Putinin planı ifşa oldu - 2027-ci ilin yazında...
Rusiya–Ukrayna münaqişəsi artıq beşinci ildir davam edir. Müharibənin uzanması fonunda cəbhədə vəziyyətlə yanaşı, tərəflərin danışıqlardakı mövqeyi və münaqişəyə xaricdən göstərilən hərbi-siyasi dəstək də müzakirə olunur. ABŞ və Avropa ölkələri Ukraynaya müxtəlif istiqamətlərdə dəstək göstərir, Rusiyaya qarşı isə genişmiqyaslı sanksiyalar tətbiq edilir. Münaqişənin davam etməsi Ukraynada ciddi insan, ərazi və infrastruktur itkilərinə səbəb olmaqla yanaşı, ölkənin iqtisadi vəziyyətinə də təsir göstərir. Digər tərəfdən, Rusiya da hərbi əməliyyatlar və sanksiyalar fonunda müxtəlif itkilərlə üzləşir. Müharibənin hansı şərtlərlə başa çatacağı və tərəflərin danışıqlarda hansı mövqedən çıxış edəcəyi isə əsas suallardan biri olaraq qalır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Rusiya–Ukrayna münaqişəsində Rusiya hərbi və siyasi müstəvidə üstün tərəfdir:

"Rusiya–Ukrayna münaqişəsi artıq beş ildir ki, davam edir. Bu münaqişədə tərəflər təkcə Rusiya və Ukrayna deyil. Bu, NATO bloku ilə Rusiya arasında gedən bir savaşdır. NATO bloku bütün vasitələrlə bu münaqişədə de-fakto iştirak edir. Rusiyaya qarşı bir koalisiya yaradılıb. Koalisiyaya daxil olan dövlətlər Ukraynaya həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan birbaşa dəstək verir və bu münaqişənin tərəfidir. Başda Amerika Birləşmiş Ştatları olmaqla NATO bloku münaqişədə de-fakto iştirak etsə də, hərbi və siyasi müstəvidə Rusiya qalib tərəfdir. Çünki Rusiya Ukrayna ərazisinin 20 faizinə nəzarət edir və onun hərbi maşını Ukraynanın dərinliklərinə doğru irəliləməkdədir. Siyasi müstəvidə də ona görə qalib tərəfdir ki, danışıqlar prosesində diktə edən tərəf Rusiyadır. Rusiyanın şərtləri qəbul edilməyincə münaqişənin dayanması qeyri-mümkündür. Prosesin gedişi onu göstərir ki, münaqişə uzandıqca bundan ən çox zərər çəkən Ukrayna xalqı və Avropa dövlətləridir. Ukrayna həm infrastrukturu, həm ərazisi, həm də canlı qüvvəsi, yəni əsgərləri baxımından itkilərə məruz qalır. Eyni zamanda Ukrayna iqtisadi tənəzzülə uğrayır. Artıq Avropa dövlətlərində də iqtisadi xaos başlayıb və tədricən iqtisadiyyatın çökməsi prosesi gedir".
Politoloq qeyd edib ki, münaqişə uzandıqca ən böyük zərbə Avropa dövlətlərinə və Ukrayna xalqına dəyir.
"Təbiidir ki, münaqişənin digər tərəfi olan Rusiya da tətbiq olunan sanksiyalar və hərbi əməliyyatlar səbəbindən itkilərə məruz qalır. Ümumilikdə, Rusiya–Ukrayna münaqişəsi dünyanın iqtisadi və siyasi sisteminə köklü şəkildə təsir edir. Rusiya müasir silahlarla Ukraynanın arxa cəbhəsinə, xüsusilə Avropa hissəsinə vurulan zərbələrlə onun enerjisini və iqtisadiyyatını iflic vəziyyətinə salır. Bu da Ukraynanın arxa cəbhəsində daha ağır vəziyyət yaradır. Zelenski bu vəziyyətdən çıxış üçün ABŞ və Avropa dövlətlərindən hava hücumundan müdafiə üçün müasir silahlar xahiş edir. Lakin nə qədər silah əldə edilsə də, bunlar Rusiyanı geri çəkilməyə məcbur edəcək gücdə deyil. Ona görə də Ukrayna Rusiyanın şərtlərini qəbul etməyə məcburdur. Rusiyanın şərtləri qəbul edilmədikcə münaqişə uzanacaq. Lakin proses göstərir ki, münaqişənin uzanmasında maraqlı olan qüvvələr var. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının aparıcı dövlətləri bu münaqişənin uzunmüddətli fazaya keçməsində maraqlıdırlar. Zelenskini qızışdıraraq münaqişəni uzatmaq üçün ona həm maddi, həm də silah-sursat dəstəyi vədləri verirlər. Zelenski Rusiyanın şərtlərini qəbul etmir və təbii ki, belə olan təqdirdə münaqişə daha da uzanır. Rusiya da münaqişənin dayanmasında maraqlıdır, lakin hərbi və siyasi müstəvidə üstün tərəf olduğu üçün öz şərtləri qəbul olunmayana qədər razılıq verməyəcək. Reallıq ondan ibarətdir ki, hər iki tərəf həm maddi, həm insan resursları, həm də psixoloji baxımdan böyük əziyyət çəkir. Zelenski hakimiyyətdə olduğu müddətdə münaqişənin dayanması real görünmür. Çünki bu münaqişədə Zelenski söz sahibi deyil. Münaqişəni yaradan qüvvələr — başda ABŞ olmaqla NATO bloku bu ssenarini öncədən hazırlamışdı və nəticədə Ukraynanı Zelenskinin əli ilə bu münaqişəyə sürüklədilər. ABŞ-nin keçmiş prezidenti Tramp da açıq şəkildə bildirdi ki, bu münaqişəni Bayden yaradıb. Bayden ABŞ-nin prezidenti kimi bu strategiyanı həyata keçirən şəxs idi. Deməli, münaqişənin arxasında duran əsas qüvvə ABŞ-dir, Zelenski isə sadəcə bir alətdir, oyunçudur. Qərb və ABŞ hansı havanı çalırsa, Zelenski də onu oynayır. İndi ABŞ və Qərb Zelenskiyə Rusiyanın şərtlərini qəbul edib sənədə qol çəkməyi təlqin etsələr, o, buna məcbur olacaq. Lakin bu gün onlar üzdə sülhdən danışsalar da, əməldə münaqişəni uzatmaq üçün Zelenskini təhrik edir və Ukrayna xalqını böyük itkilərə məruz qoyurlar. Rusiya isə şərtləri qəbul edilənədək Ukraynanın dərinliklərini, strateji obyektlərini vurmaqla onu şərtsiz təslimçilik sənədinə imza atmalı edəcək. Gedişat göstərir ki, Rusiya bu münaqişədə öz şərtlərini diktə edəcək".
Zeynəb Həsən
15:15 30.09.2026
Oxunuş sayı: 93