Azərbaycan Avropa ilə birlikdə olmalıdır – Ukraynalı deputatdan çağırış
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə növbəti qətnamənin müzakirəsi zamanı iki ukraynalı deputat – Tamila Taşeva və Oleksiy Honçarenko sənədin qəbul edilməsinə qarşı çıxıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, müzakirələr zamanı deputatlar həmkarlarını məsələyə daha obyektiv yanaşmağa çağıraraq növbəti qərəzli qətnamənin qəbul edilməsinin əleyhinə olduqlarını bildiriblər.
Tamila Taşeva çıxışında Azərbaycanın Avropa Şurasının vacib üzvlərindən biri olduğunu vurğulayıb.
“Son hadisələrin mürəkkəb kontekstini nəzərə almalıyıq. Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa edib və Ermənistanla sülhün bərqərar olunması istiqamətində addımlar atıb. Bu isə Qafqaz regionunda sabitliyə təsir göstərir”, – deyə o bildirib.
Oleksiy Honçarenko isə qətnaməyə səs verməyəcəyini açıqlayaraq bunun səbəblərini izah edib.
“Demokratiya, insan hüquqları və qanunun aliliyi mənim üçün önəmlidir. Məhz buna görə bu qətnaməni dəstəkləmirəm. Qarşımızda duran əsas sual budur: məqsədimiz nədir? Əgər məqsədimiz Azərbaycanı bu təşkilatdan uzaqlaşdırmaqdırsa, deməli doğru istiqamətdəyik. Lakin düşünürəm ki, məqsədimiz Azərbaycanı təşkilatda saxlamaq olmalıdır”, – deputat vurğulayıb.
09:41 25.06.2026
Oxunuş sayı: 54