Yəməndə müharibə yenidən alovlanır: Səna uğrunda döyüş, Bab əl-Məndəb təhlükəsi və regional eskalasiya
Yəməndə 2022-ci ildən sonra yaranmış nisbi sakitliyin artıq faktiki olaraq başa çatdığını söyləmək mümkündür. Son həftələrdə baş verən hadisələr göstərir ki, söhbət ayrı-ayrı raket və dron hücumlarından deyil, münaqişənin yeni və daha genişmiqyaslı hərbi mərhələyə keçməsindən gedir. Bu barədə zaman-zaman xəbərdarlıqlar da olurdu. Məsələn, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq avqust ayında bildirmişdi ki, ölkə 2022-ci ilin aprelində əldə edilmiş atəşkəsdən sonra istənilən vaxtla müqayisədə genişmiqyaslı müharibəyə qayıtmaq baxımından ən yüksək risklə üz-üzədir.
Bu xəbərdarlıq artıq nəzəri ehtimal deyil. Sentyabrın ilk günlərindən etibarən Mərib, Taiz, Hodeyda, Əl-Cəvf və Qırmızı dənizin qərb sahillərində döyüşlər kəskinləşib. Hökumət qüvvələrinin əks-hücumlarına cavab olaraq husilər genişmiqyaslı hücuma keçib və sentyabrın 10-da strateji Əl-Muxa limanını ələ keçiriblər. Bu hadisə Yəmən müharibəsinin hərbi coğrafiyasını ciddi şəkildə dəyişdirən mühüm dönüş nöqtəsidir.
Məsələnin ən təhlükəli tərəfi isə odur ki, husilərin hərbi fəallığı artıq yalnız Yəmənin daxili əraziləri ilə məhdudlaşmır...
Məribdən Bab əl-Məndəbə qədər genişlənən cəbhə
Mərib Yəmənin sadəcə coğrafi baxımdan mühüm bölgəsi deyil. O, ölkənin enerji resursları, qaz və neft infrastrukturu, həmçinin hökumətin nəzarət etdiyi ərazilərin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən Mərib istiqamətində döyüşlərin intensivləşməsi Yəməndəki qüvvələr balansına birbaşa təsir göstərə bilər.
Lakin hazırkı eskalasiyada daha ciddi strateji dəyişiklik Qırmızı dəniz istiqamətində baş verir. Husilərin Taiz və Hodeyda istiqamətində irəliləməsi, daha sonra Əl-Muxanı ələ keçirməsi onları Bab əl-Məndəb boğazına daha yaxın mövqeyə gətirib. Sentyabrın 12-də Mayun adasının — Bab əl-Məndəbin girişində yerləşən strateji ərazinin — husilərin nəzarətinə keçməsi barədə məlumatların təsdiqlənməsi isə vəziyyəti daha da ağırlaşdırıb. Bu ada Qırmızı dənizə daxil olan və oradan çıxan dəniz nəqliyyatına nəzarət baxımından olduqca əlverişli mövqeyə malikdir.
Bu səbəbdən Yəmən müharibəsi artıq yalnız Səna uğrunda hakimiyyət mübarizəsi kimi qiymətləndirilə bilməz. Qarşıdurmanın yeni mərhələsi eyni zamanda Bab əl-Məndəb, Qırmızı dəniz və qlobal enerji-ticarət marşrutları uğrunda mübarizəyə çevrilir.
Səudiyyə Ərəbistanı niyə yenidən birbaşa hədəfə çevrilir?
Münaqişənin regional xarakter almasının ən mühüm göstəricilərindən biri husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları bərpa etməsidir.
Sentyabrın 8-də husilər Səudiyyənin cənubundakı enerji obyektlərinə və hərbi infrastruktura raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçiriblər. Səudiyyə hakimiyyətinin açıqlamasına görə, hücumlar nəticəsində 73 nəfər yaralanıb, bəzi enerji obyektlərinin fəaliyyəti pozulub. Hücumların hədəfləri arasında “Saudi Aramco” obyektləri və Khamis Mushait ətrafındakı hərbi infrastrukturlar da olub.
Bu, Riyad üçün artıq sadəcə Yəmən daxilindəki hərbi qarşıdurma məsələsi deyil. Səudiyyənin enerji infrastrukturu, şəhərləri və nəqliyyat sistemləri birbaşa təhlükə altına düşdükdə, Ər-Riyadın daha sərt hərbi cavab verməsi qaçılmaz xarakter alır.
Nəticədə klassik eskalasiya spiralı yaranır: husilər Səudiyyə ərazisinə hücum edir, Səudiyyə Yəməndəki Husi mövqelərinə zərbələr endirir, bunun ardınca husilər daha geniş raket və dron hücumları həyata keçirir. Belə bir proses nəzarətdən çıxdıqda, 2022-ci ildən sonra əldə edilmiş nisbi sakitliyin tamamilə dağılması mümkündür.
