Kofe şəhəri necə oldu?
Bakının küçələrində gəzəndə bir şey diqqətdən yayınmır: hər küncdə, hər binanın altında, parkın kənarında, hətta metro çıxışlarında belə bir qoxu var. Təzə qovrulmuş qəhvə. Stəkan əlində tələsən gənclər, noutbuk açıb saatlarla oturanlar, səhər tezdən “flat white” sifariş verənlər… Şəhər sanki kofeşoplarla nəfəs alır.
Amma bir az geriyə getsək, bu mənzərə heç də təbii görünmür. Azərbaycan əsrlər boyu çay ölkəsi olub. Armud stəkan, qaynar çay, arxasında söhbət… Bu, bizim sosial kodumuz idi. Bəs necə oldu ki, birdən-birə şəhər kofe ilə doldu?
Əslində hekayə çox uzaqdan başlayır
XVI əsrdə Səfəvilər dövründə qəhvə artıq bu torpaqlara gəlmişdi. Qəzvində, Təbrizdə, Şamaxıda qəhvəxanalar açılırdı. Orada sadəcə içki içilmirdi. Şairlər oxuyurdu, aşıqlar saz çalırdı, insanlar siyasətdən, ticarətdən, həyatdan danışırdılar. Qəhvəxana o dövrün sosial şəbəkəsi idi. Sonra isə çay gəldi və qəhvəni kənara itələdi. Sovet illərində isə keyfiyyətli taxıl qəhvəsi demək olar ki, yoxa çıxdı. İnsanlar “Nescafe” ilə kifayətlənirdi.
Və birdən 2000-ci illərin sonu gəldi.
İlk peşəkar kofeşoplar açılmağa başladı. Əvvəlcə sayı barmaqla sayılacaq qədər az idi. İnsanlar hələ də “bu nədir axı?” deyə baxırdılar. Amma gənclər fərqli düşünürdü. Onlar üçün kofeşop sadəcə içki yeri deyildi. Orada oturmaq, noutbuk açmaq, dostlarla görüşmək, hətta tək qalmaq – yeni bir həyat tərzi demək idi. Instagram-da stəkanlı şəkillər, “coffee to go” mədəniyyəti, specialty kofe dalğası… Hamısı bir-birinin üstünə yığıldı.
Pandemiya isə prosesi sürətləndirdi. Restoranlar bağlı olanda insanlar küçədə, parkda, ofisə gedərkən stəkan əlində gəzməyə öyrəşdilər. Və artıq geri dönüş yox idi.
Bu gün Bakıda kofeşop açmaq sanki dəbə çevrilib. Bəziləri deyir ki, bu, sadəcə “Qərb modasıdır”. Bəziləri isə daha dərinə gedir: gənc nəsil artıq ənənəvi çayxananın mühitində özünü rahat hiss etmir. Onlar üçün kofeşop həm status, həm rahatlıq, həm də azadlıq simvoludur. 7-8 manata alınan bir fincan kofe, əslində, “mən burdayam, müasirəm” mesajı verir.
Maraqlısı odur ki, çay hələ də evlərdə, qonaqlıqlarda, kəndlərdə hökmranlığını saxlayır. Amma şəhərdə, xüsusən də Bakıda, oyun dəyişib. Kofe artıq sadəcə içki deyil. O, şəhərin yeni ritmidir.
Beləliklə, bir vaxtlar qəhvəxanalarda şeir oxunan bu torpaqda indi başqa bir hekayə yazılır. Stəkan əlində, noutbuk qarşısında, şəhərin səsi arasında…
Kofenin öz nərdivanı var
Hər kofe eyni deyil. Bəziləri səhəri yumşaq açır, bəziləri isə insanı bir anda oyatır. Bəziləri isə artıq sadəcə içki deyil – status, hekayə, hətta bir növ sənət əsəridir.
Gəlin bu nərdivanı birlikdə çıxaq.
Ən aşağı pillə – təmiz və sərt olanlar
Espresso. Kiçik fincanda, tünd, qatı. Heç bir maska yoxdur. Dadı da, xarakteri də açıq-aşkar. Onu sevənlər adətən “kofeni kofe kimi içmək istəyirəm” deyirlər. Americano da eyni ailədəndir – bir az daha yumşaq, bir az daha uzunömürlü.
Orta pillə – südün və köpüyün padşahlığı
Cappuccino, Flat White, Latte… Burada artıq tarazlıq axtarılır. Qəhvənin acılığı südün yumşaqlığı ilə görüşür. Flat White peşəkarların, cappuccino isə klassiklərin seçimidir. Latte isə sanki hər kəsə uyğun gələn “dost” kimidir – heç kimi incitmir.
Yuxarı pillə – şirin və oynamalı olanlar
Raf, Mocha, Spanish Latte, karamelli, fındıqlı, şokoladlı versiyalar… Burada kofe artıq tək başına deyil. O, digər dadlarla rəqs edir. Gənclərin, “şəkil üçün” gələnlərin və “bir az əyləncə istəyənlərin” zonasıdır. Fincan daha böyük, dad daha yumşaq, ab-hava daha rahat olur.
Ən yuxarı – sənət və hekayə
Specialty, single origin, V60, Chemex, Aeropress… Burada artıq sadəcə “kofe içmək” yoxdur. Taxılın haradan gəldiyi, necə qovrulduğu, hansı üsulla dəmləndiyi – hamısı önəmlidir. Barista sanki bir az aşpaz, bir az kimyaçı, bir az da artistə çevrilir. Bu səviyyədə kofe içmək, əslində, kiçik bir səyahətdir.
Və nərdivanın lap zirvəsində…
Dünyanın ən bahalı kofeləri dayanır.
Məsələn, Kopi Luwak – Indoneziyada xüsusi bir heyvanın (sivet) həzm sistemindən keçən taxıllardan hazırlanır. Və ya Panama-nın Geisha növü – elə bir ətir və dad verir ki, kofe biliciləri onu “kofe dünyasının şampanı” adlandırırlar. Bəzi nadir partiyalar hərraclarda elə qiymətlərə satılır ki, bir fincanı adi insanın aylıq kofe büdcəsinə bərabər ola bilir.
Amma maraqlısı odur ki, Bakıda da bu nərdivanın demək olar ki, bütün pillələri artıq var. Küçədəki kiçik kofeşopdan tutmuş, specialty brendlərə qədər… Hər kəs öz pilləsini seçir.
Bəziləri üçün kofe sadəcə oyanmaq üçündür.
Bəziləri üçün isə – özünü ifadə etmək.
Zeynəb Həsən
17:05 05.10.2026
Oxunuş sayı: 68