TDT Baş katibi: Türk xalqları arasında birlik daha da güclənəcək
Türk Dövlətləri Təşkilatı türk xalqları arasında birliyi, həmrəyliyi və əməkdaşlığı gücləndirməyi, həmçinin ortaq tariximiz və dəyərlərimiz əsasında ümumi gələcək qurmağı qarşıya məqsəd qoyur.
Crossmedia.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib.
O bildirib ki, bu gün təşkilat xarici siyasət və iqtisadiyyatdan tutmuş turizm, təhsil, kosmos, gömrük və dini məsələlərə qədər 60-dan çox sahəni və əməkdaşlıq mexanizmini əhatə edən geniş platformaya çevrilib.
“Bu sahələr arasında dini məsələlər xüsusi və strateji əhəmiyyət daşıyır. Çünki din yalnız əməkdaşlığın istiqamətlərindən biri deyil. Eyni zamanda, cəmiyyətlərimizin əxlaqi əsasları, sosial birliyi, mədəni xüsusiyyətləri və mənəvi irsi ilə sıx bağlıdır.
Bu baxımdan dini qurumlarımız arasında əməkdaşlığın inkişaf etdirilməsi, sadəcə, formal xarakter daşımır, həm də praktiki zərurətdir”, - deyə Baş katib əlavə edib. (AZƏRTAC)
11:29 14.09.2026
Oxunuş sayı: 47