Avropa Parlamenti miqrantlarla bağlı deportasiya qaydalarını sərtləşdirib
Avropa Parlamenti sənədsiz miqrantların deportasiyasını artırmağa yönəlmiş yeni tədbirləri təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Qərar parlament daxilində kəskin mübahisələrə səbəb olub.
Səsvermədə mərkəz-sağ və ifrat sağ partiyaların ittifaqı 418 səs lehinə, 218 səs əleyhinə olmaqla islahat paketini qəbul edib. Səsvermədən sonra sağçı deputatlar ayağa qalxaraq qərarı alqışlayıb, yumruq sıxıb və geri göndərin şüarları səsləndiriblər. Buna cavab olaraq sol və mərkəz-sol deputatlar utanın deyə etiraz ediblər.
İnsan haqları təşkilatları və BMT ekspertləri qərarı sərt tənqid edərək onu qəddar və ayrı-seçkilik xarakterli adlandırıblar. Yeni qaydalara əsasən, miqrantların 2 ilədək saxlanılması və ya xaricdə yerləşən mərkəzlərə göndərilməsi mümkün olacaq. Tənqidçilər bu mərkəzləri insan haqları boşluğu kimi xarakterizə ediblər.
İfrat sağ qüvvələr qərarı siyasi qələbə kimi qiymətləndirsələr də, əleyhdarlar bunun nifrətin artmasına və demokratik institutların zədələnməsinə səbəb olacağı barədə xəbərdarlıq ediblər. Bəzi siyasətçilər isə bu günü Avropa tarixində qara səhifə kimi dəyərləndiriblər.
01:40 24.06.2026
Oxunuş sayı: 42