Çimərliklərdə təhlükəsizlik tədbirləri necə təmin olunur? - SORĞU
Yay mövsümünün başlanması ilə çimərliklərdə insan sıxlığı artsa da, sezonun ilk günlərindən etibarən dənizdə baş verən batma halları yenidən təhlükəsizlik məsələsini gündəmə gətirib. Hər il isti havaların başlaması ilə yüzlərlə insan istirahət üçün çimərliklərə üz tutur, lakin bəzi hallarda təhlükəsizlik qaydalarına əməl olunmaması, nəzarətsiz ərazilərdə çimmək və risklərin düzgün qiymətləndirilməməsi ağır nəticələrə səbəb olur. Bu vəziyyət çimərliklərdə hansı əlavə təhlükəsizlik tədbirlərinin görülməli olduğu, xilasedici nəzarətinin necə təşkil edildiyi və Fövqəladə Hallar Nazirliyinin hansı çimərliklərdə fəaliyyət göstərəcəyi ilə bağlı sualları aktuallaşdırır. Mövcud tədbirlər kifayət edirmi və insan itkilərinin qarşısını almaq üçün hansı yeni yanaşmalara ehtiyac var?
Fövqəladə Hallar Nazirliyindən bu barədə Crossmedia.az-ın sorğusuna cavab verilib: “Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümündən öncə Xidmətin nəzarət etdiyi çimərliklərdə və IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həmin tədbirlər çərçivəsində ilkin olaraq, Xidmət tərəfindən sahilboyu ərazilərdə aidiyyəti yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsindən ibarət olub. Bundan başqa, çimərlik mövsümündən əvvəl xidmətin nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb, üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb. Eyni zamanda, çimərlik istifadəçilərinin məlumatlandırılması məqsədilə çimərlik ərazisində maarifləndirici lövhələr yerləşdirilib. Bunlardan əlavə, xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə də müsabiqə elan olunub. Xidmətin aidiyyəti şöbələri mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər”.
Bildirilib ki, xidmət əməkdaşları tərəfindən sahilboyu ərazilərdə aparılmış monitorinqlər zamanı təhlükəli çimərlik əraziləri aşkar edilib: “Xidmət tərəfindən həmin ərazilərin təhlükəli olduğunu bildirən lövhələr də yerləşdirilib.Təəssüflə qeyd edirik ki, bəzən Xidmət tərəfindən quraşdırılan bu lövhələr naməlum şəxslər tərəfindən yararsız hala salınır və ya məhv edilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır”.
Ayhan
17:50 23.06.2026
Oxunuş sayı: 53