ABŞ-İran danışıqları İslamabadda keçirilə bilər
ABŞ və İran nümayəndələri arasında növbəti texniki danışıqların İslamabadda keçirilməsi ehtimalı yüksək qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Dawn qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqların keçirilməsi üçün iki mümkün məkan – Pakistanın paytaxtı İslamabad və İsveçrənin Bürgenştok kurortu nəzərdən keçirilir. Lakin hazırda İslamabad əsas namizəd hesab olunur.
Bildirilir ki, iyulun 11-nə planlaşdırılan görüşün keçiriləcəyi məkanla bağlı yekun qərar hələ qəbul edilməyib.
Diplomatik mənbələrin məlumatına görə, danışıqlarda İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərinin açılması məsələləri müzakirə olunacaq.
Bundan əlavə, regional təhlükəsizlik, o cümlədən Hörmüz boğazındakı vəziyyət və Livanda atəşkəs rejiminin qorunması da gündəmdə olacaq.
14:16 06.07.2026
Oxunuş sayı: 63