Manvel Qriqoryanın əsirlərlə bağlı etirafları yenidən müzakirə olunub
Ermənistanın sabiq müdafiə nazirinin müavini Manvel Qriqoryanın Azərbaycan əsirləri ilə bağlı açıqlamalarını əks etdirən videogörüntülər yenidən ictimai müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, videoda Manvel Qriqoryan özündə yüzlərlə azərbaycanlı əsirin olduğunu bildirir və onlardan birinin uzun müddət evində saxlanıldığını etiraf edir. Nəşr bu iddiaların beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə Konvensiyalarının tələblərinə zidd olduğunu qeyd edir.
Yazıda həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin münaqişə dövründə fəaliyyətinə dair suallar qaldırılır. Bildirilir ki, müxtəlif illərdə qurumun sənədlərində 54 azərbaycanlı əsirin Ermənistanda saxlanıldığı qeyd olunsa da, sonradan yalnız 17 nəfərin meyiti Azərbaycana təhvil verilib.
Nəşr Azərbaycanın itkin düşmüş şəxslərinin taleyinin hələ də tam aydınlaşdırılmadığını vurğulayaraq, Ermənistanı arxivləri açmağa, kütləvi məzarlıqların yerləri və itkin düşmüş şəxslər barədə məlumatları açıqlamağa çağırır.
Qeyd edək ki, məqalədə yer alan ittiham və qiymətləndirmələr mənbənin mövqeyini əks etdirir. Hazırda bu iddialarla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözügedən məqaləyə münasibəti təqdim olunmayıb.
15:45 05.07.2026
Oxunuş sayı: 66