Azərbaycan və Qırğızıstan məhkəmə sahəsində əməkdaşlığı artırır
Azərbaycan Ali Məhkəməsində Qırğızıstan Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Crossmedia.az-a bu barədə Ali Məhkəmədən məlumat verilib.
Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələrin inkişaf etdiyini bildirib. Türk dövlətlərinin ali məhkəmələri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar və rəqəmsallaşma istiqamətində görülən işlər barədə məlumat verilib. “Elektron məhkəmə” informasiya sisteminin inkişafı, süni intellekt və digər innovativ texnologiyaların tətbiqinin məhkəmə xidmətlərinin daha operativ və əlçatan olmasına imkan yaratdığı qeyd edilib.
Nurlan Alişeroviç Musayev səfərin əsas məqsədinin Azərbaycanda “Elektron məhkəmə” sisteminin fəaliyyəti ilə tanış olmaq və ölkənin bu sahədə təcrübəsini öyrənmək olduğunu bildirib.
Nümayəndə heyətinin rəhbəri Azərbaycan məhkəmə sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib və iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
14:41 20.08.2026
Oxunuş sayı: 60