İlahiyyatçı: Aşura günü baş yarmaq və özünə xəsarət yetirmək dinimizdə yoxdur
Bu gün müsəlman aləmində Aşura günü qeyd olunur. Qeyd edək ki, Aşura günü İslam tarixində mühüm hadisələrlə əlaqələndirilir və xüsusi əhəmiyyət daşıyır. Bu gün bir çox insanlar ibadət edir, dualar oxuyur və oruc tutur. Eyni zamanda, Aşura günü ilə bağlı müxtəlif dini ənənələr mövcuddur. Mövzunun mahiyyətini daha yaxşı anlamaq üçün ilahiyyatçı ilə həmsöhbət olduq.
Crossmedia.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov aşura günü ilə bağlı danışıb:

"Biz İslam dini mənbələrinə baxdıqda görürük ki, Aşura günü İslam tarixində və müsəlmanların mənəvi yaddaşında xüsusi yer tutan günlərdən biridir. Təəssüf ki, bu gün ətrafında zamanla müxtəlif ənənələr, emosional yanaşmalar və hətta dinin ruhuna uyğun olmayan davranışlar da formalaşıb. Ona görə də Aşura gününün əhəmiyyətini Qurani Kərim, Peyğəmbər sünnəsi və İslam alimlərinin mövqeyi əsasında düzgün anlamaq vacibdir.
Bizə məlumdur ki, Məhərrəm ayı Quranda hörmətli və müqəddəs aylardan biri kimi qeyd olunur. Allah Təala buyurur: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Onlardan dördü haram aylardır". (Tövbə, 36)
Təfsir alimlərinin ittifaqına görə həmin aylardan biri də Məhərrəm ayıdır. Məhəmməd peyğəmbər (s.ə.s) bu ay haqqında buyurur: "Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur".
(Səhih Müslim, 1163)
Diqqət etsək görərik ki, Peyğəmbərimiz (s.ə.s) Məhərrəm ayını hüzn ayı deyil, ibadət və mənəvi yüksəliş ayı kimi təqdim edir. Aşura isə Məhərrəm ayının onuncu günüdür. Bu günün fəziləti ilə bağlı ən mötəbər məlumatlar Musa peyğəmbərin (əleyhissalam) Fironun zülmündən xilas olması ilə bağlıdır. Peyğəmbərimiz (s.ə.s) Mədinəyə gəldikdə yəhudilərin həmin gün oruc tutduğunu gördü. Səbəbini soruşduqda onlar Musa peyğəmbərin qurtuluşunu xatırladıqlarını bildirdilər. Bundan sonra Allah Rəsulu (s.ə.s): "Biz Musaya sizdən daha yaxınıq."
(Səhih Buxari, 2004) buyurdu və həmin gün oruc tutdu. Başqa bir hədisdə isə buyurur: "Aşura günü tutulan orucun əvvəlki ilin günahlarına kəffarə olacağını Allahdan ümid edirəm"
(Səhih Müslim, 1162)
Bu hədislərdən aydın olur ki, Aşura gününün əsas mesajı Allahın mərhəmətini, zülm üzərində haqqın qələbəsini və insanın tövbə edib mənəvi saflaşmasını xatırlamaqdır. Lakin Aşura günü eyni zamanda İslam tarixinin ən ağrılı hadisələrindən biri olan Kərbəla faciəsi ilə də bağlıdır. Hicri 61-ci ildə Peyğəmbərimizin (s.ə.s) nəvəsi imam Hüseyn (r.a), ailə üzvləri və tərəfdarları Kərbəlada şəhid edildi. Bu hadisə əsrlər keçsə də müsəlmanların qəlbində dərin iz buraxıb.
Mən hesab edirəm ki, imam Hüseyni (r.a) sevən hər bir müsəlman Kərbəla faciəsinə biganə qala bilməz. Çünki burada söhbət təkcə bir ailənin faciəsindən getmir. Burada söhbət haqqın, ədalətin, vicdanın və mənəvi mövqeyin müdafiəsindən gedir".
