İbtidai sinifdə dərs keçən müəllimlərin sayı - Artırıla bilər
İbtidai sinif müəllimliyi Azərbaycanda daha çox qadınların üstünlük təşkil etdiyi peşələrdən biridir. Kişilərin bu sahədə fəaliyyət göstərməsi isə həm təhsil mühitində, həm də cəmiyyətdə fərqli yanaşmaların formalaşmasına səbəb ola bilər. Bu məsələ müstəlif zamanlarda müzakirə edilib. Kişi müəllimlərin ibtidai sinifdə dərs keçməsi bəzilərinə görə müsbət, bəzilərinə görə isə mənfi qarşılanır. Bəs ibtidai siniflərdə kişi müəllimlərin sayının artması uşaqların yetişməsinə və təhsil prosesinə necə təsir edə bilər?
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, ibtidai siniflərdə kişi müəllimlərin sayının artmasının uşaqların tərbiyəsinə və yetişməsinə təsirini birtərəfli şəkildə qiymətləndirmək olmaz:
“Ölkəmizdə ibtidai siniflərdə qadın müəllimlərin sayı daha çoxdur. Kişilərin ibtidai siniflərdə dərs keçməsi isə hazırda əsasən regionlarda, bəzi kəndlərdə müşahidə edilir. Kişi müəllimlərin artmasının tərbiyədə və yaxud uşağın yetişməsində qadın müəllimlərin olmasından daha əhəmiyyətli rol oynaya biləcəyini birtərəfli şəkildə demək olmaz. Əksi də mümkündür. Məsələn, çox zaman ibtidai siniflərdə dəcəllik edən uşaqlar olur və qadın müəllimlər onları müəyyən yollarla islah edirlər. Bəzən uşağın başını sığallamaqla, ona sakit şəkildə yanaşmaqla bunu bacarırlar. Bunu uşağın valideyni, xüsusən də indi uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu, onları məktəbə aparıb-gətirənin də əsasən qadınlar olduğunu nəzərə alaraq anlayır. Amma kişi müəllim tərəfindən hər hansı uşağa acıqlanılması bəzən qarşı tərəfin valideyni, xüsusən də anası tərəfindən ciddi narazılıq və müəyyən təzyiqlə qarşılaşa bilər. Məsələnin bir psixoloji tərəfi də budur ki, sanki kişi müəllimlər ibtidai sinif müəllimi olaraq uşaqlara, xüsusilə də azyaşlılara dərs keçməkdən ehtiyatlanırlar. Demək olmaz ki, kişi müəllimlər həmin bilik və bacarıqlara malik deyillər və ya ibtidai sinif müəllimi olmaq istəmirlər. Amma sanki ibtidai sinif müəlliminin yükü çox ağırdır. Əslində bu yük həqiqətən də ağırdır. İbtidai sinif müəllimi öz üzərinə bilik verməklə yanaşı, bir növ valideyn missiyasını da götürür. Çünki bu gün uşaqların davranışları və xarakterləri həddən artıq müxtəlifdir. Ərköyünlüyün formaları da fərqlidir. Bunu bacarmaq, bilikdən əlavə, tərbiyəni nizamlamaq və bir növ valideyn olmaq missiyasını yerinə yetirməyi tələb edir. Təbii ki, evlərdə daha çox ev və sosial qayğıların kişilərin üzərində olduğunu nəzərə alsaq, kişilər məktəbdə bugünkü şagirdin, xüsusilə ibtidai sinif şagirdinin tərbiyəçisi olmaq funksiyasını bir çox hallarda çiyinlərinə götürə bilmirlər. Amma qadınlar bunu bacarırlar. Bu baxımdan qadınların daha güclü olduğunu desək, xəta etmərik. Düzdür, qadın müəllimlərin də ailə qayğıları var, amma həqiqətən də qadın ibtidai sinif müəllimlərinin uşaqların, şagirdlərin yetişib formalaşmasında bu gün rolu əvəzsizdir”.

H.İbrahimovun sözlərinə görə, ibtidai siniflərdə kişi müəllimlərin sayının artması gender balansının təmin edilməsi baxımından da əhəmiyyətlidir: “Əvvəlki dövrlərdə də qadın müəllimlərin statistikası az olmayıb, amma bu gün kişi müəllimlərin statistikası demək olar ki, yoxa enmək ərəfəsindədir. Kişi müəllimlərin sayının artmasının uşaqların yetişməsinə və təhsil prosesinə təsirinin əvvəlkindən daha yaxşı olacağını demək olmaz. Burada həmin kişi müəllimlərin səviyyəsindən, tərbiyə səviyyəsindən və məktəbdə tərbiyənin necə təşkil olunmasından çox şey asılıdır. Ancaq bütün hallarda burada qanunauyğunluq və gender bərabərliyi məsələsi var. Gender bərabərliyi yalnız eyni peşədə qadın və kişilərin bərabər şəkildə fəaliyyət göstərməsi ilə məhdudlaşmır. Gender balansının təhsildə, həm də gələcək nəslin formalaşması baxımından əhəmiyyətli sosial-psixoloji və mədəni kateqoriya olduğunu nəzərə almaq lazımdır. Təsəvvür edin ki, bir məktəbdə doqquz ibtidai sinif varsa və onların hamısında qadınlar dərs keçirsə, digər bir məktəbdə isə doqquz və ya on ibtidai sinif müəlliminin yarısı kişi, yarısı qadındırsa, sözsüz ki, ikinci halda yetişən şagirdlərin arasından daha istedadlı, daha fərqli və müsbət xarakterli gənclərin ortaya çıxması mümkündür. Çünki gender balansı yalnız cinslər arasında bərabərliyi təmin etməklə kifayətlənmir, həm də gələcək nəslin formalaşması baxımından əhəmiyyətli sosial-psixoloji və mədəni kateqoriyadır. Bu baxımdan, təbii ki, ibtidai siniflərdə kişi müəllimlərin statistikasının artmasına ehtiyac var. Yaxşı olardı ki, kişi müəllimlər ibtidai sinif müəllimi olmaq ixtisasını seçmirlərsə, heç olmasa ibtidai siniflərdə digər fənlər – istər fiziki tərbiyə, istərsə də rəsm dərsləri üzrə müəllimlərin sayının məhz kişi müəllimlərin hesabına artırılması təmin olunsun. Xüsusən də bugünkü ibtidai məktəblərin özündə müəyyən saatlarda kişi müəllimlər vətənpərvərlik, təlim-tərbiyə, davranış və sair məsələlərlə bağlı ayda bir-iki dəfə ibtidai siniflərdə məruzələr oxuya bilərlər. Təbii ki, bunu məktəblər özləri təşkil edib formalaşdırmalıdır. Çünki uşaqların bəzi nəsihətamiz fikirləri yalnız qadınlardan deyil, kişilərin dilindən də eşitməsi daha effektiv ola bilər. Yəni hər iki cinsin nümayəndəsindən tərbiyə və təlimin eşidilməsi daha effektiv rol oynayır”.
Zərnigar Hüseynli
12:00 20.08.2026
Oxunuş sayı: 43