Azərbaycanın Afrika açılımı: Tarixi əhəmiyyət daşıyan platforma
Azərbaycanın Afrika ölkələri ilə münasibətləri son illər yeni mərhələyə qədəm qoyub. Rəsmi Bakı müxtəlif beynəlxalq platformalarda Afrika dövlətlərinin maraqlarını dəstəkləyən mövqe nümayiş etdirib, xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə qitə ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verib. İndi isə Azərbaycan və Afrika İttifaqı arasında birgə sammitin keçirilməsi planları gündəmdədir. Bu təşəbbüs Azərbaycanın Afrikaya göstərdiyi siyasi dəstəyin yeni təzahürü sayıla bilərmi? Eyni zamanda, enerji, nəqliyyat, logistika və investisiya sahələrində yeni nəhəng layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Afrika dövlətləri arasında əməkdaşlıq imkanları nə dərəcədə realdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan–Afrika Birgə Sammitinin keçirilməsi ilə bağlı müzakirələrin gündəmə gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin artmasının növbəti göstəricisidir. Bu gün beynəlxalq münasibətlər üzrə ekspertlər, siyasətçilər, alimlər və media nümayəndələri Azərbaycanın artıq regional çərçivələri aşaraq orta güc statusuna yüksəldiyini qeyd edirlər. Belə bir şəraitdə Azərbaycan–Afrika Birgə Sammitinin keçirilməsi ideyası təsadüfi deyil. Bu, təkcə diplomatik tədbir deyil, həm də tarixi əhəmiyyət daşıyan bir platformadır. İlk dəfə olaraq Azərbaycan və Afrika ölkələri arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq əsasında yeni mərhələyə keçidindən söhbət gedir. Hesab edirəm ki, bu prosesin əsası Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qoyulub. Məhz həmin dövrdə Azərbaycanın yürütdüyü müstəqil və balanslı xarici siyasət Afrika ölkələri tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Bir çox Afrika dövlətləri Azərbaycanın beynəlxalq münasibətlərdə ədalətə, suverenliyə və dövlətlərin bərabərliyinə əsaslanan mövqeyini nümunə kimi qiymətləndirdi”.

Deputat əlavə edib ki, Azərbaycan xüsusilə müstəmləkəçilik siyasətinə qarşı prinsipial mövqeyi ilə Afrika ölkələrinin diqqətini cəlb edib: “Rəsmi Bakı müxtəlif beynəlxalq platformalarda keçmiş müstəmləkəçi dövlətlərin, o cümlədən Fransa, Belçika və digər ölkələrin tarixi və müasir dövrdəki siyasətlərini açıq şəkildə tənqid edib. Bu isə Afrika dövlətləri tərəfindən müsbət qarşılanıb və qarşılıqlı etimadın formalaşmasına töhfə verib. Bu gün Afrika qitəsi geosiyasi baxımdan dünyanın ən mühüm diqqət mərkəzlərindən birinə çevrilməkdədir. Yaşıl enerji keçidi, yüksək texnologiyalar və sənaye istehsalında istifadə olunan nadir metalların əhəmiyyəti artdıqca, Afrika ölkələrinin strateji rolu da yüksəlir. Qitənin zəngin təbii resursları dünya güclərinin maraq dairəsindədir. Digər tərəfdən, Afrika ölkələri Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu layihələri diqqətlə izləyirlər. Xüsusilə Orta Dəhliz layihəsində Azərbaycanın oynadığı mühüm rol, enerji təhlükəsizliyinə verdiyi töhfələr, Cənub Qaz Dəhlizi və TANAP kimi iri enerji layihələri ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırıb. Bu amillər Azərbaycanı Afrika dövlətləri üçün cəlbedici tərəfdaşa çevirir. Afrika liderləri hesab edirlər ki, Azərbaycanın inkişaf modeli öyrənilməyə dəyər nümunədir. Kiçik əraziyə malik olmasına baxmayaraq, Azərbaycan beynəlxalq arenada öz maraqlarını qoruya bilən, regional və qlobal proseslərə təsir göstərən orta güc dövlətinə çevrilib”.
T.Gəncəliyev bildirib ki, bu baxımdan Azərbaycan–Afrika Birgə Sammitinin keçirilməsi təkcə iki tərəf arasında əməkdaşlığın genişlənməsi deyil, həm də yeni geosiyasi tərəfdaşlıq modelinin formalaşması deməkdir: “Coğrafi məsafələrin böyük olmasına baxmayaraq, ortaq maraqlar və qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri Azərbaycanla Afrika ölkələrini daha da yaxınlaşdırır. İlk dəfə keçirilməsi planlaşdırılan Azərbaycan–Afrika Sammiti, şübhəsiz ki, yeni geosiyasi mərhələnin başlanğıcı kimi tarixə düşəcək və Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə xidmət edəcək”.
Ayhan
10:00 25.06.2026
Oxunuş sayı: 54