İlahiyyatçının sözlərinə görə, İmam Zəhəbi, İbn Kəsir, İbn Həcər əl Əsqəlani kimi böyük alimlər Kərbəla hadisəsini İslam tarixinin ən ağır faciələrindən biri kimi qiymətləndiriblər:
" Əhli Beytə sevgi bütün müsəlmanların ortaq dəyəridir. Ancaq burada çox mühüm bir məqama diqqət etmək lazımdır. İmam Hüseynin (r.a) faciəsini anmaq başqa şeydir, bu hadisəni əsas gətirərək insanın öz bədəninə əzab verməsi başqa şeydir. Təəssüf ki, bəzi yerlərdə Aşura günü zəncir vurmaq, baş yarmaq, bədənə kəsici alətlərlə xəsarət yetirmək, qan çıxarmaq kimi mərasimlər keçirilir. Halbuki nə Quranda, nə səhih hədislərdə, nə də Peyğəmbərin (s.ə.s) və səhabələrin həyatında belə davranışlara rast gəlinmir.
Əksinə, Qurani Kərim buyurur: "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın". (Bəqərə, 195)
Başqa bir ayədə buyurulur: "Özünüzü məhv etməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir". (Nisa, 29)
Peyğəmbərimiz (s.ə.s) isə buyurur: "Nə zərər vermək var, nə də zərərə zərərlə cavab vermək". (İbn Macə, 2341) Bu hədis İslam hüququnun ən böyük prinsiplərindən biri hesab edilir. İmam Nəvəvi, İbn Teymiyyə, Şatibi, İbn Qudamə kimi alimlər insanın öz bədəninə qəsdən zərər vurmasını dinin məqsədlərinə zidd hesab etmişlər. Maraqlıdır ki, müasir dövrdə bir sıra şiə alimləri də baş yarma və qan çıxarma mərasimlərinin İslamın mahiyyətinə uyğun olmadığını bildiriblər. Onlar bu cür əməllərin İslamın simasına zərər vurduğunu qeyd ediblər. Bəzi şiə alimləri də deyiblər ki, imam Hüseynin (r.a) mesajı insanın özünə xəsarət yetirməsi deyil, cəmiyyətə fayda verməsidir.
Müasir tibb də göstərir ki, insanın öz bədəninə qəsdən zərər vurması müxtəlif infeksiyalar, qanaxmalar və digər sağlamlıq problemləri yarada bilir. Psixoloqlar isə bildirirlər ki, kədərin ifadəsi özünə əzab verməklə deyil, mənəvi fəaliyyət, xeyriyyəçilik və faydalı işlərlə daha sağlam formada həyata keçirilə bilər".
Ə.Həsənovun qənaətincə, Aşura gününün ruhunu anlamaq üçün qan çıxarmağa deyil, imam Hüseynin (r.a) uğrunda şəhid olduğu dəyərlərə baxmaq lazımdır:
"O, hakimiyyət uğrunda deyil, haqq uğrunda mübarizə apardı. O, şəxsi mənafeyini deyil, vicdanını seçdi. Bu gün onun məktəbini yaşatmaq istəyiriksə, cəmiyyətdə ədaləti, dürüstlüyü, mərhəməti və mənəvi məsuliyyəti gücləndirməliyik. Aşuranın əsas dərsi budur ki, insan zülm qarşısında susmamalı, haqqı müdafiə etməli, lakin bunu edərkən Allahın insana əmanət verdiyi cana və bədənə də hörmətlə yanaşmalıdır. Çünki İslam ağrı dini deyil, hikmət, mərhəmət və şüur dinidir. Bu gün Aşura adı altında edilən bir çox ayinlərin, əsasən də sinə vurmaq, müxtəlif sözlər deyib səhərə qədər özlərini döymək, başlarını yarmaq, müxtəlif məclislərdə mərsiyələr demək, insanları artistlik edərək ağlatmaq dinimizdə yoxdur".
Fatimə Məmmədova
13:00 25.06.2026
Oxunuş sayı: 103