Əli bəy Hüseynzadənin birinci problemi müasirləşmək və islamlaşmaq deyildi - MÜSAHİBƏ
Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin müstəqilliyini və dövlətçiliyini əks etdirən əsas rəmzlərdən biridir. Bununla yanaşı, onun yaranma tarixi, rənglərinin seçilməsi, aypara və səkkizguşəli ulduzun mənası ilə bağlı tarixçilər arasında müxtəlif yanaşmalar mövcuddur. Bəzi tədqiqatçılar bayrağın hər bir elementini tarixi hadisələr və siyasi proseslərlə əlaqələndirir, digərləri isə bu rəmzlərin daha qədim fəlsəfi və mədəni köklərə söykəndiyini bildirirlər. Üçrəngli bayrağın qəbuluna aparan proses, onun arxasında dayanan ideya və bu günə qədər qorunub saxlanılan mənəvi yük Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrindən biri hesab olunur.
Bu barədə türkoloq-alim, fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Faiq Ələkbərli Crossmedia.az-ın suallarını cavablandırıb.

-Azərbaycan Dövlət Bayrağının yaranma tarixi necə olub? Üçrəngli bayrağın qəbul edilməsinin arxasında hansı ideya dayanırdı?
-1918-ci ilin mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası yeni bir türk dövlətinin əsasını qoydu və Tiflisdə elan olunan dövlətimizin hələ bayrağı, dili və digər atributları öz əksini tapmamışdı. Buna da səbəb o idi ki, Milli Şuranın sədri, dövlət başçısı, Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Osmanlı dövləti ilə danışıqlar aparırdı və Osmanlı dövlətinin oradakı nümayəndəsi Vəhib Paşa ilə aparılan danışıqlar nəticəsində 4 iyunda Osmanlı ordusunun bir hissəsinin Azərbaycana göndərilməsi haqqında qərar qəbul edildi. 1918-ci il iyunun ortalarında Nuru Paşanın başçılığı ilə Osmanlı ordusunun ilk hissəsi Gəncəyə gəldi və birinci hökumətimiz Tiflisdən Gəncəyə köçdü. Burada aparılan danışıqlar nəticəsində, Nuru Paşanın və onun müşaviri Əhməd bəyin iştirakı ilə birinci hökumət fəaliyyətini dayandırdı. İkinci hökumətin başında Fətəli xan Xoyski dayanırdı. Məhz Fətəli xan Xoyskinin qurduğu ikinci hökumət dövründə həm bayraq, həm dil, həm də ordunun yaranması kimi mühüm qərarlar qəbul edildi. İyunun 21-də məhz qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsvir olunan bayraq təsdiq olundu. Bundan bir neçə gün sonra türk dili dövlət dili elan olundu və iyunun 26-da ordunun yaradılması ilə bağlı mühüm qərar qəbul edildi. Beləliklə, ilk bayrağımız məhz qırmızı rəngdə, ağ səkkizguşəli ulduz və aypara təsvir olunmuş şəkildə idi və bu da Osmanlı bayrağına böyük ölçüdə bənzəyirdi. Əlbəttə, buradakı niyyət ortaq mədəniyyət, ortaq dil, ortaq keçmiş və birlik ənənələri idi. Ancaq bir gerçəklik var. Azərbaycan Cümhuriyyətinin, ordusunun formalaşmasında, idarəetmə sisteminin formalaşmasında və bir çox məsələlərdə Osmanlı dövləti çox böyük yardımlar etdi. Bu, bir gerçəklikdir. Hər halda, məhz bayraq məsələsində də bu anlamda oxşar məqamların olması təsadüfi sayıla bilməz. Ancaq bilirik ki, 1918-ci ilin oktyabrına doğru Osmanlı dövləti və onun müttəfiqləri Almaniya, Bolqarıstan müharibədən məğlub çıxdılar və beləliklə, Osmanlı ordusu Azərbaycandan çıxmaq məcburiyyətində qaldı. Həmin dövrdə müttəfiq Antanta dövlətlərinin nümayəndəsi general Uilyam Montgomerie Tomson Bakıya gəlmişdi. General Tomsonla parlament arasında danışıqlar aparılırdı. Həmin danışıqlar bundan ibarət idi ki, onlar Azərbaycan hökumətini tanımaq istəmirdilər. Osmanlı ilə münasibətlərə görə müəyyən narahatlıqlar və digər məqamlar var idi. 1918-ci ilin noyabr ayının əvvəllərində Azərbaycan Milli Şurası bərpa olunmuşdu. Yenə də Məhəmməd Əmin Rəsulzadə dövlət başçısı və Cümhuriyyətin qurucusu kimi ön planda idi. Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları bir neçə önəmli qərar qəbul etdilər. Əslində, Milli Şura kiçik bir parlament kimi fəaliyyət göstərirdi. Azərbaycanda parlament yaranana qədər Milli Şura bu qərarları qəbul etdi. Həm də bayrağın dəyişdirilməsi ilə bağlı qərar qəbul etdi. Noyabrın 9-da üçrəngli bayraq Bakı səmasında və ölkəmizin digər şəhərlərində də dalğalanmağa başladı. Üçrəngli bayrağın qəbul edilməsində, yəni birinci bayraqdan sonra ikinci bayraq kimi üçrəngli bayrağın qəbul edilməsində əsas məsələ Azərbaycanın bütün hallarda müstəqilliyini ifadə etmək idi. Azərbaycan Cümhuriyyəti müstəqil bir dövlətdir. Azərbaycan Xalq Cümhuriyyəti adlandırılıb, Azərbaycan Cümhuriyyəti adlandırılıb ki, bu dövlətin müstəqilliyi əsas məsələdir. Məhəmməd Əmin Rəsulzadənin əsas məqsədi Azərbaycanın həmin dövrdə Birinci Dünya müharibəsindən çıxan dövlətlər tərəfindən tanınması, ümumiyyətlə, dünyada öz yerini tutması idi. Üçrəngli bayraq da bunu ifadə edən çox mühüm rəmz idi. Rəsulzadə və onun silahdaşları 28 maydan etibarən üçrəngli bayrağı qəbul etmək istəyirdilər. Ancaq Osmanlı ilə münasibətlərə görə ilk bayraq qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara ilə qəbul edilmişdi. Daha sonra isə mavi və yaşıl rəng əlavə olundu. Ancaq Rəsulzadənin bu bayrağı qəbul etməyə əvvəldən niyyəti vardı.
-Dövlət Bayrağının mavi, qırmızı və yaşıl rəngləri tarixi baxımdan nəyi ifadə edir?
-Əslində, dövlət bayrağının mavi, qırmızı və yaşıl rəngləri təsadüfi deyildi. Çünki artıq XX əsrin əvvəllərində məhz türk xalqları, o cümlədən Azərbaycan türkləri arasında üç ideya geniş yayılmışdı: türklüyə dönüş, yenidən çağdaşlaşmaq, müasir bir mədəniyyətə sahib olmaq və islamçılıq. Bu ideyalar həmin dövrdə çox mühüm rol oynayırdı. Demək olar ki, Osmanlıda, Çar Rusiyasının işğalı altında olan Azərbaycanda, Türküstanda, Krımda, hətta Təbrizdə belə bu ideyalar geniş yayılmışdı. Bilirik ki, əslində, bu kimi ideyalar XIX əsrin ikinci yarısında Azərbaycan türkü, Güney Azərbaycanın Həmədan şəhərinin Əsədabad qəsəbəsində dünyaya gələn Camaləddin Əfqaninin ideyalarında da var idi. Bu, bütün müsəlman xalqlarının oyanışına çağırış idi. O, deyirdi ki, bütün müsəlman xalqları milli kimliyini, dini kimliyini yenidən dərk etməli və çağdaş bir millət olmalıdır. Bunu bir az da dəqiqləşdirən məhz Əli bəy Hüseynzadənin "türk hissiyyatlı, islam imanlı və müasir qiyafəli", yaxud o dövrdə deyilən ifadə ilə "firəng qiyafəli" ideyası idi. Məhəmməd Əmin Rəsulzadə də bu ideyaları Əli bəy Hüseynzadədən sonra "türkləşmək, müasirləşmək, islamlaşmaq" şəklində ifadə edirdi. Üçrəngli bayrağımızın ideyası da məhz Məhəmməd Əmin Rəsulzadə tərəfindən formalaşdırılmışdı. Tarixə də baxdığımızda görürük ki, türklüyümüz də, çağdaş bir millət olmağımız da, islamlığımız da tarixdən gələn bir məsələdir. Qaraqoyunlular, Ağqoyunlular, Qızılbaşlar, Əfşarlar, Səlcuqlar və bir çox türk dövlətlərində bu ənənələrin izlərini görürük.
