Azərbaycan–Özbəkistan münasibətləri: dostluqdan strateji müttəfiqliyə
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə Mərkəzi Asiya və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi dinamika qazanıb. Tarixi, milli-mədəni və mənəvi yaxınlığa əsaslanan əlaqələr Prezident İlham Əliyevin xarici siyasət kursunda mühüm istiqamətlərdən birinə çevrilib. Azərbaycan dövlət başçısının Türk dünyası ilə əlaqələrin gücləndirilməsinə, Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsinə verdiyi xüsusi önəm Azərbaycan–Özbəkistan münasibətlərinin də yeni səviyyəyə yüksəlməsinə imkan yaradıb.
Prezident İlham Əliyevin təşəbbüsləri və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qurduğu qarşılıqlı etimada əsaslanan siyasi dialoq nəticəsində iki ölkə arasında münasibətlər ənənəvi dostluq və tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu proses yalnız yüksək səviyyəli qarşılıqlı səfərlərlə məhdudlaşmayıb, siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə konkret layihələrlə müşayiət olunub.
İlham Əliyevin 2022-ci ildə Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ olub. Səfər zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. 2023-cü ildə Prezident Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri isə qarşılıqlı siyasi iradənin daha bir göstəricisi kimi qiymətləndirilib. Səfər çərçivəsində Qarabağdakı yenidənqurma işlərinə göstərilən diqqət və Özbəkistanın təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına müasir məktəbin inşa olunması iki ölkə arasındakı dostluğun humanitar müstəvidə mühüm nümunəsinə çevrilib.
Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına verdiyi önəm Azərbaycanın bu regionla əlaqələrinin genişlənməsində də özünü göstərir. Azərbaycan dövlət başçısının Özbəkistanla yanaşı, digər Mərkəzi Asiya dövlətləri ilə intensiv siyasi və iqtisadi təmasları Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Xüsusilə nəqliyyat-kommunikasiya layihələri, Orta Dəhlizin inkişafı və Xəzər üzərindən Avropa ilə Asiyanı birləşdirən marşrutların genişləndirilməsi Azərbaycan–Özbəkistan əməkdaşlığına strateji əhəmiyyət qazandırır.
Bu siyasətin nəticəsi olaraq 2023-cü ildə Azərbaycan və Özbəkistan arasında Ali Dövlətlərarası Şura yaradılıb. 23 avqust 2024-cü ildə Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin iştirakı ilə imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə isə ikitərəfli əlaqələrin inkişafında tarixi mərhələ olub. Sənəd iki ölkənin münasibətlərini hüquqi baxımdan müttəfiqlik səviyyəsinə yüksəldib və qarşılıqlı əməkdaşlığın uzunmüddətli perspektivlərini müəyyənləşdirib.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsi təsadüfi proses deyil. Bu, Prezident İlham Əliyevin Türk dünyasının birliyinin gücləndirilməsi, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişləndirilməsi və ölkənin regional nəqliyyat, enerji və iqtisadi layihələrdə rolunun artırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən biridir.
Bu münasibətlərin inkişafı eyni zamanda Azərbaycan və Özbəkistanın regional məsələlərdə mövqelərinin yaxınlaşmasına, qarşılıqlı dəstəyin güclənməsinə və iki ölkənin beynəlxalq platformalarda daha sıx əməkdaşlıq etməsinə şərait yaradır. Mövcud siyasi iradə və qarşılıqlı etimad göstərir ki, Azərbaycan–Özbəkistan müttəfiqliyi qarşıdakı illərdə yalnız ikitərəfli əlaqələrin deyil, bütövlükdə Türk dünyasında əməkdaşlığın mühüm dayaqlarından biri olaraq qalacaq.
Ayhan
16:00 20.08.2026
Oxunuş sayı: 44