İran və Rusiya Rəşt-Astara layihəsində razılaşmaya hazırlaşır
İran ölkədə vəziyyət sabitləşdikdən sonra Rusiya ilə birgə infrastruktur layihələrinin həyata keçirilməsini sürətləndirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlaliyə istinadən məlumat yayıb.
Diplomat bildirib ki, mövcud şəraitdə Tehran və Moskva arasında təmaslar davam edir və əsas məqsəd birgə layihələrin icrasını davam etdirmək, vəziyyət sabitləşdikdən sonra isə bu işləri sürətləndirməkdir.
Onun sözlərinə görə, Buşehr Atom Elektrik Stansiyası üzərində işlər hazırda davam edir.
Kazem Cəlali qeyd edib ki, tərəflər bir sıra infrastruktur və iqtisadi layihələr üzrə danışıqlar aparır. Əsas layihələrdən biri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yoludur. Səfirin sözlərinə görə, layihənin həyata keçirilməsi ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.
Tərəflər, həmçinin Rusiya qazının İrana nəqli və bunun üçün zəruri infrastrukturun yaradılması daxil olmaqla enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər.
14:17 20.08.2026
Oxunuş sayı: 52