Azərbaycan rəqəmsal gələcəyə keçir: ölkənin strateji modernləşmə xəritəsi formalaşır
Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkədə rəqəmsal transformasiya siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm hadisədir. İclasın ən yüksək dövlət səviyyəsində təşkil olunması rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiyalar və müasir texnologiyaların tətbiqinin artıq təkcə texnoloji inkişaf məsələsi deyil, eyni zamanda dövlət idarəçiliyi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, milli təhlükəsizliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf baxımından strateji prioritet kimi qəbul edildiyini göstərir. Müasir dövrdə dünyada rəqəmsal texnologiyalar üzrə rəqabətin sürətlə artdığı bir şəraitdə Azərbaycanın da bu istiqamətdə institusional mexanizmləri gücləndirməsi, rəqəmsal inkişafın koordinasiyasını vahid platforma üzərindən həyata keçirməsi və gələcək çağırışlara hazırlaşması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Rəqəmsal İnkişaf Şurasının yaradılması və fəaliyyətə başlaması ölkənin rəqəmsal gələcəyinə dair strateji baxışın formalaşdırılması istiqamətində atılmış mühüm addımlardan biri hesab olunur. Bu baxımdan belə bir sual yaranır: Azərbaycanın yaxın gələcək perspektivində Rəqəmsal İnkişaf Şurasının fəaliyyətini necə görəcəyik? Artıq demək olarmı ki, süni intellekt, rəqəmsal transformasiya və innovasiyalar Azərbaycanın uzunmüddətli dövlət strategiyasının əsas istiqamətlərindən birinə çevrilib?
Mövzu ilə
bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər:
Milli Məclisin deputatı Fariz İsmayılzadə qeyd edib ki, hazırda dünyada süni intellekt ən böyük
texnoloji trendlərdən biridir və həm dövlət idarəçiliyində, həm də müxtəlif
texnologiya sahələrində ciddi dəyişikliklərə səbəb olur: "Azərbaycan da bu
qlobal trendlərdən geri qalmamalıdır. Çünki gələcəkdə süni intellekt təkcə
inkişaf məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilə bilər. Bu
texnologiyalar ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun daha da güclənməsində
mühüm rol oynaya bilər. Artıq bir sıra ölkələr süni intellektin imkanlarından
ordu quruculuğunda, müdafiə və hərbi idarəetmə sahələrində geniş şəkildə
istifadə edirlər. Azərbaycan da tarixi qələbəsindən sonra ordusunu və təhlükəsizlik
sistemini daim təkmilləşdirməlidir”.

Deputat əlavə edib ki, yeni texnologiyalar yalnız ordumuz üçün deyil, eyni zamanda dövlət idarəçiliyi, iqtisadi inkişaf, istehsalat prosesləri və digər sahələr üçün də olduqca vacibdir: “Buna görə də süni intellektin tətbiqi bütün istiqamətlərdə prioritet məsələlərdən biri hesab olunmalıdır. Təsadüfi deyil ki, cənab Prezident bu məsələyə xüsusi diqqət yetirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə bu sahədə daimi fəaliyyət göstərəcək Şura yaradılıb. Həmin Şura nazirliklər arasında koordinasiyanı təmin edəcək. Mehriban xanımın bu prosesə rəhbərlik etməsi həm mövzunun dövlət üçün əhəmiyyətini, həm də bu istiqamətə ayrılan diqqət və resursları göstərir. Eyni zamanda bu, gələcəkdə görüləcək işlərin daha sürətli, sistemli və koordinasiyalı şəkildə həyata keçiriləcəyinə inam yaradır”.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov qeyd edib ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasının Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilməsi mühüm siyasi və strateji mesajdır: "Bu, onu göstərir ki, Azərbaycanda rəqəmsal transformasiyaya yalnız texniki məsələ kimi yanaşılmır. Əksinə, bu istiqamət dövlətin gələcək inkişaf modeli kimi qəbul olunur və olunmalıdır. Burada söhbət təkcə hansısa dövlət xidmətinin elektron formaya keçirilməsindən getmir. Məsələ daha geniş və strateji məna daşıyır. Söhbət dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasından, vacib qərarların daha səmərəli qəbul edilməsindən, iqtisadiyyatın yeni texnologiyalar əsasında inkişafından, süni intellektin tətbiqindən, kibertəhlükəsizliyin gücləndirilməsindən və ən əsası Azərbaycanın qlobal rəqəmsal dövrdə öz layiqli yerini tutmasından gedir. Belə bir sual yarana bilər ki, bu Şura nə üçün yaradıldı? Məncə, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan sürətlə inkişaf edən rəqəmsal dövrün çağırışlarına və tələblərinə uyğunlaşmalıdır. Bu proses ölkəmiz üçün həm böyük fürsətlər, həm də müəyyən risklər yaradır. Əsas məsələ həmin risklərin vaxtında aradan qaldırılması və mövcud imkanlardan maksimum səmərə ilə istifadə edilməsidir. Rəqəmsal inkişaf ayrı-ayrı dövlət qurumlarının pərakəndə fəaliyyəti ilə həyata keçirilə bilməz. Bir qurum bir istiqamətdə, digər qurum isə başqa istiqamətdə fəaliyyət göstərərsə, bu, həm vaxt itkisinə, həm də resursların səmərəsiz istifadəsinə səbəb olar. Digər tərəfdən, vətəndaş üçün rahatlıq və operativlik də təmin olunmaz. Məhz buna görə də belə bir Şuranın yaradılması dövlət qurumları arasında vahid yanaşmanın formalaşdırılması baxımından olduqca vacib addımdır. Başqa sözlə desək, Rəqəmsal İnkişaf Şurası bu sahədə koordinasiya mərkəzi rolunu oynayacaq. Dövlət qurumları arasında əməkdaşlığı təmin edəcək, hansı layihələrin icra olunacağını, süni intellektin hansı sahələrdə tətbiq edilə biləcəyini, dövlət xidmətlərinin vətəndaşlara daha rahat şəkildə necə təqdim olunacağını, eləcə də mövcud risklərin necə idarə olunacağını müəyyənləşdirəcək”.