-"Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" ideyası necə yaranıb və bu gün də aktuallığını qoruyurmu?
-Türkləşmək ideyası təsadüfən yaranmadı. Bu ideyalar, əslində, müəyyən dərəcədə Camaləddin Əfqanidə mövcud idi. Əli bəy Hüseynzadə isə türk xalqları üçün daha da dəqiqləşdirildi. O, həm keçmişimizi bu günə, bu günümüzü isə gələcəyimizə bağlayırdı. Necə ki, bu gün Azərbaycanın üçrəngli bayrağındakı türkləşmək, müasirləşmək və islamlaşmaq doğrudan da böyük bir fəlsəfədir. Biz bu fəlsəfəni ciddi şəkildə dərk etməliyik. Əslində, türkləşmək kimlərisə zorla türkləşdirmək demək deyil. Keçmişdə türk ruhunun daşıyıcılarını yenidən öz türk kökünə qaytarmaq anlamını ifadə edir. Burada əsla türk olmayanları zorla türkləşdirməkdən söhbət getmir. İslamlığını unudanları və islamın əsl mahiyyətindən uzaqlaşanları yenidən islamın ruhuna qaytarmaq nəzərdə tutulur.
-Əli bəy Hüseynzadə bu ideyanı irəli sürərkən nəyi nəzərdə tuturdu?
-Məncə, Əli bəy Hüseynzadənin birinci problemi müasirləşmək və islamlaşmaq deyildi. Onun birinci məsələsi türklüyə dönüş idi. Əli bəy Hüseynzadə bilirdi ki, türklüyə dönüş olmadan nə islamlığın, nə də müasirliyin anlamını dərk etmək mümkün olacaq. Ona görə də ilk növbədə türkləşmək ideyasını irəli sürürdü. Biz keçmişdə böyük bir türk mədəniyyətinin daşıyıcısı olmuşuq, türk ruhunun daşıyıcısı olmuşuq. Türklük yalnız isim və qan məsələsi deyil. Türklük bir mədəniyyətdir, törədir, əxlaqdır. Yeni dövrdə türklüyün bu anlam kəsb etməsini Əli bəy Hüseynzadə çox gözəl şəkildə qeyd etmişdi. O, türklüyə dönüşü özünün qarşısında böyük bir ideya kimi qoymuşdu. Bu baxımdan da "Türklər kimdir və kimlərdən ibarətdir?" əsərini yazmışdı. O, "İslamlıq nədir və nədən ibarətdir?" əsərini yazmamışdı. Türklüyün nə olduğunu yazırdı və bunu türk xalqlarına çatdırmaq istəyirdi. Əli bəy Hüseynzadə yaxşı bilirdi ki, türklüyünü dərk etmək birinci növbədə lazımdır. Çünki türklüyümüz islamlığımızdan daha qədimdir. Bütün hallarda türklük daha qədim bir mədəniyyət, törə, əxlaq və dünyagörüşüdür. Eyni zamanda, Əli bəy Hüseynzadəyə görə islam imanı da önəmlidir. Çünki o, bilirdi ki, türklüklə islamlığı bir-birindən qətiyyən ayırmaq olmaz. O, yaxşı bilirdi ki, türk xalqlarının böyük əksəriyyəti vaxtilə islamı qəbul etmişdir. Əli bəy Hüseynzadə yazırdı ki, islam dinini qəbul edən türk xalqları həm də türk ruhunu, türk mədəniyyətini, türk törəsini