Kibertəhlükəsizlikdə dönüş nöqtəsi: AI həm silah, həm qalxan olacaq
ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın kiber təhlükəsizlik qurumları yeni süni intellekt modellərinin yaxın aylarda hakerlərə sistemləri daha sürətli və genişmiqyaslı sındırmaq imkanı verə biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xəbər verir ki, “Five Eyes” alyansının açıqlamasında bildirilir ki, süni intellekt zəifliklərin aşkarlanması ilə real hücumlar arasındakı vaxtı ciddi şəkildə azaldır. Bu isə hakerlərin sistemlərdə boşluqları daha tez tapmasına, hücumları avtomatlaşdırmasına və eyni anda daha çox hədəfə yönəlməsinə şərait yarada bilər.
Qurumlar şirkətlərə proqram təminatını dərhal yeniləməyi, köhnə boşluqları bağlamağı, giriş məhdudiyyətlərini gücləndirməyi və mümkün kiberinsidentlərə əvvəlcədən hazır olmağı tövsiyə edib.
Eyni zamanda qeyd olunur ki, süni intellekt müdafiə sahəsində də istifadə oluna bilər. O, zəiflikləri daha tez aşkar etmək, şübhəli fəaliyyətləri izləmək və kiberhücumlara operativ reaksiya vermək imkanına malikdir.
01:36 24.06.2026
Oxunuş sayı: 32