Antarktidada sirli “antenna”nın sirri 60 il sonra açılıb
1964-cü ildə Antarktida yaxınlığında dərinliklərin tədqiqi zamanı “Eltanin” tədqiqat gəmisinin çəkdiyi və süni antennaya bənzəyən sirli obyektin əslində dəniz süngəri olduğu müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, "Popular Mechanics" bu barədə məlumat yayıb.
Çilinin Kapyorn burnundan təxminən 1 000 mil cənubda çəkilən ağ-qara fotoda dənizin dibində mərkəzdən ayrılan 12 şüası və hər şüanın sonunda yerləşən kürə formasında çıxıntısı olan qəribə obyekt əks olunub.
Obyektin qeyri-adi və simmetrik quruluşu onun təbii mənşəli olub-olmaması ilə bağlı suallar yaradıb. Həmin dövrdə ekspedisiyada iştirak edən dəniz bioloqu Tomas Hopkins New Zealand Herald qəzetinə bildirib ki, belə dərinlikdə işıq olmadığı üçün fotosintez mümkün deyil və burada bitkilərin yaşaması mümkün deyil.
Sirli görüntü sonradan “Eltanin antenası” adı ilə tanınıb və yadplanetlilərlə bağlı nəzəriyyələrin tərəfdarları arasında böyük maraq doğurub. Bəzi iddialarda obyektin gizli əməliyyatın bir hissəsi və ya naməlum müşahidə cihazı olduğu irəli sürülüb.
Lakin sonradan məlum olub ki, obyektin sirri əslində onilliklər əvvəl elmə məlum idi.
Alimlərin müəyyənləşdirdiyinə görə, görüntüdəki obyekt Chondrocladia concrescens adlı ətyeyən dəniz süngəridir.
Bu canlı ilk dəfə XIX əsrin sonlarında isveçrəli-amerikalı dəniz bioloqu Aleksandr Aqassis tərəfindən təsvir edilib.
Aqassis “Blake” gəmisinin Antarktida ekspedisiyası zamanı aşkar etdiyi nümunə barədə onun palçığa dərindən batan, budaqlanan köklərlə bitən uzun gövdəyə malik olduğunu yazıb. Onun təsvirinə görə, gövdədə dörd-altı toppuzşəkilli çıxıntıdan ibarət düyünlər yerləşirdi.
Beləliklə, uzun illər müxtəlif fərziyyələrə səbəb olan “Eltanin antenası”nın süni və ya yadplanetli mənşəli obyekt olmadığı, dənizin dərinliklərində yaşayan ətyeyən süngər olduğu məlum olub.
03:30 22.08.2026
Oxunuş sayı: 48