16 uşağın gizli kabusu: Valideynlər və nənə-baba saxlanıldı - VİDEO
ABŞ-nin Ohayo ştatının Hamden kəndində 16 bacı-qardaşın son dərəcə ağır və antisanitar şəraitdə yaşadığı evdən xilas edilməsi ölkədə böyük rezonans doğurub.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti bu barədə məlumat yayıb.
Hadisədən sonra yerli sakinləri düşündürən əsas sual bu olub: uşaqların illərlə həyat üçün təhlükəli şəraitdə yaşaması necə diqqətdən kənarda qalıb?
İstintaq materiallarına əsasən, evdən yaşı 18 aydan 18 yaşadək olan 16 uşaq çıxarılıb. Onların hamısının tibbi yardıma ehtiyacı olduğu müəyyən edilib. Bir neçə uşağın vəziyyəti ağır qiymətləndirilib, iki uşaq isə xüsusi təyyarə ilə travma mərkəzlərinə çatdırılıb.
Bildirilib ki, uşaqlar son dərəcə antisanitar şəraitdə yaşayır, ev zibil və insan tullantıları ilə dolu olub. Bəzi uşaqlarda ciddi inkişaf geriliyi müşahidə edilib. Məlumata görə, 18 yaşlı inkişaf qüsurlu qız öz adını belə yaza bilməyib, bəzi uşaqlar isə demək olar ki, danışa bilməyəcək vəziyyətdə olublar.
Hadisə ilə bağlı uşaqların valideynləri Qari Sayders Jr. və Kristina Sayders, həmçinin nənə və babaları Qari Sayders Sr. və Elizabet Sayders saxlanılıb. Onlara uşaqların həyatını təhlükəyə atmaq və ciddi fiziki zərərə səbəb olmaq ittihamı irəli sürülüb.
Ohayo Baş prokuroru Endi Uilson bu hadisəni peşə fəaliyyəti dövründə rastlaşdığı ən dəhşətli hadisələrdən biri adlandırıb. Onun sözlərinə görə, uşaqların yaşadığı şərait "təsəvvürəgəlməz" olub.
Fatimə Məmmədova
20:19 05.07.2026
Oxunuş sayı: 72