Hörmüz boğazından keçid pulsuz olmalıdır
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin "Hörmüz boğazı pulsuz olacaq" bəyanatı qlobal arenada rəsmi Vaşinqtonla Tehran arasında uzun illərdir davam edən strateji qarşıdurmanı yenidən alovlandırıb. Dünyanın ən mühüm enerji dəhlizlərindən biri hesab olunan və qlobal neft daşımalarının təxminən beşdə birinin reallaşdığı bu strateji keçid xüsusilə son dövrlər regional hərbi-siyasi böhranların mərkəzinə çevrilib. ABŞ-nin bu məsələdə beynəlxalq hüquqa söykənən iddiaları, eləcə də regiondakı tranzit dəniz yollarının mövcud statusu beynəlxalq ekspertlər tərəfindən böyük maraqla qarşılanır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Vaqif Hüseyn bildirib:
"Beynəlxalq hüquq baxımından məsələni belə qiymətləndirmək olar: əgər söhbət süni kanaldan deyil, təbii beynəlxalq boğazdan gedirsə, həmin boğazdan keçən dövlətlərdən birtərəfli qaydada ödəniş və ya xüsusi haqq tələb etmək ümumiyyətlə beynəlxalq hüququn prinsiplərinə uyğun hesab edilmir. Bu baxımdan, əgər Vensin nəzərdə tutduğu da budursa, onun fikrində müəyyən hüquqi əsas var".

Politoloq qeyd edib ki, bununla yanaşı, son hadisələrdən əvvəl də İranın Hörmüz boğazından keçən gəmilərin hərəkətinə sistemli şəkildə mane olması müşahidə olunmurdu: "Gərginlik əsasən son dövrdə baş verən hadisələr fonunda yaranıb. Əgər vəziyyət sabitləşərsə, boğazda gəmiçiliyin əvvəlki qaydada davam etməsi ehtimalı da mövcuddur".
Fatimə Cabbarlı
18:00 01.07.2026
Oxunuş sayı: 43