M.Cəbrayılov qeyd edib ki, bütün bu məsələlər artıq sistemli şəkildə idarə olunacaq: “Bu gün rəqəmsal inkişaf dövrünə uyğunlaşmaq konkret olaraq nə deməkdir? Sadə dillə desək, bu, dövlətin, iqtisadiyyatın və cəmiyyətin zamanın tələblərinə uyğunlaşması, baş verən dəyişikliklərə çevik şəkildə cavab verməsi deməkdir. Bu gün bank sektorunda, təhsildə, səhiyyədə, nəqliyyatda, təhlükəsizlik sahəsində, dövlət xidmətlərində, bir sözlə, bütün əsas sektorlarda süni intellektdən və rəqəmsal texnologiyalardan istifadə olunur. Azərbaycan da bu prosesdən kənarda qala bilməz və qalmır. Müsbət cəhət ondan ibarətdir ki, Azərbaycan bu prosesə təsadüfi deyil, planlı və strateji yanaşır. Artıq süni intellekt, rəqəmsal innovasiyalar, elektron hökumət və kibertəhlükəsizlik dövlət siyasətinin mühüm strateji istiqamətlərindən birinə çevrilir. Hesab edirəm ki, artıq süni intellekt və rəqəmsal innovasiyalar Azərbaycanda dövlət siyasətinin strateji səviyyəsinə yüksəlib. Burada əsas məqsəd sadəcə texnologiyanı əldə etmək deyil. Əsas məqsəd texnologiyanı Azərbaycanın milli maraqlarına uyğun şəkildə tətbiq etməkdir. Bu, çox vacib məqamdır. Çünki müasir dünyada texnologiya həm böyük imkanlar yaradır, həm də ciddi risklər meydana çıxarır. Bir tərəfdən rəqəmsallaşma vətəndaşlara daha rahat xidmət göstərilməsini təmin edir, biznes mühitini asanlaşdırır və dövlət idarəçiliyinin səmərəliliyini artırır. Digər tərəfdən isə məlumat təhlükəsizliyi, xarici texnoloji asılılıq, kiberhücumlar və informasiya manipulyasiyası kimi risklər də ortaya çıxır. Məhz burada rəqəmsal suverenlik məsələsi ön plana çıxır. Mən bu mövzuya müxtəlif konfranslarda və elmi yazılarımda dəfələrlə toxunmuşam. Rəqəmsal suverenlik o deməkdir ki, dövlət öz məlumatlarını, rəqəmsal infrastrukturunu, texnoloji imkanlarını və informasiya məkanını milli maraqlar əsasında qorumalı və idarə etməlidir. Bu gün dünyada “rəqəmsal imperializm” adlandırılan bir reallıq da mövcuddur. Böyük texnologiya şirkətləri təkcə bazarlara deyil, həm də məlumatlara, platformalara, alqoritmlərə nəzarət etməklə ölkələrin iqtisadi və informasiya məkanına təsir göstərirlər”.