unutmadılar. Ancaq digər dinləri qəbul edənlər – buddizmi, xristianlığı və digər dinləri qəbul edənlər, demək olar ki, müəyyən dərəcədə türklüklərini itirdilər. Əlbəttə, xristianlığı qəbul edib türklüyünü qoruyanlar da var, buddizmi qəbul edib türklüyünü qoruyanlar da var. Ancaq çox haqlı olaraq Əli bəy Hüseynzadə deyirdi ki, islam dinini qəbul edən türklər öz milli-mənəvi, ruhani dünyasını unutmadılar, onu islamla uzlaşdırdılar və yaşatmağa başladılar.
-Məhəmməd Əmin Rəsulzadə Dövlət Bayrağının mahiyyətini necə izah edirdi?
-Hesab edirəm ki, Əli bəy Hüseynzadənin "türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyasını ən yaxşı dərk edənlərdən biri, bəlkə də, birincisi Məhəmməd Əmin Rəsulzadə olub. Doğrudur, Ziya Gökalp da Əli bəy Hüseynzadənin ideyalarını çox doğru şəkildə mənimsəmiş və bununla bağlı bir çox əsərlər yazmışdı. Hətta Ziya Gökalp "Türkləşmək, islamlaşmaq, müasirləşmək" əsərini 1915-ci ildə yazdı. Ancaq məhz Məhəmməd Əmin Rəsulzadə bu ideyaları daha gerçəkçi və real şəkildə həyata keçirməyi bacardı. Hər halda, Rəsulzadə həm Əli bəy Hüseynzadədən, həm də Ziya Gökalpdan aldığı bu iki fəlsəfəni çox doğru və yerində dərk etdi və onun tətbiqini həyata keçirdi. Bu, Məhəmməd Əmin Rəsulzadənin böyüklüyüdür. Məhəmməd Əmin Rəsulzadə türklüyümüzü, islamlığımızı və müasirləşməyimizi utopik anlamda deyil, gerçək anlamda dərk etdi. Məhəmməd Əmin Rəsulzadə ilk günlərdən, yəni 28 Maydan etibarən üçrəngli bayrağımızın qəbuluna can atmışdır. Ancaq o dövrün şərtləri altında Osmanlı ilə aparılan danışıqlar, Osmanlı ilə olan münasibətlər, eyni millətə, eyni ruha və eyni mədəniyyətə bağlılıq səbəbindən üçrəngli bayrağın ilk dövrdən qəbulunda fəal iştirak mümkün olmadı. Ancaq biz görürük ki, Məhəmməd Əmin Rəsulzadənin bütün varlığı məhz üçrəngli bayrağımıza bağlı idi. Rəsulzadə üçrəngli bayrağımızın izahını istər 1922-ci ildə ortaya qoyduğu "Azərbaycan Cümhuriyyətinin təşəkkülü" əsərində, istərsə də Cümhuriyyət devrildikdən sonra, 1920-ci il 27 aprel tarixindən sonrakı dövrdə yazdığı "Əsrimizin Səyavuşu" əsərində çox doğru və dürüst şəkildə verir. Bu fəlsəfənin əsasında türklüyümüz dayanır. Məhəmməd Əmin Rəsulzadə minillərdən gələn bir türklük fəlsəfəsini görürdü. O, bilirdi ki, Azərbaycan, birinci növbədə, onun türklüyüdür. Azərbaycanda digər düşüncələr və ideyalar da ola bilər. Məhəmməd Əmin Rəsulzadə türklüyün təkcə cins və qövm deyil, həm