Cinayət törətmiş bloggerə verilən dəstək - İnsanlar nə üçün emosional davranır?
Son günlər həm sosial medianın həm də bəzi media qurumlarının gündəmində bir məsələ var - bir bloggerin həbs olunması. Qanun pozuntusu edərək avtomobil qəzası törətmiş "Arzum" adlı blogger bir nəfər sürücünün ölümünə səbəb olmuş və bunun nəticəsində məhkəmə qərarı ilə tiktokerə 5 il 2 ay həbs cəzası verilib. Bu həbs sosial şəbəkələrdə emosional reaksiyalara səbəb olub və insanlar məhkəmə qərarına etiraz etməyə başlayıblar. Maraqlıdır səhvi nəticəsində bir nəfərin ölümünə səbəb olmuş bloggerin həbs edilməsinə etiraz etmək nə dərəcədə düzgündür? Bundan əlavə bu məsələ nə üçün sosial şəbəkələrdə bu qədər böyük reaksiya gördü?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib:
Uzman psixoloq-psixoterapevt Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova qeyd edib ki, ilk baxışdan bu hadisə cəmiyyətin həyatı üçün həlledici görünməyə bilər: "Lakin koqnitiv psixologiya göstərir ki, insanlar hadisələrin obyektiv əhəmiyyətindən çox, həmin hadisələrin onlarda yaratdığı emosional təsirə reaksiya verməyə meyllidirlər. İnsan beyni emosional mövzulara daha çox diqqət ayırır. Beynimiz təhlükə, münaqişə, qalmaqal və cəza ilə bağlı xəbərləri adi xəbərlərdən daha tez seçir. Psixologiyada bu, təkamül prosesi ilə izah olunur. İnsan beyni təkamül prosesində təhlükələri vaxtında fərq etməyə uyğunlaşdığı üçün bu gün də qalmaqal, münaqişə və təhlükə ilə bağlı məlumatlara daha həssas reaksiya verir. Bundan əlavə, insanlar hadisənin özünə deyil, özlərini onun yerində təsəvvür etmələrinə reaksiya verirlər. Empatiya və hadisəyə başqasının baxış bucağından baxa bilməsi nəticəsində insanlar şüuraltı şəkildə "Bu mənim və ya yaxınlarımın başına gəlsəydi?" sualını verə bilir. Buna görə də mövzu artıq təkcə bir nəfər haqqında olmur, insanların öz təhlükəsizlik hissəsinə toxunur. Uzun müddət izlənilən ictimai fiqurlarla bağlı bəzi insanlarda parasosial münasibətlər də formalaşa bilər. Bu halda həmin şəxslə bağlı hadisələrə emosional reaksiyanın daha güclü olması mümkündür. Lakin bu mexanizm bütün izləyicilərə aid edilə bilməz. Sosial şəbəkələr emosional reaksiyaların yayılmasını sürətləndirə bilir. Bir hadisə haqqında minlərlə paylaşım, video və şərh gördükdə beynimiz həmin mövzunun cəmiyyət üçün çox vacib olduğu təəssüratını formalaşdıra bilir. İnsan davranışları sosial mühitdən güclü şəkildə təsirləndiyi üçün başqalarının reaksiyası çox vaxt bizim hadisəyə münasibətimizə də təsir göstərir. İnsan beyni ədalət hissəsinə qarşı çox həssasdır. İnsanlar qərarın doğru və ya yanlış olmasından asılı olmayaraq, ədalətlə bağlı mövzulara daha güclü emosional reaksiya verirlər. Çünki ədalət hissi cəmiyyət daxilində təhlükəsizlik və sabitlik duyğusunun əsas komponentlərindən biridir. Buna görə belə hadisələr insanlarda uzun müzakirələr yaradır. Sosial psixologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, güclü emosiyalar sosial mühitdə sürətlə yayıla bilir".
Psixoloq əlavə edib ki, buna görə də sosial şəbəkələrdə çox sayda narahat və ya qəzəbli reaksiyalar gördükdə, əvvəlcə neytral mövqedə olan insanlar da oxşar emosiyalar yaşaya bilirlər: "Gündəlik həyatın psixoloji yükü də insanların diqqətini bu cür mövzulara yönəldə bilir. Stress, iqtisadi çətinliklər və şəxsi problemlər yaşayan insanlar bəzən öz narahatlıqlarından qısa müddətlik uzaqlaşmaq üçün diqqətlərini xarici hadisələrə yönəldə bilirlər. Bu, insanın psixoloji yükünü qısa müddətə azaltmağa xidmət edən təbii müdafiə mexanizmlərindən biri kimi qiymətləndirilə bilər. Ancaq burada vacib bir məqam var. Bir hadisəyə münasibət bildirmək normaldır. Lakin günlərlə yalnız bir mövzuya fokuslanmaq diqqətimizin və emosional enerjimizin böyük hissəsini həmin hadisəyə yönəltməyimizə səbəb ola bilər. Özümüzə bəzən belə bir sual vermək faydalıdır: "Bu mövzu mənim həyatımı real olaraq dəyişəcəkmi, yoxsa sadəcə emosiyalarımı məşğul edir?" Əgər cavab ikinci variantdırsa, deməli diqqətimizi bizi inkişaf etdirən, psixoloji rifahımıza və şəxsi həyatımıza real təsir edən məsələlərə yönəltmək daha sağlam seçim olacaq. Unutmayaq ki, cəmiyyətin psixoloji sağlamlığı yalnız hadisələrə reaksiya verməklə deyil, hansı hadisələrə nə qədər diqqət, vaxt və emosional enerji ayırdığımızı şüurlu şəkildə seçə bilməyimizlə formalaşır".

Sosioloq Rəvan Əliyev əlavə edib ki, son günlər cəmiyyətdə geniş müzakirə olunan bu hadisə əslində müasir informasiya cəmiyyətinin və sosial şəbəkələrin insan davranışına təsirinin bariz nümunəsidir: "Sosial şəbəkələrdə tanınmış şəxslərlə bağlı baş verən hadisələr insanların diqqətini daha sürətlə cəlb edir və kollektiv müzakirə predmetinə çevrilir. Bu hal “emosional identifikasiya” kimi xarakterizə olunur. İnsanlar tanıdıqları və uzun müddət izlədikləri şəxslərin həyatında baş verən hadisələrə öz şəxsi problemləri qədər həssas yanaşırlar. Bu isə ictimai reaksiyanın miqyasını genişləndirir. Digər tərəfdən, müasir rəqəmsal platformaların alqoritmləri daha çox emosional və mübahisəli məzmunu ön plana çıxardığından, bəzi mövzular real ictimai əhəmiyyətindən daha böyük informasiya gündəmi formalaşdıra bilir. Nəticədə, cəmiyyətin diqqəti bir müddət həmin məsələyə yönəlir və digər sosial problemlər arxa planda qalır. Bununla yanaşı, vətəndaşların müxtəlif qərarlara münasibət bildirməsi və hüquqi prosesləri müzakirə etməsi də normal ictimai davranış formasıdır. Lakin hər bir məsələyə hüquqi dövlət prinsipləri, məhkəmə qərarlarının legitimliyi və qanunun aliliyi çərçivəsində yanaşmaq daha sağlam ictimai mövqenin formalaşmasına xidmət edir".
Ayhan
18:30 04.07.2026
Oxunuş sayı: 62