M.Cəbrayılov Azərbaycanın yanaşmasının qlobal texnologiyalardan istifadə etmək və dünya təcrübəsini öyrənməkdən ibarət olduğunu qeyd edib: “Bunu dəfələrlə cənab Prezidentin çıxışlarında da eşitmişik. Lakin bütün qərarlar milli maraqlarımıza uyğun şəkildə qəbul edilməlidir. Bu, kifayət qədər sağlam yanaşmadır və dövrün tələblərinə uyğun qəbul edilmiş qərardır. Çünki müasir dövrdə tam qapalı qalmaq mümkün deyil. Eyni zamanda tam asılı vəziyyətə düşmək də kifayət qədər təhlükəlidir. Doğru yol balanslı yanaşmadır. Yəni əməkdaşlıq etmək, öyrənmək, tətbiq etmək, lakin eyni zamanda öz rəqəmsal suverenliyimizi qorumaq əsas məsələdir. Düşünürəm ki, Rəqəmsal İnkişaf Şurasının fəaliyyətini yaxın gələcəkdə bir neçə əsas istiqamətdə görəcəyik. Birincisi, dövlət xidmətləri daha da sadələşdiriləcək. Vətəndaşların hər hansı bir xidmət almaq üçün qurum-qurum gəzməsinə ehtiyac qalmayacaq. Bu istiqamətdə artıq “ASAN xidmət” modeli yaradılıb və uğurla fəaliyyət göstərir. Lakin bununla yanaşı, görüləsi işlər hələ də kifayət qədərdir. Gələcəkdə xidmətlərin daha böyük hissəsi elektron platformalar üzərindən təqdim olunacaq. Bu isə həm vaxta qənaət deməkdir, həm də dövlət-vətəndaş münasibətlərində məmnunluğun artması deməkdir. İkincisi, süni intellektin dövlət idarəçiliyində tətbiqi daha da genişlənəcək. Məsələn, vətəndaş müraciətlərinin daha operativ cavablandırılması, dövlət xidmətlərinin daha müasir və sürətli şəkildə göstərilməsi, eləcə də qərarların daha dəqiq məlumatlar əsasında qəbul olunması mümkün olacaq. Bunlar süni intellektin təqdim etdiyi mühüm üstünlüklərdir. Süni intellekt təkcə dövlət qurumları üçün deyil, ümumilikdə cəmiyyət üçün böyük imkanlar yaradır. Rəqəmsal İnkişaf Şurasının yaradılması da məhz bu imkanların düzgün qiymətləndirilməsi və səmərəli istifadəsinə xidmət edir. Üçüncüsü, kibertəhlükəsizlik daha da ön plana çıxacaq. Çünki rəqəmsallaşma artdıqca qorunmalı olan məlumatların həcmi də artır. Dövlət informasiya sistemləri, bank sektoru, nəqliyyat, təhsil və digər strateji əhəmiyyət daşıyan sahələr rəqəmsal mühitdə bir-biri ilə sıx əlaqəlidir. Bu sahələrin təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilir. Ona görə də kibertəhlükəsizlik məsələsi gələcək dövrdə daha da aktuallaşacaq. Dördüncüsü, innovasiya və startap ekosisteminin inkişafı daha da sürətlənəcək. Mən hesab edirəm ki, bu istiqamət Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Gənclərin, texnologiya sahəsində çalışan mütəxəssislərin və innovativ ideyaların inkişafı üçün daha geniş imkanlar yaranacaq. Bu isə ölkəmiz üçün yeni iqtisadi modelin formalaşmasına töhfə verəcək. Neft və qaz sektoru ilə yanaşı, gələcəkdə texnologiyalar, bilik iqtisadiyyatı və rəqəmsal xidmətlər də Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindən birinə çevrilə bilər. Beşincisi, düşünürəm ki, təhsil sistemi də bu dəyişikliklərə uyğunlaşdırılmalıdır. Çünki rəqəmsal dövlət qurmaq üçün təkcə texnologiya kifayət etmir. Bunun üçün güclü insan kapitalı lazımdır. Süni intellekti anlayan, kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlara malik olan, innovativ düşüncə tərzinə sahib yeni nəsil mütəxəssislər yetişdirilməlidir. Süni intellekt dövrü məhz bunu tələb edir. Bu baxımdan məktəblərdə, universitetlərdə və peşə təhsili müəssisələrində rəqəmsal bacarıqların gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Və nəhayət, ən vacib məqam ondan ibarətdir ki, bütün bu proseslər vətəndaşın gündəlik həyatına real nəticələr verməlidir. Rəqəmsal transformasiya o zaman uğurlu hesab olunur ki, vətəndaş dövlət xidmətlərini daha rahat əldə edir, sahibkar daha az bürokratik maneə ilə qarşılaşır, dövlət daha çevik və əsaslandırılmış qərarlar qəbul edir, iqtisadiyyat daha rəqabətli olur və ölkənin təhlükəsizliyi daha da möhkəmlənir. Bu mənada Rəqəmsal İnkişaf Şurasının yaradılması Azərbaycanın gələcəyə baxışının mühüm göstəricisidir. Sadaladığım bütün məsələlər – rəqəmsallaşma, innovasiya, kibertəhlükəsizlik, iqtisadi inkişaf və milli maraqların qorunması – əslində bir-biri ilə sıx bağlıdır. Bu, həm modernləşmədir, həm təhlükəsizlikdir, həm iqtisadi inkişafdır, həm də milli suverenliyin rəqəmsal müstəvidə qorunması deməkdir. Bu gün Azərbaycan rəqəmsal dünyada öz mövqeyini daha da gücləndirməyə çalışır. Mən hesab edirəm ki, Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti qarşıdakı illərdə dövlət idarəçiliyində, iqtisadiyyatda, təhsildə və təhlükəsizlik sahəsində ciddi müsbət nəticələr verəcək. Rəqəmsal İnkişaf Şurasının yaradılması vaxtında qəbul edilmiş və dövlətin ən mühüm strateji qərarlarından biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu Şuraya rəhbərlik etməsi isə dövlət qurumları arasında koordinasiyanın, qarşılıqlı etimadın və əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcək”.
Ayhan
14:10 04.07.2026
Oxunuş sayı: 144