də bir fəlsəfə, dünyagörüşü olduğunu anlayırdı. Məhəmməd Əmin Rəsulzadə türk xalqlarının böyüklərini, islam böyüklərini çox dərindən bilirdi. Əlbəttə, o dövrün Qərbi Avropa alimlərini də çox dərindən mənimsəmişdi. Məhəmməd Əmin Rəsulzadə, Ziya Gökalp kimi, həm də böyük bir sosioloq və mütəfəkkir idi. Məsələn, Türkiyədə əgər Ziya Gökalpı yeni dövrün ilk böyük sosioloqu hesab edirlərsə, Məhəmməd Əmin Rəsulzadə də yeni dövrdə Azərbaycanın ən böyük sosioloqu və mütəfəkkiri idi. Bu anlamda onun dövlət bayrağı fəlsəfəsi gerçəkçi bir fəlsəfə idi. Ona görə də Cümhuriyyətin ikinci dönəmində məhz üçrəngli bayraq gerçəkləşdirildi və bu bayraq bizim bütün keçmişimizi, bu günümüzü və gələcəyimizi özündə birləşdirirdi. Dövlət bayrağının mahiyyəti məhz türklük fəlsəfəsini anlamaqdan ibarət idi. Məhəmməd Əmin Rəsulzadə türklüyün bir mədəniyyət, bir fəlsəfə və dünya görüşü olduğunu çox yaxşı dərk edirdi. Hər halda, o, "Azərbaycan şairi Nizami" əsərində də türklüyə verdiyi qiymət və dəyərdən bunu anlaya bilərik. Rəsulzadə üçün Azərbaycanın dövlət bayrağı onun bu günü və gələcəyi üçün sarsılmaz bir ideya idi. Ona görə də deyirdi ki, bir kərə yüksələn bayraq bir daha enməz. Bu bayrağın fəlsəfəsi, üçrəngli bayrağın fəlsəfəsi öz qidasını minillərdən gələn türk fəlsəfəsindən, türk böyüklərindən və türk ruhundan alırdı. Rəsulzadənin böyüklüyü onda idi ki, o, türklüyü bayrağımızın birinci xətti etdi, birinci yerə qaldırdı. Çünki bilirdi ki, bir millət var idi. İslamdan öncə də biz türk kimi var idik, İslam dövründə də, bu gün də varıq. Ona görə də bayrağın yozumunu Məhəmməd Əmin Rəsulzadə formalaşdırdı- Türklüyümüz, müasirliyimiz və islamlığımız. Bu anlamda başa düşürük ki, birinci növbədə türklüyümüzü dərk etməliyik. İslamlığımızı da dərk etməliyik. Sadəcə, orta xətdəki qırmızı rəng mədəniyyəti, müasirliyi ifadə edir. O, türklüyümüzün və islamlığımızın müasir mahiyyətini özündə əks etdirir. Burada söhbət müasir ruhlu türk mədəniyyətindən, müasir ruhlu islam mədəniyyətindən gedir. Burada söhbət dövri müasirlikdən getmir. Həmişə yaşayan bir müasirlikdən söhbət gedir. Həmişə əbədi yaşayan çağdaş bir türklükdən və çağdaş bir islamlıqdan. O, elə də deyirdi. "Azərbaycan Cümhuriyyəti" əsərində də belə ifadə edirdi ki, biz məhz bu fəlsəfəni izləməliyik. Necə ki, Əli bəy Hüseynzadə də bu fəlsəfəni izləmişdir.
-Türk dünyasında mavi rəngin xüsusi yeri haradan qaynaqlanır?
