək niyyətində deyil və onun əsas qayəsi Ermənistanı bu dəhşətli geriləmə məngənəsindən xilas etməkdir. Düşünürəm ki, xüsusilə Robert Köçəryan özünü elə bir riskli vəziyyətdə ifadə edir ki, ona qarşı qəti imkan tədbirləri tətbiq olunacaq. Belə olduğu halda, bu, insanlara göstərəcək ki, demokratik proseslər qanunsuz işlərlə barışmazlıq nümayiş etdirməli, günahkarlar məsuliyyətə cəlb olunmalı və cəmiyyətdə özünəməxsus saflaşma prosesi baş verməlidir.
Təbii ki, onların həm parlamentdə, həm də cəmiyyətdə böyük etirazları var. Tərəfdarlarını qətiyyətlə hərc-mərcliyə dəvət edir, sabitliyi pozmağa çalışırlar. Lakin düşünürəm ki, bu, onlar üçün əlçatan olmayacaq. Çünki seçkilərdə Ermənistan elektoratının çoxluğu yeni kursa “hə” dedi. Yeni kurs o deməkdir ki, biz müharibə istəmirik, qarşıdurmadan uzaq durmaq istəyirik. Nəhayət, Ermənistan cəmiyyəti qarşıdurmadan yorulub. Çünki az qala 30 il Azərbaycanla müharibə apara-apara həm də öz xalqlarına qarşı mübarizə aparıblar; insanların gözünü, qulağını bağlayıblar ki, eşitməsinlər, görməsinlər, düşünməsinlər və öz sözlərini deməsinlər.
Hesab edirəm ki, Paşinyanın yanaşmasından və qətiyyətindən çox şey asılı olacaq. Əvvəl-axır bu iki nəfər — ilk növbədə Robert Köçəryan — məsuliyyətə cəlb olunmalı və cəmiyyətdən təcrid edilməlidir. Əks halda, onlar daim zəhərli bir atmosfer yaratmaqda israr edəcək, insanları yolundan azdıracaq və hakimiyyət üçün problem yaratmaq məqsədilə hərc-mərclik şəraiti formalaşdırmağa çalışacaqlar. Amma bu, keçərli variant deyil. Paşinyan özü də bunu çox gözəl başa düşür və ən yaxın zamanlarda qətiyyətli addımlar atacaq”.
Zeynəb Həsən
18:30 26.08.2026
Oxunuş sayı: 55