Zelenski: Patriot raketləri müttəfiqlərin anbarlarında qalmamalıdır
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə endirilən son kütləvi raket və pilotsuz uçuş aparatları hücumundan sonra müttəfiqləri Ukraynaya əlavə "Patriot" zenit-raket kompleksləri üçün raketlər verməyə çağırıb.
Crossmedia.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya gecə saatlarında Ukraynaya 68 raket və 351 zərbə tipli pilotsuz uçuş aparatı buraxıb.
O bildirib ki, Kiyevdə 10-dan çox ərazidə dağıntılar qeydə alınıb, o cümlədən yaşayış binalarına ziyan dəyib. Hazırda hücumun nəticələrinin aradan qaldırılması işləri davam edir.
Prezidentin sözlərinə görə, indiyədək 64 nəfər, o cümlədən iki uşaq xilas edilib. Hücum nəticəsində 11 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.
Zelenski əlavə edib ki, Kiyev vilayətində daha 16 nəfər xəsarət alıb, üç nəfər həyatını itirib. Vışneve şəhərində raket zərbəsindən sonra baş vermiş yanğın davam edir və ərazidən sakinlərin təxliyəsi aparılır. Nəticələrin aradan qaldırılmasına 400-dən çox xilasedici və polis əməkdaşı cəlb olunub.
Ukrayna lideri qeyd edib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarını və qanadlı raketləri uğurla zərərsizləşdirsə də, ballistik raketlərin qarşısını tam ala bilməyib. O, bunu "Patriot" sistemləri üçün raketlərin kifayət qədər tədarük edilməməsi ilə əlaqələndirib.
Zelenski Ankarada keçirilən NATO sammitindən Ukraynanın hava məkanının müdafiəsini gücləndirəcək konkret qərarlar gözlədiyini bildirib.
"Patriot" raketləri müttəfiqlərin anbarlarında qaldığı müddətdə bu, Rusiyanı yaşayış binalarına hücumlarını davam etdirməyə həvəsləndirir. ABŞ və Avropanın bu terroru dayandırmaq üçün kifayət qədər imkanları var", – deyə Zelenski vurğulayıb.
13:09 06.07.2026
Oxunuş sayı: 51