Səna məsələsi: hədəf realdır, amma qələbə asan olmayacaq
Yəmən hökuməti və Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin əsas strateji məqsədlərindən birinin husilərin nəzarətində olan əraziləri geri qaytarmaq və nəticə etibarilə Sənaya təzyiq göstərmək olduğu artıq açıq görünür. Son döyüşlərdə hökumət qüvvələrinin Əl-Cəvf, Taiz və Hodeyda istiqamətlərində əks-hücumlara keçməsi də bu strategiyanın elementləridir.
Lakin burada ciddi reallıq nəzərə alınmalıdır: Sənanın hərbi yolla alınması ilə husilərin məğlub edilməsi eyni şey deyil.
Husilər uzun illər ərzində dağlıq ərazilərdə müdafiə və hücum imkanları formalaşdırıblar. Onların raket və dron arsenalı, kəşfiyyat imkanları, yerli şəbəkələri və döyüş təcrübəsi kifayət qədər genişdir. Buna görə də hətta hökumət qüvvələri Sənaya yaxınlaşa və müəyyən əraziləri geri ala bilsələr belə, husilərin tamamilə sıradan çıxarılması çox çətin görünür.
Əksinə, Səna uğrunda genişmiqyaslı əməliyyat başlanacağı təqdirdə, müharibənin klassik “ərazi ələ keçirmək–ərazi itirmək” modelindən çıxaraq uzunmüddətli partizan müharibəsinə çevrilməsi mümkündür.
Bu baxımdan Riyadın əsas məqsədinin yalnız Sənanı ələ keçirməkdən ibarət olduğunu düşünmək düzgün olmaz. Daha real strategiya husilərin hərbi imkanlarını zəiflətmək, onların Səudiyyə Ərəbistanına və beynəlxalq gəmiçiliyə zərbə vurmaq imkanlarını məhdudlaşdırmaq və daha sonra onları siyasi danışıqlarda əlverişsiz mövqeyə salmaqdır.
Lakin burada Səudiyyə Ərəbistanının qarşısında ciddi problem var. Yəməndə husilərə qarşı çıxan qüvvələr vahid siyasi və hərbi strukturdan ibarət deyil. Prezident Liderlik Şurası daxilində müxtəlif siyasi və hərbi qrupların maraqları mövcuddur.
Bu qüvvələr arasında koordinasiya təmin edilməsə, hərbi üstünlüyün əldə olunması çox çətin olacaq. Əksinə, vahid komandanlıq, kəşfiyyat koordinasiyası və logistika sistemi yaradılsa, husilərin indiki üstünlüyünün müəyyən qədər zəiflədilməsi mümkündür.
Hazırkı hadisələr isə göstərir ki, bu məsələ hələ tam həll olunmayıb. Əl-Muxanın itirilməsi hökumət qüvvələri arasında koordinasiya probleminin ciddi olduğunu göstərən nümunələrdən biri kimi qiymətləndirilə bilər. Yerli məlumatlara görə, hökumətə bağlı qüvvələr şəhərdən geri çəkilərək yenidən qruplaşmağa başlayıblar.
İran amili münaqişəni daha da mürəkkəbləşdirir
Yəməndəki qarşıdurmanın digər mühüm ölçüsü İran faktorudur.
Tehran husilərə siyasi və hərbi dəstək verməkdə ittiham olunur və hazırkı eskalasiyanın fonunda bu dəstəyin artması ehtimalı realdır. İranın birbaşa genişmiqyaslı müdaxiləsi başqa məsələdir, lakin husilərin raket, dron, kəşfiyyat və texniki imkanlarının gücləndirilməsi belə müharibənin xarakterini dəyişə bilər.
Burada maraqlı məqam ondan ibarətdir ki, İran üçün husilərin əsas üstünlüyü yalnız Yəmən ərazisində müəyyən mövqelərə nəzarət etmələri deyil. Husilər İranın regiondakı daha geniş strateji imkanlarının bir hissəsi kimi Qırmızı dəniz və Bab əl-Məndəb istiqamətində təzyiq vasitəsinə çevrilə bilirlər.
Bu səbəbdən Yəməndəki müharibə İran–Səudiyyə qarşıdurmasının dolayı cəbhəsinə, daha geniş mənada isə İran–ABŞ qarşıdurmasının regional komponentinə çevrilmək təhlükəsi daşıyır.
Bu baxımdan, hazırkı mərhələdə Yəmən böhranının ən mühüm aspekti məhz Bab əl-Məndəb məsələsidir.
Bu boğaz Asiya, Yaxın Şərq və Avropa arasındakı dəniz ticarətinin əsas keçidlərindən biridir. Onun təhlükəsizliyinin pozulması təkcə Yəmənin qonşularına deyil, dünya iqtisadiyyatına təsir göstərə bilər.
