Siyonizm irqçilik kimi tanınacaq - Böyük Britaniya qətnamə qəbul etdi
Britaniyanın Yaşıllar Partiyasının İngiltərə və Uels üzrə qurumu sionizmi irqçiliyin bir forması kimi qiymətləndirən qətnamə qəbul edib. Qətnamənin lehinə 1 022, əleyhinə isə 813 səs verilib. Bununla partiyanın bu məsələdə anti-sionist mövqeyi rəsmiləşdirilib.
Qərar Britaniyada İsrail-Fələstin məsələsinə dair siyasi müzakirələri yenidən gündəmə gətirib. Yaşıllar Partiyasının bu mövqeyinin ölkənin ümumi siyasi yanaşmasına və əsas siyasi qüvvələrin mövqelərinə mümkün təsiri isə ayrıca müzakirə mövzusudur.
Crossmedia.az-a açıqlamasında politoloq Natiq Miri Yaşıllar Partiyasının son qərarının Böyük Britaniyanın siyasi yanaşmasına ciddi təsir göstərəcəyini düşünmədiyini bildirib:

“Yaşıllar Partiyasının bu qərarı Böyük Britaniyanın məsələyə münasibətini təməldən dəyişməyəcək. Çünki Yaşıllar Partiyası Böyük Britaniya siyasi sistemində o qədər də nüfuzlu siyasi güc mərkəzi deyil. Mövcud hakimiyyətdə olan qüvvələr leyboristlərdir və onlara müxalif olan əsas siyasi qüvvə konservatorlardır, yəni mühafizəkarlardır”.
Politoloqun sözlərinə görə, ölkənin siyasi sistemində əsas hakimiyyət uğrunda mübarizə məhz bu iki partiya arasında gedir: “İndiki vəziyyətdə leyboristlərin cəmiyyətdə nüfuzunun azaldığı bir şəraitdə mühafizəkarlar, yəni konservatorlar seçkilərdə yeni hakimiyyətə hazırlaşırlar. Belə bir vəziyyətdə Yaşıllar Partiyasını xüsusi və əhəmiyyətli təsir vasitəsi kimi qiymətləndirmək doğru olmazdı”.
Natiq Miri qeyd edib ki, müəyyən səs çatışmazlığı yaranacağı təqdirdə Yaşıllar Partiyasının koalisiya baxımından əhəmiyyəti arta bilər: “Ola bilsin ki, Yaşıllar Partiyası parlamentdə bir neçə faizlə təmsil olunarsa və müəyyən səs çatışmazlığı yaranarsa, siyasi partiyalardan biri, istər mühafizəkarlar, istərsə də leyboristlər Yaşıllar Partiyası ilə koalisiya hökuməti qura bilər. Bu baxımdan Yaşıllar Partiyasının əhəmiyyəti qismən arta bilər. Ancaq bu, Yaşıllar Partiyasının baxışlarının bütövlükdə Böyük Britaniyanın siyasi mövqeyini dəyişəcəyi anlamına gəlmir”.
“Ona görə də bunu böyük və əhəmiyyətli dəyişiklik, yeni siyasi baxış kimi dəyərləndirmirəm”, - deyə politoloq əlavə edib.
Nigar Xəlilli
18:30 05.10.2026
Oxunuş sayı: 56