ABŞ çalışır ki, İsrail-Livan məsələsi 14 maddəlik plana daxil edilməsin - Politoloq
Yaxın Şərqdə hərbi ritorikanın pik həddə çatdığı bir dönəmdə, Vaşinqton və Tehran beynəlxalq analitiklərin gözləmədiyi qəfil və strateji bir addımla regionun geosiyasi xəritəsini yenidən formalaşdırır. Uzun müddətdir pərdə arxasında aparılan gərgin danışıqlar, tərəflərin rəqəmsal məkanda 14 maddəlik anlaşma memorandumuna imza atması ilə rəsmən yeni bir fazaya qədəm qoyub. Cenevrədə gözlənilən böyük imzalanma mərasimi ərəfəsində sızan məlumatlar isə həm böyük bir iqtisadi nəfəsliyin, həm də Vaşinqtonun daxili elitasında ciddi bir çatın yarandığından xəbər verir.
Bu sənəd sadəcə bir atəşkəs razılaşmasıdır, yoxsa tərəflərin bir-birinə qurduğu qlobal tələ?

Məsələ ilə bağlı politoloq Sultan Zahidov Crossmedia.az-a açıqlama verib.
"Hazırda İran-ABŞ razılaşması gündəmdədir. Bilirsiniz ki, artıq ABŞ və İran rəhbərliyi arasında rəqəmsal formada 14 maddəlik anlaşma memorandumu imzalanıb. Tərəflərin bildirdiyinə görə, memorandumun rəsmi şəkildə imzalanması bu həftənin cümə günü İsveçrənin Cenevrə şəhərində, ABŞ vitse-prezidenti Cey Di Vens və Iran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın iştirakı ilə baş tutacaq. Bu imzalanma mərasimindən sonra sazişin mətni tam şəkildə bəlli olacaq və orada hansı maddələrin yer aldığı bilinəcək. Baxmayaraq ki, ziddiyyətli məqamlar da var, amma hər iki ölkə mediasının yaydığı məlumatlardan belə məlum olur ki, söhbət hər şeydən əvvəl Hörmüz körfəzinin blokadasının açılmasından gedir. Həm İran blokadanı aradan qaldıracaq, həm də ABŞ İran limanlarına olan blokadaya son qoyacaq. Eyni zamanda, atəşkəs 60 gün müddətinə uzadılacaq və bu müddət ərzində İranın nüvə proqramının texniki detalları ətrafında danışıqlar başlayacaq. ABŞ tərəfi deyir ki, İran, ümumiyyətlə, nüvə proqramından imtina edir və nüvə silahı əldə etməyəcəyinə dair vəd verir. Bu isə artıq danışıqlarda ciddi bir nailiyyətin əldə olunduğu anlamına gəlir. Bununla belə, İranın fərqli və ziddiyyətli fikirləri var. Onlar bildirirlər ki, ABŞ İranın rekonstruksiyası üçün həm 300 milyard dollarlıq maliyyə yardımı verəcək, həm də sanksiyalar aradan qaldırılacaq. Halbuki ABŞ bildirir ki, sanksiyaların aradan qaldırılması və 300 milyard dollarlıq rekonstruksiya məsələsi yalnız və yalnız İranın nüvə şərtlərini yerinə yetirməsindən asılıdır".
O, Livan məsələsinin də gündəlikdə olduğunu xatrırladıb: " İran qətiyyətlə İsrailin Livandakı əməliyyatlarını dayandırmasını tələb edir. Amma İsrail bu tələbə qarşı çıxır. İsrail baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasında öz mövcudluğunu davam etdirəcək. Bu isə o deməkdir ki, İsrail yaxın vaxtlarda Livandan çıxmağı planlaşdırmır. Halbuki ABŞ -dən İsrailə təzyiqlər var. Fikrimcə, ABŞ bu baxımdan çalışır ki, İsrail-Livan məsələsi 14 maddəlik plana daxil edilməsin.
Bu baxımdan, Vaşinqtonda bu sazişi özləri üçün məğlubiyyət adlandıranlar da var. Çünki hər şeydən əvvəl, İranın tam şəkildə nüvəsizləşdirilməsinin baş verib-verməyəcəyi qeyri-müəyyəndir. Bəzi mənbələrə görə, İran uran ehtiyatlarını tunellərdə gizlədib və oraya girişi partladaraq tamamilə qeyri-mümkün edib ki, bu da monitorinq komissiyasının İrana daxil olub yoxlama aparmasını əngəlləyəcək. Digər tərəfdən, İranın gələcəkdə öz ballistik raket potensialını bərpa etmək imkanları var və onun proksilərinə yardım edib-etməyəcəyini də kimsə dəqiq bilə bilməz. Buna kimsə zəmanət verə bilməz. Ona görə də indiki şəraitdə bu anlaşma memorandumunu ABŞ üçün bir məğlubiyyət kimi qələmə verənlər az deyil. Hətta ABŞ-nin öz daxilində, ölkə rəhbərliyində də bununla bağlı narazılıqların olduğu deyilir. Məlumata görə, dövlət katibi Marko Rubio, Müharibə naziri )Pentaqon rəhbəri) Pit Heqset və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Ratkliff bu sazişə qarşıdırlar. Onlar düşünürlər ki, İran öz vədlərinə əməl etməyəcək. Ona görə də saziş ətrafında spekulyasiyalar var. Çünki sazişin maddələri hələ dəqiq bilinmir və qeyri-müəyyənlik davam edir. Düşünürəm ki, saziş tam olaraq dəqiqləşdikdən və rəsmi şəkildə bəyan edildikdən sonra, biz bu sazişin həm ABŞ, həm də İran üçün nə vəd edəcəyini dəqiqliklə deyə bilərik".
Müsahibimizin sözlərinə görə, başqa bir fərziyyə isə ondan ibarətdir ki, bu sənəd sadəcə bir anlaşma memorandumudur və əsas məqsəd yaxın zamanda yekun saziş əldə etmək deyil: "Çünki hazırda saziş əldə etmək müşkül məsələdir və tərəflər arasında ciddi mövqe fərqi var. Əsas məqsəd atəşkəsin müddətini 2 ay daxilində uzatmaqdır ki, bunun nəticəsində həm İran nəfəs almış olur, həm də ABŞ iqtisadi təzyiqlərdən yaxasını qurtarır. Belə ki, neft qiymətlərində azalma olacaq, eyni zamanda birjalarda səhmlərin qiymətində artım baş verəcək. Bu da ABŞ iqtisadiyyatına müsbət mənada təsir göstərəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, hazırda ABŞ-də futbol Dünya Çempionatı keçirilir. Çempionat iyunun sonlarına qədər davam edəcək. Deməli, indiki halda ABŞ-yə müvəqqəti atəşkəs gərəkdir. Bu fərziyyəyə görə, anlaşmanın, ümumiyyətlə, gizli mahiyyəti hazırkı qarşıdurmanı müəyyən müddətlik deeskalasiya vəziyyətində saxlamaqdır".
Turqut Ansari
10:33 17.06.2026
Oxunuş sayı: 58