Husilərin Əl-Muxa və Mayun istiqamətində əldə etdiyi üstünlüklər bu baxımdan təsadüfi hərbi uğur kimi qiymətləndirilməməlidir. Əgər onlar Qırmızı dənizin cənub girişinə nəzarət imkanlarını möhkəmləndirsələr, beynəlxalq gəmiçilik üçün təhlükə daha da artacaq. Hazırda dünya enerji bazarında onsuz da ciddi gərginlik olduğu bir vaxtda belə ssenari neft qiymətlərinə, sığorta xərclərinə, gəmiçilik marşrutlarına və təchizat zəncirlərinə əlavə təzyiq yarada bilər.
Başqa sözlə, Yəməndəki müharibə artıq regional təhlükəsizlik məsələsindən qlobal iqtisadi təhlükəsizlik məsələsinə çevrilmək üzrədir.
Ən böyük zərbəni isə yenə Yəmən əhalisi alacaq…
2022-ci ildən sonrakı nisbi sakitlik ölkədə humanitar böhranın aradan qalxması demək deyildi. Sadəcə, genişmiqyaslı hərbi əməliyyatların azalması humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını müəyyən qədər almışdı.
İndi isə yeni döyüşlərin genişlənməsi ilə məcburi köçkünlərin sayının artması, ərzaq və yanacaq təchizatının pozulması, səhiyyə sisteminin daha da zəifləməsi və humanitar yardımların çatdırılmasının çətinləşməsi riski yüksəlib. BMT son günlərdə döyüşlərin bir neçə vilayətə yayıldığını və minlərlə ailənin yeni köç dalğasına məruz qaldığını bildirir.
Bu baxımdan Məribdə məcburi köçkünlərin düşərgəsinin ballistik raketlə vurulması xüsusi narahatlıq doğurur. Münaqişənin yaşayış məntəqələrinə və mülki infrastruktura daha çox keçməsi müharibənin humanitar qiymətini kəskin şəkildə artıracaq.
Qarşıdakı dövr üçün üç əsas ssenari
Hazırkı vəziyyətə əsasən, Yəmən üçün üç əsas ssenarini nəzərdən keçirmək mümkündür.
Birinci və ən təhlükəli ssenari — tammiqyaslı müharibəyə qayıdışdır. Bu halda Səudiyyə Ərəbistanının hava əməliyyatları genişlənir, hökumət qüvvələri qurudan hücumu artırır, husilər isə Səudiyyə ərazisinə və Qırmızı dənizdəki gəmilərə hücumları intensivləşdirirlər. Bu ssenaridə Yəmən 2015–2022-ci illər dövrünə bənzər, lakin daha geniş regional nəticələri olan müharibəyə qayıda bilər.
İkinci ssenari — uzunmüddətli, lakin məhdudlaşdırılmış müharibədir. Məncə, hazırkı mərhələdə ən real variant məhz budur. Tərəflər müəyyən ərazilərdə üstünlük qazanacaq, lakin heç biri digərini tam məğlub edə bilməyəcək. Nəticədə Yəmən uzun müddət davam edən, müxtəlif intensivlikli qarşıdurma zonasına çevriləcək.
Üçüncü ssenari — hərbi təzyiq fonunda yeni siyasi danışıqların başlanmasıdır. Bu, ən arzuolunan variantdır, lakin hazırda tərəflərin mövqelərinin sərtləşməsi səbəbindən ən çətin ssenaridir. Buna baxmayaraq, hərbi balans tərəflərdən birinin qəti qələbə qazana bilməyəcəyini göstərərsə, beynəlxalq vasitəçilik üçün yenidən imkan yarana bilər.
Yəməndə baş verənləri sadəcə “Husilərlə hökumət qüvvələri arasında yeni döyüşlər” kimi qiymətləndirmək artıq kifayət etmir. Hazırkı proses Yəmən müharibəsinin ikinci böyük mərhələsinin formalaşması kimi görünür.
Münaqişənin təhlükəli tərəfi ondan ibarətdir ki, bir neçə cəbhə eyni vaxtda hərəkətə gəlib: Mərib və Əl-Cəvf istiqamətində daxili quru cəbhəsi, Taiz və Hodeyda istiqamətində qərb cəbhəsi, Səudiyyə Ərəbistanına qarşı raket-dron müharibəsi və Bab əl-Məndəb ətrafında strateji mübarizə.
Üstəlik, bu hadisələr Yaxın Şərqdə onsuz da yüksək olan regional gərginliyin fonunda baş verir. Buna görə Yəməndə yeni müharibənin əvvəlki münaqişədən əsas fərqi onun daha sürətlə regional və beynəlxalq təhlükəsizlik böhranına çevrilə bilməsidir.
13:13 14.09.2026
Oxunuş sayı: 777
Vüqar Zifəroğlu
Cross Media Təhlil Mərkəzinin analitiki, Yaxın Şərq məsələləri üzrə ekspert