Dövlət təhlükəsizliyinin görünməz qəhrəmanları: 23 Avqust onların günüdür
Hər il avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur. Bu tarix 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı günə təsadüf edir. Həmin qərar müstəqil Azərbaycanın dövlət mühafizə sisteminin müasir əsaslarının qoyulmasında mühüm mərhələ oldu.
Ulu Öndərin ölkədə dövlət mühafizəsi siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilmiş və inkişaf etdirilmişdir. 2020-ci ildə imzalanan “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman bu sahədə idarəetmənin müasir tələblərə uyğun yenidən qurulmasına şərait yaratdı. Nəticədə əvvəlki Xüsusi Dövlət Mühafizə Xidmətinin bazasında üç müstəqil qurum – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (Dövlət Mühafizə Xidməti), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi formalaşdırıldı.
2024-cü ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə hər il avqustun 23-ü məhz Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edildi. Bu, dövlət rəhbərliyinin təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin sabitliyinin qorunması və yüksək peşəkarlıq tələb edən məsuliyyətli fəaliyyətin rəsmi qiymətləndirilməsidir.
Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşlar gündəlik fəaliyyətlərində yüksək peşəkarlıq, sədaqət, intizam və fədakarlıq nümunəsi göstərirlər. Onların səssiz, lakin əvəzsiz xidməti ölkənin siyasi sabitliyinə, dövlət institutlarının etibarlı mühafizəsinə və vətəndaşların təhlükəsizlik hissinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu peşə böyük məsuliyyət, daimi hazırlıq və vətənə sadiqlik tələb edir.
Peşə bayramı münasibətilə dövlət mühafizəsi sahəsində çalışan bütün əməkdaşları təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və xidməti fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Onların peşəkarlığı və vətənpərvərliyi dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.
Zeynəb Həsən
12:16 23.08.2026
Oxunuş sayı: 67