Çin və Rusiya birgə hərbi təlimə başlayır
Çin və Rusiya hərbi dəniz qüvvələri iyulun 6-13-də Çinin Sindao (Qingdao) şəhəri sahillərində və ətraf hava məkanında birgə hərbi təlimlər keçirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi və Rusiyanın dövlət informasiya agentliyi “RİA Novosti” məlumat yayıb.
Çin Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, təlimlər başa çatdıqdan sonra hər iki ölkənin hərbi dəniz qüvvələrinin bir hissəsi Sakit okeanın müvafiq ərazilərində birgə dəniz patrul xidməti həyata keçirəcək.
Qeyd olunub ki, bu təlimlər hər il keçirilir və əsas məqsəd təhlükəsizlik sahəsində mövcud çağırışlara birgə cavab vermək, həmçinin regionda sülh və sabitliyin qorunmasına töhfə verməkdir.
Təlimlərdə iştirak etmək üçün Rusiyanın Sakit Okean Donanmasına məxsus kreyser, korvet, dizel-elektrik sualtı qayığı və xilasetmə gəmisi artıq Sindao limanına çatıb.
12:39 05.07.2026
Oxunuş sayı: 58