-Türk dünyasında mavi rəngin mahiyyəti də məhz türklük fəlsəfəsinin özündən qaynaqlanır və türklüklə tanrıçılıq fəlsəfəsinin bir bütövlüyündə türklər üçün mavi rəng tanrıçılıq deməkdir, tanrıçılıq isə elə türklük deməkdir. Çünki "türk" və "tanrı" sözlərinin də eyniyyəti vardır. Bir çox alimlər də etiraf edirlər ki, "türk" sözünün hərfi, yəni eyniyyət mənasında, həm də "tanrı" sözünün eyniyyətidir. Əslində, "Türk tanrısı" ifadəsi də məhz mavi rəngdə öz ifadəsini tapır ki, bu da göy rəngdədir. Göy rəng türklükdə məhz Tanrının ucalığını ifadə edir və Tanrı ideyasını qəbul edən xalqlar özlərini türk adlandırırlar. Tanrının göy üzündə olması ideyası onun böyüklüyünü və sonsuzluğunu ifadə edir. Bu, göy rəngdir. Göy rəng məhz türk üçün Ay Ata anlamındadır, Yer isə məhz Günəş Ana anlamındadır. Ona görə də ruhumuz göylərdə, cisimimiz isə yerdədir. Türklüyün fəlsəfəsində göy rəng və Göy Tanrı ruhani bir məsələdir. Mənəvi bir məsələdirsə, Yer və Yeri qidalandıran Günəş isə daha çox maddiyyatı bildirir. Burada mənəviyyat və maddiyyat bir-birini tamamlayır. Göy rəng, mavi rəng ruhumuzun qidasıdır. Yer isə yaşıl rəngdədir, ortadakı qırmızı rəng isə insanoğlunun yaranışını ifadə edir. Göy, Yer və ortada insanoğlu var. Bu fəlsəfə də buradan qaynaqlanır. Mavi rəngin, bildiyimiz kimi, bir çox türk xalqlarının bayrağında yeri vardır. Təkcə Göytürk Xaqanlığında deyil. Göytürk Xaqanlığından öncə də bu fəlsəfəni mənimsəyən bir çox dövlətlərimiz olub. Kutilər olub, Midiyalılar olub. Göytürk Xaqanlığından sonra da bir çox dövlətlərimiz bu fəlsəfəni davam etdirib. Bu fəlsəfə iskitlərdə də var, Bayandurlarda da var və başqalarında da var. Mavi rəng Tanrının özünün simasıdır. Tanrı mövcud olduğu müddətdə yerdə türk xalqları var olacaq və onlar ədaləti müdafiə edəcəklər. Tanrının ədalətini, Tanrının ədalət tərəzisini qorumağa çalışacaqlar. Hər yerdə ədalətli bir hökmranlıq olsun, zalımlar məzlumlara qarşı heç bir şey edə bilməsinlər. Bu mavi rəng, əslində, tanrıçılıq fəlsəfəsinin özüdür.
-Bayraqdakı yaşıl rəng yalnız dini məna daşıyır, yoxsa daha geniş sivilizasiya anlayışını ifadə edir?
