Toylar azalır, boşanmalar gündəmdə: Azərbaycan ailəsində NƏ DƏYİŞİB?
Ailə — əsrlər boyu cəmiyyətin dayanıqlığını, mənəvi-əxlaqi dəyərlərin nəslə ötürülməsini və sosial sabitliyi təmin edən əsas sütun hesab olunub. Lakin müasir dövrün gətirdiyi sürətli sosio-iqtisadi dəyişikliklər, qlobal transformasiyalar və fərdiləşmə meylləri ailə institutunun strukturuna və funksiyalarına ciddi təsir göstərir. Bu gün cəmiyyəti ən çox düşündürən məsələlərdən biri ailə təməlinin zəifləməsi, fiziki və psixoloji baxımdan tam formalaşmamış fərdlərin qurmağa çalışdığı erkən nikahlar və nəticədə ailə daxili münaqişələrin boşanma ilə sonlanmasıdır. Erkən nikahlar fərdlərin təhsil, şəxsi inkişaf və iqtisadi müstəqillik imkanlarını məhdudlaşdırmaqla yanaşı, yetkinləşməmiş münasibətlər fonunda boşanma riskini də dəfələrlə artırır.
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlama verib.

Sosioloq bildirib ki, nikah və boşanma göstəriciləri ölkənin demoqrafik vəziyyətini, əhalinin artım dinamikasını və sosial mənzərəsini müəyyən edən əsas amillərdəndir: "Biz bu prosessesləri müşahidə etsək görürük ki, boşananlar arasında hətta yuxarı yaş həddindən olan insanlar da var. Yüksək səviyyədə nikahların azalması bir problem kimi görünə bilsə də, erkən nikahların qarşısının alınması üzrə tədbirlərin bu statistikada hansısa rol oynadığını düşünmürəm. Çünki erkən nikahlar rəsmi qeydə alınmayan nikahlardır və onları statistik cədvəldə görmək mümkün olmur. Digər tərəfdən, yaxın qohumlar arasında nikahın qadağan olunması əhalinin genetik və reproduktiv sağlamlığı, nəsli xəstəliklərin qarşısının alınması üçün çox əhəmiyyətli addımdır. Bu qərar statistikaya müəyyən dərəcədə təsir edə bilsə də, nikahların azalmasında əsas paya sahib deyil".
H.İbrahimov vurğulayıb ki, boşanma və evlilik statistikaları arasındakı məsafənin yakınlaşmasının başlıca səbəbi evlənənlərin sayının azalmasıdır: "Boşanma hər dövrdə olub - hansısa dövrdə yüksək, hansısa dövrdə aşağı. Lakin göstəricilərin bir-birinə yaxınlaşması evlənənlərin sayının statistik baxımdan aşağı enməsi ilə əlaqədardır. İndi aşağı yaşda evlənənlərin sayı azalıb. Əvvəllər gənclər daha tez ailə qururdusa, indi öz qərarlarını vermək, sosial rollarını dərk edərək evlənmək istəyirlər. Ailə həyatı qurmaq üçün yalnız fiziki hazır olmaq əsas deyil; gənclər sosial baxımdan hazır olmalıdırlar. Sosial hazırlıq isə yalnız ev və maliyyə məsələsi deyil, ailə institutunun mahiyyətini, öhdəliklərini və kompromis mədəniyyətini dərk etməkdir. Gənclərin bu baxımdan tələsməməsi pozitiv haldır".
Ekspert sonda qeyd edib ki, ailə institutunun tam böhran içində olduğunu və ya tamamilə transformasiyaya uğradığını demək olmaz:
"Ailə elə bir institutdur ki, orada hər zaman problemlərin olması mümkündür. Qadın-kişi, valideyn-övlad rollarında qlobal trendlərin təsiri ilə dəyişikliklər baş verir ki, bunlar həm proqressiv, həm də reqressiv istiqamətdə ola bilir. Lakin tədqiqatlar da göstərir ki, ailə institutu tam böhranda deyil. Müsbət tendensiyaları gücləndirmək üçün valideynlərin uşaqlarla işləməsi, aidiyyəti qurumlarla ailə institutu arasında təmasların artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir".
Fatimə Cabbarlı
17:45 09.10.2026
Oxunuş sayı: 52