Aİ və Aİİ arasında çətin seçim: Ermənistan “iki stulda oturmağa davam edəcək”
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, İrəvan hazırda öz inkişaf yolunu seçmək prosesindədir ki, bu da Moskva üçün vacibdir, çünki Rusiya və Ermənistan qardaş ölkələrdir.
“Görürük ki, Ermənistan və onun rəhbərliyi hazırda yol ayrıcındadır. Ermənistan rəhbərliyi qarşıdakı inkişaf yolunun seçimindən danışır. Bu, bizim üçün vacibdir, çünki Rusiya və Ermənistan qonşu, qardaş ölkələrdir”, - Kremlin sözçüsü qeyd edib.
Peskov Rusiyanın sonda Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid etdiyini vurğulayıb: “Rusiya ümid edir ki, Yerevan sonda Avrasiya İqtisadi İttifaqını seçəcək, çünki bu inteqrasiya prosesi Ermənistanın Aİ-yə potensial üzvlüyündən xeyli faydalıdır. Biz əminik ki, bu inteqrasiya prosesi, yəni Aİİ hər il Ermənistan ÜDM-nin artımına əhəmiyyətli dərəcədə töhfə verir. Əminik ki, bütün keyfiyyət xüsusiyyətlərinə görə inteqrasiya prosesimiz digər alternativləri xeyli üstələyir. Ümid edirik ki, ilk növbədə, Ermənistan xalqı və hazırkı Ermənistan rəhbərliyi vəziyyəti təhlil etdikdən sonra eyni nəticəyə gələcəklər”.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayev bildirib ki, Kremlin Ermənistanın Aİİ-də qalacağına dair ümidləri bir neçə obyektiv və subyektiv səbəbdən qaynaqlanır.
Onun sözlərinə görə, ilk növbədə Ermənistanın mövcud iqtisadi reallıqları bu məsələdə əsas rol oynayır:
“Ermənistan iqtisadiyyatının 70 faizindən çoxu Rusiyadan asılıdır. Ermənistandakı investisiyalar, ölkənin dəmir yolu şəbəkəsi, enerji infrastrukturu, qaz təsərrüfatı və kənd təsərrüfatının müxtəlif sahələri Rusiya ilə sıx bağlıdır və demək olar ki, ondan asılı vəziyyətdədir. Eyni zamanda, Ermənistanın iqtisadi göstəriciləri Aİİ ilə də çox sıx bağlıdır. Ölkə bu əməkdaşlıqdan ciddi mənfəət əldə edir.
Düzdür, Aİ Ermənistana müxtəlif məbləğlərdə – 10 milyon, 20 milyon və ya 30 milyon həcmində yardımlar və kreditlər ayırır. Lakin bir dövlət üçün bu vəsaitlər yetərli hesab oluna bilməz. Ermənistan iqtisadiyyatının dayanıqlı və davamlı işləmə mexanizmi bu gün də Rusiya və Aİİ ilə sıx bağlıdır. Bu, Ermənistanın bugünkü iqtisadi gerçəkliyidir”.
Siyasi şərhçi vurğulayıb ki, ikinci mühüm səbəb ölkədaxili siyasi vəziyyətlə bağlıdır:
“”Mülki Müqavilə” partiyasının sədri, baş nazir Nikol Paşinyan seçkilərdə qələbə qazanaraq hökuməti formalaşdırmaq imkanı əldə etsə də, konstitusion çoxluğa nail olmayıb. Halbuki ölkənin əsas qanunları, Konstitusiyaya dəyişikliklər və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı qərarlar konstitusion çoxluq tələb edir. Paşinyan hökumətinin bu üstünlüyə malik olmaması da mühüm amillərdən biridir”.
Ekspert həmçinin qeyd edib ki, Rusiyanın Ermənistanda siyasi təsir imkanları hələ də qalmaqdadır: “Rusiya Ermənistanda minimal niyyətinə nail olub. Belə ki, Paşinyana qarşı yeni müxalif qüvvə formalaşdırılıb. Söhbət "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyandan gedir. Bu qüvvə heç də az səs toplamayıb. Parlamentdə Paşinyanı daim təzyiq altında saxlaya biləcək müxalif qüvvələr mövcuddur və onlar ümumilikdə 42 faizə qədər səs toplayıblar. Bu isə Rusiya üçün Paşinyana qarşı mühüm təzyiq vasitələrindən biridir”.
Ş.Ağayevin sözlərinə görə, mövcud şəraitdə Paşinyanın Aİİ-yə qarşı sərt addımlar atması o qədər də real görünmür: “Paşinyan indiki dövrdə elə güclü “kozırlara” malik deyil ki, Aİİ-yə qarşı ciddi addımlar atsın və Aİ-ni seçsin. Üstəlik, bu vəziyyət müəyyən mənada Paşinyanın özünə də sərf edir. O, həm bir tərəflə, həm də digər tərəflə oynayır. Bir tərəfdən Aİİ-də təmsil olunur, digər tərəfdən isə Aİ-yə inteqrasiyanın əsas məqsəd olduğunu bəyan edir. Paşinyanın bu siyasəti də mövcud vəziyyətə təsir göstərən amillərdən biridir”.
Siyasi şərhçi hesab edir ki, Moskvanın mövqeyində geosiyasi xəbərdarlıq elementi də mühüm yer tutur: “Bu, eyni zamanda uzunmüddətli geosiyasi xəbərdarlıq xarakteri daşıyır. Rusiya Paşinyanı təzyiq altında saxlamağa çalışır ki, o, Aİ-yə doğru tam şəkildə irəliləməsin. Açığı, mən Ermənistanın yaxın dövrdə Aİ-yə qəbul ediləcəyinə inanmıram. Aİ daha çox Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün Ermənistandan vasitə kimi istifadə edir. Kimsəyə sir deyil ki, burada əsas rol ifaçısı Fransadır. Fransa xətti ilə Aİ Cənubi Qafqazda möhkəmlənməyə çalışır və bu prosesdə Paşinyandan istifadə edir. Amma düşünürəm ki, Rusiyanın özü də Ermənistanın yaxın zamanda Aİ-yə qəbul ediləcəyinə inanmır. Paşinyan da bunu anlayır. Çünki Aİ-yə üzvlük proseduru kifayət qədər mürəkkəbdir. İnteqrasiya prosesləri sürətləndirilə, viza rejimi sadələşdirilə və müəyyən maliyyə yardımları ayrıla bilər. Lakin tamhüquqlu üzvlük məsələsinin yaxın perspektivdə reallaşacağına inanmıram. Kremlin mövqeyini formalaşdıran əsas səbəblər də məhz bunlardır”.
Ayxan İbişov
12:30 25.06.2026
Oxunuş sayı: 62