-Bayrağımızdakı yaşıl rəng yalnız İslamın rəngi deyildir. Az öncə ifadə etdiyimiz kimi, yaşıl rəng həm də təbiətin fəlsəfəsidir, Yer anamızın fəlsəfəsidir. Dediyimiz kimi, əgər göy atamızdırsa, yaxud hətta Ay atamızdırsa, Günəş isə anamızdırsa, Yer də anamızdır və yaşıl rəng də onun bir timsalıdır. Bu baxımdan, yaşıl rəngin eyni zamanda İslamla üst-üstə düşməsinə də təbii baxmaq lazımdır. Çünki türklük fəlsəfəsində İslamla üst-üstə düşən çox cəhətlər vardır. Tək Tanrı budur. Bizim tək Tanrıya olan inamımız eyni zamanda insanoğlunun yer üzərində ədaləti saxlamasıdır. Yaşıl rəng eyni zamanda dünyanın, yəni Yer kürəsinin rəngidir. Bu anlamda bu, böyük bir mədəniyyətin, sivilizasiyanın ifadəsidir. Biz sadəcə yaşıl rəngi İslam mədəniyyəti ilə eyniləşdiririk. Əslində, türk xalqlarında göyə "yaşıl" da deyirlər, "yaşıl göy" də deyirlər. Məsələn, Türküstanda, özbəklər arasında və qalqalar arasında bu daha çox geniş yayılmışdır. Yaşıl rəng əslində təkcə İslamın mahiyyəti deyil, həm də təbiətin rəngidir. Təbiətin bir parçası olan türk xalqları üçün də çox mühüm rol oynayır. Bayraqdakı yaşıl rəng həm İslamla bağlı bir mahiyyət daşıyırsa, həm də türklük fəlsəfəsində, təbiət fəlsəfəsində çox mühüm rol oynayır. Ona görə də Yer kürəsi də bizim üçün bir vətəndir, anadır. Biz burada ədalətli, sülh içərisində yaşayan bir vəziyyət ortaya qoymaq istəmişik. Ədalətli bir vəziyyət. Xalqlar arasında həmişə sülhün, barışın və ədalətin olması mühüm yer tutur. Burada zalımlara, ədalətsizlərə yer yoxdur. Bu anlamda, dediyimiz kimi, bayrağımızdakı yaşıl rəng bir tərəfdən İslamın rəngi olsa da, digər tərəfdən həm də təbiətin rəngidir və təbiətin fəlsəfəsini özündə əks etdirir.
-Qırmızı rəngin "müasirlik" anlayışı XX əsrin əvvəllərində nə demək idi?
-Qırmızı rəngin müasirlik kimi ifadə edilməsinə rast gəlinir. Qırmızı rəng göylə Yer arasında mövcud olan insanoğlunun haqsızlığa, ədalətsizliyə qarşı apardığı mübarizənin rəmzidir. Çünki bu mübarizədə insanların qanı tökülür. Bu qan isə insanları qorumaq, insanlığın ölməməsi naminə tökülür. Biz onu müasirlik kimi də yozuruq. Bu müasirlik elə insanlığın ölməməsidir. Necə ki, "Qızıl alma" fəlsəfəsi vardır. Bunun mahiyyəti dünyanın hər hansı bucağında ədalətsizlik varsa, ona qarşı çıxmaqdır. Türk varsa, orada ədalətli bir cəmiyyət, dövlət təsisatları olmalıdır. Türk xalqlarının fəlsəfəsində qırmızı rəng göy və yaşıl rəngin ortasındadır. Yəni həm türklüyümüzün, həm də islamlığımızın uğrunda mübarizə aparmaq, müasir mədəniyyətlə çıxış edərək məhz ədalətsizliyə qarşı savaş verməkdir.
-Səkkizguşəli ulduz və ayparanın mənası ilə bağlı müxtəlif fikirlər var. Elmi baxımdan hansı izah daha əsaslı sayılır?
-Aypara daha çox İslamın rəmzi kimi qəbul olunur. Ancaq gördüyümüz kimi, türklərdə də Ay Ata obrazı vardır. Bu, türk insanının müəyyən mənada kişi obrazı kimi qiymətləndirilir. Göydə Ay mövcud olduğu qədər, yerdə də türk dövlətləri əbədi olur. Azərbaycan bayrağındakı səkkizguşəli ulduzun türk tayfaları ilə bağlı olduğu kimi fikirlər mövcuddur. Eyni zamanda, səkkizguşə, yəni 4+4, dünyanın dörd bir yanında insanlığın olması və insanlıq uğrunda mübarizəni əks etdirir. Bu fikir qədim dövrdən türk xalqlarında mövcud olub. Həmçinin, Şərqlə Qərbin bağlanmasını da bununla izah edirlər.
Fatimə Məmmədova
13:30 07.07.2026
Oxunuş sayı: 74