Ukrayna Avropadan qırıcı təyyarə və raket istəyir
Ukrayna Avropa İttifaqından (Aİ) əsasən pilotsuz uçuş aparatları (PUA), raketlər və qırıcı təyyarələr tələb edir.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Avropa Komissiyasının (AK) sözçüsü Balaş Ujvarinin sözlərinə görə, Kiyev Aİ-dən hava hücumundan müdafiə (HHM) sistemləri deyil, əsasən PUA, raket və qırıcı təyyarələr istəyir.
“Ukrayna HHM və ya ballistik raketlərə qarşı mübarizə vasitələri tələb edə bilər. Lakin indiyədək bütün müraciətlər PUA-lar, raketlər və qırıcı təyyarələrə yönəlib”, – deyə Ujvari bildirib.
AK nümayəndəsi qeyd edib ki, Kiyev ehtiyac duyduğu istənilən silahı Aİ-dən tələb etmək imkanına malikdir.
Ujvari bu açıqlamanı Ukrayna rəhbərliyinin HHM sistemlərinin tədarükü ilə bağlı çağırışlarına baxmayaraq, Aİ-nin niyə bu silahları təqdim etmədiyi barədə suala cavab olaraq verib.
Qeyd edək ki, daha əvvəl Finlandiyada Ukraynanın ehtiyacları üçün PUA istehsalına başlanacağı barədə məlumat yayılıb.
16:26 20.08.2026
Oxunuş sayı: 50