Baha qiymətə satılan rəsm əsərlərinin saxtakarlığı ifşa edildi
Dünyada bəzi rəsm əsərlərinin milyonlarla, hətta yüz milyonlarla dollara satılması hər dəfə böyük maraq doğurur. Məsələn, Leonardo da Vinçinin “Salvator Mundi” əsəri 2017-ci ildə hərracda 450,3 milyon dollara satılaraq indiyədək ən bahalı rəsm əsəri kimi tarixə düşüb.
Mövzu ilə bağlı rəssam Aqşin MirFeyzullazadCrossmedia.az-a bildirib ki, rəsm əsərlərinin qiymətinin formalaşmasında əsas amillərdən biri marketinqdir.
Onun sözlərinə görə, bəzən heç nədən müəyyən mövzular şişirdilir, reklam edilir, rəssam və onun əsərləri ətrafında süni maraq yaradılır: “Ən başlıca səbəb marketinqdir. Heç nədən nəyisə şişirdib reklam etmək, uydurma mövzular fikirləşmək – rəssam və rəsm əsəri haqqında. Bu, çox geniş mövzudur. Bu proses bir çox ölkələrdə illərlə həyata keçirilir və rəssamların beynəlxalq sənət bazarında tanıdılması üçün müxtəlif marketinq üsullarından istifadə olunur. Bizə hər şey bir qədər gec çatır. Halbuki onlar illərlə bunun üzərində işləyirlər. Mənə də vaxtilə təkliflər gəlib ki, hansısa işi götürək və Sotheby’s kimi auksionda satışa çıxaraq. Orada özümüz müəyyən məbləğ təklif edək, özümüz özümüzdən alaq və təbii ki, auksiona müəyyən faiz ödəyək. Daha sonra reklam yayılsın ki, Azərbaycan rəssamının əsəri hansısa auksionda 1 milyon avroya satılıb. Bundan sonra həmin rəssamın digər əsərlərinin qiyməti də dərhal qalxır”.
Onun sözlərinə görə, sərgilər və həmin sərgilərin mediada işıqlandırılması da rəssamların əsərlərinin dəyərinin formalaşmasına təsir edən amillərdəndir:
“2018-ci ildə Kandda keçirilən sərgini xatırlayıram. Belə sərgilərin, o cümlədən Fransada keçirilən tədbirlərin təsiri böyük olur. Burada da həmin əsərlərin qiymətlərini süni şəkildə artırmağa başlayırlar. Yəni bütün bunlar təsir edir. Bu prosesin üzərində böyük bir komanda çalışır: marketoloqlar, məqalə müəllifləri, sərgi təşkilatçıları və digərləri. Ən əsası isə marketinqdir. Azərbaycanda rəssamlıq əsərlərinə dəyər verilməsi məsələsində kolleksiyaçıların da rolu böyükdür. Onun sözlərinə görə, bəzən kolleksiyaçılar əsərin bədii xüsusiyyətlərini kifayət qədər bilmədən alış qərarı verirlər. Bizdə bəzi kolleksiyaçılar özlərini kolleksiyaçı adlandırırlar, amma işin özündən başları çıxmır. Eşidirlər ki, müəyyən qədər pulları var və istəyirlər ziyalı obrazı yaratsınlar: ‘Mənim kolleksiyam var’. Gəlirlər, əsəri yaxşı tanımadan kiminsə göstərdiyi işi alırlar, məsləhət verirlər. Halbuki insan özü əsərə baxıb ‘Mən bu işi bəyəndim və aldım’ deyə bilməlidir. Təəssüf ki, belə yanaşma çox azdır. Dövlətin də Azərbaycan rəssamlarının tanıdılması və onların əsərlərinin beynəlxalq sənət bazarında layiqli qiymət alması üçün prosesə daha fəal şəkildə qoşulmasına ehtiyac var. Keçmiş postsovet məkanında Azərbaycan rəssamlarının bədii imkanları, rəng seçimləri və istedad baxımından kifayət qədər yüksək səviyyədə olduğunu düşünür. Keçmiş postsovet məkanında Azərbaycan rəssamları kimi bədii tərəfdən, rəng seçimindən və istedad baxımından güclü rəssamlar çox azdır. İndi nə Gürcüstanda, nə Ermənistanda bu səviyyədə rəssamlarımız yoxdur demək istəmirəm, amma Azərbaycan rəssamlarının potensialı həqiqətən böyükdür. Ancaq gedib baxın, onlar öz rəssamlarını necə qiymətləndirirlər. Azərbaycanda tanınmış rəssamların əsərlərinin bəzən olduqca aşağı qiymətlərlə satışa çıxarılması da ciddi problemdir. Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi böyük rəssamların əsərlərinin 2 min, 3 min, hətta 1 min dollara təklif edilməsi düzgün yanaşma deyil. Bəli, daha baha qiymətlərə satılan əsərlər də var. Amma çox aşağı qiymətlərə təklif olunan işlər də mövcuddur. Hətta insanlar əsəri alarkən ‘Alım, yoxsa almayım?’ deyə düşünürlər”.
A. Feyzullayev hesab edir ki, ilk növbədə Azərbaycan cəmiyyətində milli rəssamlara və onların yaradıcılığına münasibət dəyişməlidir:
“Birincisi, millət olaraq – istər kolleksiyaçı, istərsə də dövlət olsun – özümüz özümüzə dəyər verməliyik. Biz kimik? Filan millətin nümayəndəsiyik. Mənim əlim gəlməz ki, Böyükağa Mirzəzadənin əsərinə 2 min manat verim. Bu mənim üçün ən dəyərli rəssamdırsa, 2 min deyil, onun üç qatını verərəm. Özümüz özümüzə hörmət edəndən sonra dünyada da bizə hörmət etməyə başlayacaqlar. Azərbaycan rəssamlarının beynəlxalq səviyyədə tanıdılması uzunmüddətli prosesdir və bunun üçün düzgün strategiya qurulmalıdır. Bu, çox uzun prosesdir. Düzgün istiqamət seçilsə, sözsüz ki, bizim rəssamlarımız da dünya səviyyəsində layiqli yer tuta bilərlər. Dünya səviyyəli rəssamlarımız var, amma təəssüf ki, onlar beynəlxalq arenaya lazımi səviyyədə çıxa bilmirlər”.
Zərnigar Hüseynli
20:30 15.08.2026
Oxunuş sayı: 54